Valideynlərindən birinin məcburi köçkün statusuna malik olmaması səbəbindən bəzi şəxslərə vahid aylıq müavinətin təyin edilməməsi məsələsi ictimai müzakirələrə səbəb olub. Məsələ yalnız sosial ödənişin verilib-verilməməsi ilə məhdudlaşmır, eyni zamanda ailə üzvlərinin statusunun sosial təminat hüquqlarına təsiri və hüquqi bərabərlik prinsipi ilə bağlı suallar yaradır.
Məsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, bu qanunvericilikdə nəzərdə tutulan məsələlərdir.
Onun sözlərinə görə, bu baxımdan, köçürülmə prosesi ilə yanaşı, şəxslərin məcburi köçkün statusunun da qanunvericiliyə uyğun şəkildə müəyyənləşdirilməsi məsələsi gündəmə gəlir:
"Görünür, bu istiqamətdə artıq Dövlət Komitəsi tərəfindən də addımlar atılmağa başlanılıb və məcburi köçkün statusunun gələcəkdə hansı hallarda saxlanılması və hansı hallarda aradan qaldırılması ilə bağlı proseslər həyata keçirilir".











































