Bu şəxslərin hər bir ailə üzvü aylıq 60 manat müavinət alacaq - 3 il ərzində

Bu şəxslərin hər bir ailə üzvü aylıq 60 manat müavinət alacaq - 3 il ərzində
SOSİAL
22:52 02.07.2026
172
Milli Məclis işğaldan azad edilmiş ərazilərə qayıdışla bağlı qanunvericiliyə növbəti dəyişiklikləri təsdiqləyib.

Dəyişikliklərə əsasən, dövlət tərəfindən yaşayış sahəsi ilə təmin olunan və ya təklif edilən mənzildən imtina edən şəxslərin məcburi köçkün statusu ləğv ediləcək.

Bununla belə, statusun ləğv edilməsi həmin şəxslərin bütün sosial təminatlardan dərhal məhrum olması demək deyil. Qanuna əsasən, statusu ləğv edilən vətəndaşlar daha üç il müddətində dövlətin sosial müdafiə tədbirlərindən yararlanmaq hüququnu saxlayacaqlar.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov BAKU.WS-ə bildirib ki, işğaldan azad edilmiş ərazilərdə dövlət tərəfindən təqdim olunan mənzili qəbul edərək həmin əraziyə köçən şəxslərin də məcburi köçkün statusu yaşayışa başladıqları tarixdən etibarən üç il müddətində qüvvədə qalacaq:

"Bu dövrdə ailənin hər bir üzvünə aylıq 60 manat müavinət ödəniləcək. Bundan əlavə, onlar mövcud qanunvericiliklə nəzərdə tutulan digər sosial güzəştlərdən, o cümlədən təhsil sahəsində tətbiq olunan imtiyazlardan da istifadə edə biləcəklər.

Qanun dəyişikliklərinə əsasən, keçmiş məcburi köçkün ailələrinin övladları dövlət ali təhsil müəssisələrinə ödənişli əsaslarla qəbul olunduqları halda, təhsil haqları dövlət tərəfindən ödənilməyə davam edəcək. Əgər tələbə ali məktəbə qəbul olunarkən bu güzəştdən istifadə etmək hüququ qazanıbsa, həmin hüquq onun bütün təhsil müddəti ərzində qüvvədə qalacaq.

Eyni zamanda, dövlət tərəfindən işğaldan azad olunmuş ərazilərdə mənzil təklif edilsə də, həmin təklifdən imtina edərək hazırda yaşadığı ərazidə qalmağa üstünlük verən vətəndaşlar da üç il müddətində aylıq müavinət almaq və digər sosial güzəştlərdən yararlanmaq hüququnu saxlayacaqlar".
OXŞAR XƏBƏRLƏR