Boşanmaq qərarı verən şəxslər ilk addım kimi məhkəməyə iddia ərizəsi təqdim edirlər. Lakin hər müraciət avtomatik olaraq icraata qəbul edilmir. Bəzi hallarda qanunvericiliyin tələblərinə əməl olunmadıqda, iddia ərizəsi məhkəmə tərəfindən geri qaytarıla və ya ümumiyyətlə icraata qəbul edilməyə bilər.
Boşanma ilə bağlı məhkəməyə müraciət edilərkən iddia ərizəsi hansı hallarda qəbul edilmir və bunun hüquqi əsasları nələrdir?
Hüquqşünas Elnur Məmmədov Demokrat.az-a açıqlamasında söyləyib ki, nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etmək hər bir şəxsin hüququ olsa da, iddia ərizəsinin icraata qəbul edilməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun tərtib edilməsindən və məhkəməyə aidiyyət qaydalarına riayət olunmasından asılıdır:
"Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153-cü maddəsinə əsasən, iddia ərizəsi qanunla müəyyən edilmiş forma və məzmuna uyğun olmadıqda və ya ona əlavə edilməli sənədlər təqdim edilmədikdə, məhkəmə iddia ərizəsini iddiaçıya geri qaytarır. Bundan başqa, Mülki Prosessual Məcəllənin 153.2-ci maddəsinə əsasən, iş həmin məhkəmənin aidiyyətinə daxil olmadıqda, iddia ərizəsi səlahiyyətsiz şəxs tərəfindən imzalandıqda, eyni predmet və eyni əsas üzrə tərəflər arasında artıq məhkəmə icraatında iş olduqda və ya qanunla nəzərdə tutulmuş digər hallar mövcud olduqda iddia ərizəsi geri qaytarıla bilər”.
Elnur Məmmədov əlavə edib ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci maddəsinə əsasən, arvadın hamiləliyi dövründə və uşağın doğulmasından sonra bir il müddətində arvadın razılığı olmadan ər nikahın pozulması barədə iddia qaldıra bilməz:
"Bu, qanunla müəyyən edilmiş birbaşa məhdudiyyətdir və məhkəmə həmin tələbə uyğun hərəkət edir. Beləliklə, boşanma ilə bağlı iddia ərizəsinin məhkəmə tərəfindən qəbul edilməsi üçün qanunvericiliyin prosessual tələblərinə tam əməl olunmalı, iddia düzgün məhkəməyə təqdim edilməli və qanunda nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmalıdır. Əks halda, iddia ərizəsi hərəkətsiz saxlanıla, geri qaytarıla və ya qanunda nəzərdə tutulmuş əsaslar olduqda icraata qəbul edilməyə bilər”.