Müsahibədə Prezident ölkəmizin İKT sektorunun inkişafında böyük nailiyyətlərə imza atmasından danışıb. İlham Əliyev qeyd edib ki, İnformasiya-kommunikasiya texnologiyaları sürətlə inkişaf edən və böyük perspektivi olan sahədir:
"Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin üstün cəhəti ondan ibarətdir ki, bütün tədbirlər ölkənin real potensialı, dünya iqtisadiyyatının inkişaf meylləri nəzərə alınmaqla və konkret proqramlar əsasında reallaşdırılır. Təcrübə göstərir ki, rəqabətədavamlı iqtisadiyyatın formalaşdırılması üçün müasir texnologiyaların tətbiqi başlıca şərtlərdən biridir. Buna görə də ölkəmizdə təkcə iqtisadi deyil, bütün digər sahələrdə də innovasiyalardan geniş istifadə olunur.
İnformasiya-kommunikasiya texnologiyaları sürətlə inkişaf edən və böyük perspektivi olan sahədir. 2003-cü ildə İKT üzrə Milli Strategiyanın, sonrakı illərdə isə “Elektron Azərbaycan Dövlət Proqramı”nın qəbul edilməsi və icrası bu sahənin inkişafına güclü təkan vermişdir. Müstəqillik illərində Azərbaycanda İKT-nin inkişafına bütövlükdə 3 milyard dollardan artıq sərmayə yatırılmışdır. Bunun nəticəsidir ki, son 10 ildə informasiya və rabitə sahəsinin inkişafı 8,2 dəfə artmışdır. 2013-cü ildə Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə çıxarılması, kosmik sənayenin əsasının qoyulması ölkəmiz üçün tarixi əhəmiyyət kəsb edən hadisə olmuşdur. Növbəti illərdə daha iki peykin orbitə çıxarılması üçün müvafiq tədbirlər görülür.
Bununla yanaşı, Azərbaycanda son illərdə internet sürətlə inkişaf edir. Ümumdünya Telekommunikasiya Təşkilatının hesabatına əsasən, bu gün ölkə əhalisinin 70 faizi internet istifadəçisidir. Artıq respublikanın hər bir şəhərinə genişzolaqlı internetin çəkilişi başlanmışdır.
Bir faktı da qeyd etməliyəm ki, biz təkcə dünyadakı mövcud innovasiyaları tətbiq etməklə kifayətlənmirik, həm də bir sıra yeniliklərin təşəbbüskarı kimi çıxış edirik. Bu mənada Azərbaycanın “brendi” hesab oluna biləcək Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyini və onun tabeliyində yaradılan “ASAN xidmət” mərkəzlərini xüsusi qeyd etmək istəyirəm. “ASAN xidmət”in fəaliyyət sferasına dövlət orqanları əməkdaşlarının fəaliyyətinin əlaqələndirilməsi, nəzarət və qiymətləndirmənin aparılması, dövlət qurumlarının informasiya bazalarının qarşılıqlı inteqrasiyası, elektron xidmətlərin təşkili prosesinin sürətləndirilməsi və bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsi daxildir. Bu xidmət dövlət-vətəndaş münasibətlərinə yeni yanaşmanın mütərəqqi modelidir və hazırda 25 növ hüquqi xidmət həyata keçirir. Təsadüfi deyil ki, cəmi bir il ərzində xidmətə bir milyondan çox müraciət olmuşdur. Ona görə də biz qarşıdakı dövrdə “ASAN xidmət”in funksiyalarını daha da genişləndirməyi nəzərdə tuturuq.
Azərbaycanın gələcək inkişafında yüksək texnologiyaların roluna gəldikdə, qeyd etmək istərdim ki, hazırda iqtisadiyyatın dinamik inkişafının təmin edilməsi və rəqabət qabiliyyətinin artırılması üçün müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan İKT sahələrinin genişləndirilməsi, tətbiqi elmi tədqiqatların aparılması, bu sektora yerli və xarici investisiyaların cəlb edilməsi, müvafiq kadr bazasının yaradılması və digər istiqamətlər üzrə tədbirlər həyata keçirilir. Qarşıda duran vəzifələri səmərəli şəkildə həll etmək məqsədi ilə Yüksək Texnologiyalar Parkı və İnformasiya Texnologiyalarının İnkişafı Fondu təsis edilmişdir. İnnovasiyalara, yüksək texnologiyalara əsaslanan güclü iqtisadiyyatın formalaşdırılması bizim əsas hədəflərimizdən biridir və bu məqsədə doğru ardıcıl şəkildə irəliləyirik".
İKT üzrə ekspert Cahid İsmayıloğlu AZXEBER.COM-a açıqlamasında İnformasiya-kommunikasiya texnologiyaları sahəsində uğurlardan danışıb. O deyib ki, milli peykimizin orbitə buraxılması böyük tarixi əhəmiyyətə malik hadisədir:
"2013-cü il ölkə başçısının sərəncamı ilə “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilib. Bu ərəfədə təşkilati tədbirlər, normativ hüquqi baza və idarəetmənin təkmilləşdirilməsi, İKT potensialının gücləndirilməsi, informasiya cəmiyyəti və insan potensialının inkişafı sahəsində xeyli tədbirlər, layihələr həyata keçirilib.
“İnformasiya cəmiyyəti və insan potensialının inkişafı” sahəsində həyata keçiriləcək layihələr yalnız ötən il üçün deyil, ümumilikdə gələcək perspektiv üçün də öz aktuallığını qoruyub saxlayır. İKT-nin geniş imkanlarından yararlanaraq informasiya cəmiyyətinin formalaşması, insan potensialının inkişafı, konkret olaraq İKT-nin cəmiyyətin hər bir sahəsinə tətbiqi hər zaman diqqət mərkəzində olmalıdır.
İstər elektron hökümətin formalaşması, istərsə də “Asan Xidmət”in əhatə dairəsinin genişlənməsi İKT ilində həyata keçirilmiş tədbirlər nəticəsində reallaşıb. Ölkəmiz üçün əlamətdar bir hadisə – milli peykimizin orbitə buraxılması da məhz ötən il reallaşıb və böyük tarixi əhəmiyyətə malikdir. Prezident İlham Əliyevin müsahibəsində bu məqamlara toxunması bir daha onu göstərdi ki, dövlətimiz İKT-nin inkişafında maraqlıdır”.AZXEBER.COM