'Bu seriala ilk növbədə mənim yoldaşım, anam baxır' - Elməddin Cəfərov

Bütün Xəbərlər
16:52 14.10.2015
3232
ATV-də yayımlanan “Qayınanamız” teleserilanın yayımının dayandırlmasının ardınca “Qız atası” serialının yaradıcı heyətinə şifahi xəbərdarlıq edilib.
Milli Televizya və Radio Şurasının (MTRŞ) şöbə müdir Təvəkkül Dadaşovun mətbuata verdiyi açıqlamaya görə, adı çəkilən serialda Azərbaycan ailəsinə xas olmayan söhbətlər baş verir, xalqın adət-ənənəsinə yad olan ailə obrazı yaradılır ki, iradlar da bu istiqamətdə olub. Qurum rəsmisi ATV-nin proqram direktorunun bu məsələni öz nəzarətlərinə götürdüyünü, serialın baş prodüseri, aktyor Elməddin Cəfərovun Şura tərəfindən edilən iradları qəbul etdiyini deyib.
Şöbə müdirinin sözlərinə görə, “Qız atası” serialında “Qaynanamız” serialında olduğu kimi qeyri-etik mövzu və söhbətlərə yer verilmədiyi üçün şifahi xəbərdarlıq kifayətlənib.
Elməddin Cəfərov məsələ ilə əlaqədar “Yeni Müsavat”a danışıb. Baş prodüser Şuranın xəbərdarlığını haqlı saydığını, bundan sonra ssenariyə daha diqqətli yanaşılacağını deyib:
“Ssenaridə bəzi şeyləri gözdən qaçırmışdıq. Buna görə də xəbərdarlıq etməkdə haqlıdırlar. Lakin Allah şahiddir ki, bizim orda niyyətimiz pis olmayıb. El arasında da belə kəlmə var, arvad ərindən küsülü olanda deyir, “əlin mənə dəyməsin”. Orda uşaq dünyaya gətirilməsi ilə bağlı səhnə var idi və həmin kəlmə səslənmişdi. Bəli, hərfi mənada və həmin məkanda o sözün işlənilməsi qeyri-etik səslənir. Bu baxımdan qurum həm əxlaqi, dini, həm də dünyəvi baxımdan haqlıdır.
Lakin yenə də təkrar edirəm ki, biz pis niyyətlə o kəlməni deməmişik, bu istəyərəkdən olmayıb. Çünki bu seriala ilk növbədə mənim yoldaşım, anam baxır. Elə hərəkət edirik ki, evdəkilər də baxa bilsin. Bundan sonra ssenariyə qarşı daha diqqətli yanaşacağıq”.
Baş prodüser qurumun xəbərdarlığından sonra kollektivdə ruh düşkünlüyü yaşanmadığını deyib.
Xatırladaq ki, oktyabrın 13-də Milli Televiziya və Radio Şurasının iclasında 10 oktyabr 2015-ci il tarixdə saat 11.31- 12.31 arasında yayımlanan “SOY” Prodakşn tərəfindən hazırlanan “Qayınanamız” teleserialında qeyri-etik məzmunlu ifadələrdən istifadə edilməsi ilə əlaqədar olaraq serialın yayımının 14 oktyabr 2015-ci il tarixdən etibarən 1 (bir) ay müddətinə dayandırılması barədə qərar qəbul edilib.
OXŞAR XƏBƏRLƏR