2014-cü ildə təhsil xərcləri üçün 1 653,4 mln. manat, 2013-cü illə müqayisədə 123 mln. manat və yaxud 8%, 2012-ci ilin faktiki icra göstəricisinə nisbətən 200,3 mln. manat və ya 13,8% çox vəsait proqnozlaşdırılır.
AZXEBER.COM-un 2014-cü ilin dövlət büdcə layihəsinə istinadən verdiyi xəbərə görə, bununla da təhsilin maliyyələşməsi üçün nəzərdə tutulan xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 8,2% təşkil edəcək. Təhsil xərcləri üçün ayrılmış vəsaitin 851 mln. manatı və ya 51,5%-i natamam və orta təhsil xərclərinin, 488,9 mln. manatı və ya 29,6%-i təhsil sahəsində tətbiqi tədqiqatlar və digər xidmətlərin, 33 mln. manatı və ya 2%-i ali təhsil xərclərinin, 158,7 mln. manatı və ya 9,6%-i məktəbəqədər və ibtidai təhsil xərclərinin, 78,6 mln. manatı və ya 4,8%-i texniki-peşə məktəblərinin və liseylərin, 43,2 mln. manatı və ya 2,5%-i internat və xüsusi məktəblərin maliyyələşdirilməsinə yönəldiləcək. 2014-cü ildə dövlət büdcəsinin gəlirləri 18 mlrd. 384 mln. manat, xərcləri isə 20 mlrd. 63 mln. manat həcmində proqnozlaşdırılır. 2013-cü il üzrə isə bu göstərici müvafiq olaraq 19 mlrd. 159 mln. manat və 19 mlrd. 850 mln. manat gözlənilir. 2014-cü il dövlət büdcəsi gəlirlərinin 9,3 milyard manatını və ya ümumi büdcə daxilolmalarının 50,8%-ni Dövlət Neft Fondundan transfertlər, 7,1 milyard manatını və ya 38,6%-ni Vergilər Nazirliyi, 1,5 milyard manatını və ya 8,2%-ni Gömrük Komitəsinin xətti ilə, 0,4 milyard manatını və ya 2,2%-ni büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar, 0,2%-ni isə digər daxilolmalar təşkil edir. Bildirək ki, gələn ilin dövlət büdcəsində müdafiə xərclərinin 1 mlrd. 637 mln. 362 min manat olması proqnozlaşdırılır.