Azərbaycanın dünya şöhrətli yazıçısı, detektiv əsərləri ilə bütün dünyada məşhur olan, nasir, publisist, 1989-ci ildən Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı, hüquq elmləri doktoru, Pen Klubun prezidenti, Avropada 28 milyon nüsxədə 29 dilə tərcümə olunan soydaşımız, 193 adda kitabın müəllifi, “Şöhrət Orden”li Çingiz Abdullayevlin AZXEBER.COM-a verdiyi müsahibənin 3-cü hissəsini dəyərli oxucularımıza təqdim edirik.
Müsahibənin birinci və ikini hissəsini buradan oxuya bilərsiniz:
“Yalnız qadınlarla bağlı gizli sözüm var”
- Çingiz müəllim, bu günə kimi çox söz yazmısınız, heç ürəyinizdə gizli sözünüz qalıb, hansı ki, heç kimə deyə, yaza bilməmisiniz? Çoxdur. Deyə, yaza bilmədiyim sözlərim yalnız qadınlarla bağlıdır. Amma yaza bilmirəm bunları. Niyə? Tənqid olunmaqdan qorxursunuz? Xeyr, mən evli adamam, böyük uşaqlarım var. Ad günümdə məni 14000-dən çox insan təbrik etmişdi, onların əksəriyyəti də qadınlar idi.
“Kişilər bir neçə dəfə sevirlər”
- Sizcə bir kişi bir qadınla bir ömür boyu xoşbəxt yaşaya bilərmi? Bəzən deyirlər ki, bu mümkündür. Elə adamlar var ki, bir ömür boyu bir qadınla xoşbəxt yaşaya bilir. Mənim qəhrəmanım hər əsərdə çoxlu qadınlarla görüşür, hərdən vicdanı da ağrıyır etdiklərinə görə, ürəyində isə deyir ki, yoldaşım bütün bunlar üçün məni bağışlasın, düz adam deyiləm.
“Sevməsəydim, heç bir saat da onunla birgə yaşaya bilməzdim”
- Çingiz müəllim, böyük sevgiyə inanırsınızmı və ömrünüzdə bunu yaşamısınızmı? İnanıram və yaşayıram. 27 ildir ki, evliyəm və əgər mən sevməsəydim, məni də sevməsəydilər, heç vaxt bir ömür boyu bir qadınla yaşaya bilməzdim. İnanın ki, heç bir saat da yaşaya bilməzdim. Biri var bir qızı sevirsən, biri var bir xanımla görüşürsən, biri də var ki, bütün ömrün boyu bir qadınla yaşayırsan. Sevmədən bir qadınla bir ömür boyu yaşamaq çox çətindir. Müsəlmanlar gərək ailədə qadına, uşaqlarının anasına çox hörmət etsinlər. Ailədə əsas şərtlərdən biri kimi ailədə sənin özünü bir kişi necə aparmağından da çox asılıdır.
Ailədə ən müqəddəs insan ana olmalıdır. Ailədə baş verən hər şeyi axı uşaqlar görürlər. Mən daima övladlarıma deyirəm ki, sizin ikinizi də çox sevirəm, amma ananız qədər sizləri heç vaxt sevə bilmərəm. Heç kəs sizi ananız qədər heç vaxt sevə bilməz. Bu çox vacibdir. Amma nə edək ki, biz kişilər düz adamlar deyilik,qadın gözəlliyinə tez-tez heyran oluruq.
Mənim Fan Klubumda 15000-dən çox qadın var. Xanımıma hərdən deyirəm ki, əgər bu xanımların hərəsi ilə bir gün görüşsəm və danışsam, mənə 50 il vaxt lazımdır.
Məndən soruşublar ki, min il ömrün olsaydı nə edərdin? Beş yüz ili kitabxanamda qapını bağlayıb mütaliə edərdim. Beş yüz ili də dünyanı gəzərdim. Son vaxtlar mənim kitablarımı qadınlar daha çox oxuyurlar, nəinki kişilər. Bilmirəm niyə? Mən düşünürdüm ki, detektiv janrındakı əsərləri daha çox kişilər oxuyar, amma əksidir. Mən qadın adından 3-4 kitab yazmışam.
“Soruşurlar ki, qadın hissiyyatını haradan bilirsən?
Soruşurlar ki, qadın hissiyyatını haradan bilirsən? Mən də deyirəm ki, Tolstoy qadının doğmağından yazıb, o ki, ömründə heç vaxt doğmayıb. Çətin olsa da, hərdən boş vaxt tapıram. Bu səndən asılıdır. Çox adam başa düşmür bəzən bir məsələni. Mən bunu 40 yaşından sonra başa düşmüşəm. Əksəriyyət elə başa düşür ki, gözəl qızla, qadınla görüşəndə mütləq fiziki görüş, yaxınlıq olmalıdır.
Yazıçı təvazökar ola bilməz. Biz niyə yazırıq? Mən istəyirəm ki, insanların xoşuna gəlim, əsərlərimi çox oxusunlar. Heç kəs mənim qaşıma, gözümə vurulmayıb. “Əli və Nino” kitab mağazasında 42000 adda kitab satılır, yalnız mənim ayrıca rəfim var, üzərində də şəklim. Bu, Rusiyada da belədir. Əsərlərim yeni çıxanda Rusiyada deyirdilər ki, Abdullayev familiyalı niyə yazır, ona deyin ki, getsin qoyunları ilə məşğul olsun, ya da bazarda gül, göyərti satsın.
“Məni Mərkəzi Komitəyə çağırıb dedilər ki, sən azərbaycanlısan, yazma, orada xoşlarına gəlmir”
Məni o vaxt Mərkəzi Komitəyə çağırıb dedilər ki, sən azərbaycanlısan, yazma, orada xoşlarına gəlmir. Bu ağıllı yəhudilərin payıdır, onlar yazsın, ağıllı olmaq onların işidir. Sən azərbaycanlısan, “provensialsan”. Siyasi yazma, banditlərdən yaz və sair. O zaman gənc idim, həyasız idim və təbii ki, dedim yazacağam. Mərkəzi Komitənin şöbə müdiri də mənə dedi ki, əgər yazırsansa, çalış onlardan yaxşı yaz. Mən görəndə ki, prezidentlərdən tutmuş qapıçıya qədər hamı məni oxuyur, sevinirəm.
“Yalnız övladlarımla fəxr edirəm”
- Çingiz müəllim, son olaraq Sizdən bunu soruşmaq istəyirəm. Yaşadığınız ömrünüzdə nə ilə fəxr edirsiniz – yazdığınız əsərlərinizlə, milyonlara örnək olacaq xarakterinizlə, yoxsa, Vətənə, xalqınıza, olan sevginizlə?
Xeyr. Yalnız böyüdüb yetişdirdiyim iki övladımla fəxr edirəm.Onlarla fəxr edirəm, çünki bunda mənim də bir az əməyim var.
Əfsələddin Ağalarov
Mətanət Əliyeva
Foto: Hüseyn Mehdiyev












