Bu qız Bakı metrosuna ömrünün sonuna kimi pulsuz girəcək - FOTO - MÜSAHİBƏ

Bu qız Bakı metrosuna ömrünün sonuna kimi pulsuz girəcək - FOTO - MÜSAHİBƏ
Bütün Xəbərlər
13:48 19.11.2012
8227
Metroda ömürlük pulsuz gəzmək. Bu hüquq Bakı Metropoliteninin işçilərinə, bir də paytaxt sakini Ləman Hüseynliyə məxsusdur. Bakı Dövlət Universitetinin ikinci kurs tələbəsi Ləman təsadüfən “ömürlük metro kartı”nı qazanıb. Hər şey noyabrın 8-də Bakı Metropoliteninin yaradılmasının 45-ci ildönümündə baş verib. Ləman metrodan istifadə edən yubiley sayında sərnişin olub.
– Necə oldu ki, 5 milyard 500 milyonuncu sərnişin seçildin?
– Həmin gün səhər ”Elmlər Akademiyası” metro stansiyasının giriş qapısından içəri girəndə oradakı polislər mənə yaxınlaşdılar. Əvvəlcə qorxdum, bilmədim niyə görə saxladılar, fikirləşdim, görəsən, nə məsələdir. Amma sonra gördüm ki, mühafizəçilər gülür, hamı məni təbrik edir, dedilər ki, hədiyyə qazanmısan. Amma yenə heç nə anlamadım. Məni metronun girişinə çağırdılar.
Metropoliten rəhbəri Tağı Əhmədov gəldi. Bilirdim ki, həmin günlər metro işçilərinin bayramıdır. Tağı Əhmədovla qısa söhbət baş tutdu. Mənə elan etdi ki, metrodan istifadə edən 5 milyard 500 milyonuncu insanam. Ona görə də məni təbrik etdilər, gül dəstəsi verdilər. Sonra da təntənəli şəkildə kartı təqdim etdilər.
– Bu kartın üstünlüyü nədir? Adi metro keçiş kartlarından fərqi varmı?
– Xarici görünüşünə görə yox. Sadəcə arxasında metropolitenin yaranma tarixi və 2012-ci il tarixi göstərilib. Maraqlısı odur ki, karta keçiş yükləmək olmur. Ancaq turniketə yaxınlaşdıranda, yaşıl işıq yanır. Amma sizə deyim ki, eşidib-bilən hər kəs çox təəccüblə qarşılayır. İllərdir metrodan istifadə edən tanışlarım var, heç onlar da belə şeylə rastlaşmayıblar.
– Yəqin indi qrup yoldaşların, tanışlar sənin kartından istifadə edir?
– Yox, elə görüşdə Tağı Əhmədov mənə dedi ki, istəsən də, bütün universiteti özünlə keçirə bilməyəcəksən. Çünki kartla bir-birinin ardınca keçmək mümkün deyil. Bir dəfə işlədəndən sonra yalnız 5 dəqiqə keçəndən sonra yenidən istifadə etmək olur. Yəni, kartla kimsə turniketdən keçdisə, ikinci adam 5 dəqiqə sonra keçə bilər. Metroda kimdir durub səni 5 dəqiqə gözləyən? Ona görə başqalarına kömək edə bilmirəm, ancaq özüm keçirəm.
– Ümumiyyətlə, gündəlik olaraq metrodan istifadə edən adamsan?
– Mən qiyabi oxuyuram, ildə iki dəfə sessiyamız olur, həmin vaxtlar daim “Elmlər Akademiyası” metrosundan keçirəm. Adi vaxtlarda işə gedirəm, Mərkəzi Klinik Xəstəxananın xəstə qəbul şöbəsində İKT sektorunda işləyirəm. İxtisasım kompüter proqramları ilə əlaqədar olduğundan, işimdə də bu sahəni xüsusi olaraq öyrənirəm. Sessiya dövründə icazə verirlər, dərslərə gəlirəm. Demək olar ki, daimi olaraq həmişə “Azadlıq”-“Elmlər Akademiyası” stansiyalarından istifadə edirəm.
Baku Post
OXŞAR XƏBƏRLƏR