“Bu qızı hələ respublikada əməlli-başlı tanımırlar” – MÜSAHİBƏ

GƏNCLİK
12:53 26.09.2011
2955

Ucar rayonunun İcra Başçısının təhsil, səhiyyə, mədəniyyət işləri üzrə müavini Nadir Mirzəliyevin AZXEBER.COM-a müsahibəsi

- Bildiyiniz kimi Milli Qəhrəman Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunan Vətənpərvərlik mövzusunda gənclərin 1-ci Ümumrespublika Teatr Festivalı çərçivəsində Ucar rayonuda iştirak edəcək. Sizcə, Ucar rayonu festivalda layiqincə təmsil olunacaqmı?

Onu deyim ki, bizim rayonun festivalda iştirak etməsi bizi qürurlandırır. Mən hesab edirəm ki, Ucar rayonunun mədəniyyət sahəsində ənənələri var. Bir çox teatr işini bilən mütəxəssislərimizin və gənclərimizin də teatr sahəsinə çox böyük marağının olduğunu nəzərə alsaq, hesab edirəm ki, biz festivalda layiqincə təmsil olunacağıq.

-Yaradıcı gənclərin Ucarda özfəaliyyət qrupu varmı?

Ümumiyyətlə, bizdə gənclərin özfəaliyyət işinin təşkili, onların dünyagörüşünün formalaşdırılması bir neçə istiqamətdə davam etdirilir. Bu həm mədəni-maarif sahəsində göstərdiyimiz köməkliklə, həm də məktəblər xətti ilə həyata keçirilir. Biz bu sahədə gənclərlə hərtərəfli işlər qura bilirik və qururuq. Bizdə həm bədii özfəaliyyət sahəsində, həm də digər sahələrdə yaradıcı gənclər var. Təkcə idman sahəsini götürsək, bizim rayonda iki il ard-arda öz yaşıdları arasında dünya çempionu olan qız var. Halbuki bu qızı hələ respublikada əməlli-başlı tanımırlar. Digər sahələrdə də var. Biz hər il məktəblərdə hərbi vətənpərlik sahəsində idman oyunları keçiririk. Keçən il bizim rayonumuz kənd rayonları arasında respublika birincisi oldu. Bizim məktəblər həmişə belə yarışlarda iştirak edir və birincilik əldə etməyə çalışır. - Ucar rayonunda neçə Milli Qəhrəman var? Bizim rayonda bir Milli Qəhrəman var və o hal-hazırda yaşayır. Bakı şəhərində işləyir. -Rayondan Bakıya aktyorluq, rejissorluq və digər sahələr üzrə təhsil almağa gələn gənclər sonra Ucara qayıdırlar, ya çoxluqla Bakıda qalırlar? Hər iki hal baş verir. Bəzi kəndlərdən gedən gənclər var ki, onlar daha böyük teatrlarda, daha böyük kollektivdə işləmək istəyirlər və paytaxtda qalmağı seçirlər. Bu təbiidir, biz belələrini qınamırıq. Lakin rayonumuza gələn gənclər də var. Son iki ildə ADMİU-nu bitirən iki gənc rayona qayıdıb və biz onları Mədəniyyət evində işlə təmin etmişik. - İcra hakimiyyəti gənclərin qayıdıb burada mədəniyyət sahəsində çalışmasını təmin etmək üçün hansı işlərlə məşğuldur?

Ümumiyyətlə, biz hələ məktəbdə oxuyarkən gənclərlə görüşəndə onlara rayon üçün lazım olan ixtisaslara yiyələnməyi tövsiyə edirik. İxtisaslı mədəniyyət işçilərinə çox böyük ehtiyacımız var. Çünki bizim rayonda 47 kitabxana, 18 Mədəniyyət Evi, 8 klub var. Lakin rayon mədəniyyət evini çıxmaqla, kənd mədəniyyət evlərində ixtisaslı kadrlarımız olduqca azdır. Ona görə də ADMİU-da təhsil alan gənclərimizin rayona qayıtması bizə hava-su kimi lazımdır. Onların işlə təmin olunmasına kömək edirik, tədricən ixtisaslı kadrlar ixtisassız kadrları əvəz edirlər. - Sizcə Ucar rayonu bu festivalda yer tuta biləcək? Bizim öz ənənələrimiz var. Mən gənclərimizin potensialına da, seçilən ssenariyə də bələdəm və inanıram ki, bu festivalda da öz sözümüzü deyə biləcəyik. Əfsələddin Ağalarov

OXŞAR XƏBƏRLƏR