Demokratik Maarifçilik Partiyasının sədri, politoloq Elşən Musayev müəllifi və aparıcısı olduğu “Mövqe”verilişində beynəlxalq siyasətlə bağlı maraqlı məqamlara toxunub. Həmin çıxışı təqdim edirik:Fövqəldövlətlər və onların tabeliyində olan beynəlxalq təsisatlar tarix boyu özlərindən kənar dünya üçün müxtəlif oyunlar qurublar. Bu və ya digər formada. Ələlxüsus da, ya ərazi iddiası olaraq, ya da hakimiyyət. Düzdür, heç də hər dəfə eyni adlı mexanizmdən istifadə edib şablona getməyiblər. Yəni ara-sira onların timsalında müəyyən kreativləri də müşahidə etmişik. Amma məzmun dəyişməyib. Bütün hallarda üslub və “karkas” dəyişsə də məzmun dəyişməyib. Misal üçün 20-ci əsrdə “Beynəlxalq hüquq”və “Diplomatik etiket” - deyə bir zad kağız üzərində də olsa vardı. Daha sonra beynəlxalq münasibətlərdə məxsusilik təşkil edən bu predmetlər avazıyınca, şantaj elementləri işə düşdü. Xüsusən də, enerji resursları baxımından. Daha bir müddət keçincə açıq-aydın işğalçılıq və separatizm təbliğatı, ardınca ikili standartlar və nəhayət bu gün üçün keçərli olan “Gizlənqaç”oyunu. Hansı ki, bütün icra boyunca prosesin episentrində “gözəgörünməzlər” dayanır. Onların boynuna günün günorta çağı da heç nəyi qoymaq mümkün deyil və nəhayət...əsas silahları da Qeyri- Hökümət Təşkilatları, eyni zamanda Beynəlxalq fondlardır...Bu mexanizmin bəşəriyyət üzərinə çökdürmüş olduğu kabusun xronologiyasını sadalamağa, düşünürəm ki, ehtiyac yoxdur. Çünki, narıncı inqilablardan tutmuş Liviya vəhşiliyinə qədər, İraq vandalizmindən tutmuş Uyğur soyqırımına qədər, ya da Suriya tragikomediyasından tutmuş “Maydan” sərgüzəştlərinə qədər hər şey göz qabağındadır. Sadəcə, məsələ burasındadır ki, bizqarışıq kimsə kənardan veriləcək ya da artıq verilmiş olan bu destruktiv və avantürist təpkilərdən sığortalanmayıb. Daha doğrusu, sığortalana bilməz. Niyə? Çünki, bu söylədiklərim sanki 21-ci əsrdə hegemon dövlətlərin məramına, prioritetinə çevrilib. Sanki, inkişaf siyasəti artıq işğal siyasəti ilə əvəz olunub. Və bu da baş vermədiyində heç olmazsa, hər dövlət üçün bir problem yaradıb, onu dolayı yolla da olsa, öz vassalına çevirmə istiqamətinə yönəlib.Baxın, bu gün post-sovet məkanı niyə bir-birinə qarışıb? Çünki, demək olar, hamısı rusla amerikalının arasında qalıb. Təxminən, “Arşın mal alan” filmində olduğu kimi, biri deyir: “Oxu”!, digəri deyir: “Oxuma”! Halbuki heç birinin də fəaliyyətində demokratik prinsiplər özək deyil, əksinə bütün dəyərlər tam saxta bir libasa bürünmüş haldadır. Hətta Avropa dövlətləri - filan da, belə deyək, söhbətə sonradan qoşulanlardır. Və belə olan halda hansı taktikaya üstünlük verilir? – Dövlətlər içində öz emissarlarını yetişdirib, eyni zamanda yerləşdirib, həmin dövlətləri qara üsullarla təzyiq altında saxlamaq taktikasına. Hansı ki, bu cəhdi zaman-zaman öz timsalımızda belə görmüşük...Azərbaycana Qərb tərəfindən sızdırılan həmin qrupa isə biz “5-ci sütun” - deyə xitab edirik. Və onun bütün üzvləri, demək olar, bənzər tipajda, məzmunda və funksiyadadır. Eyni zamanda çox da təhlükəli! İç üzləri isə indi açılır. Baxmayaraq ki, dayaq nöqtələrini düz 2000-ci illərin əvvəlindən ölkəmizə sırımağa başlayıblar.Onların içində isə ilk özünü ələ verən, yəni “yandıran” Xədicə İsmayıl oldu. O da sırf siyasi naşılıq ucbatından. Və ya belə deyək, əslində təlimat düz verilmişdi, sadəcə Xədicə anlamadı ki, qara qüvvələrin çox böyük bir məramını öz üzərində aparmaqla, “Azadlıq” radiosunda düşük bir veriliş aparmaq arasındakı fərq nədır. Güman ki, heç bundan sonra da anlamayacaq. Çünki, onun nəyisə anlamağa yetəcək gövdəsi olsa da, “baş”ı yoxdur... Və məqamındaca bir haşiyə çıxmaq istəyirəm. Bir müddət öncə, elə şəxsən mən özüm, Xədicə İsmayıl haqqında 4 aylıq bir araşdırma apardım. Həmin araşdırma məhsulu dövri mətbuatda dərc olunub və təbii, indi burda hər hansı bir təfsilata varmayacağam. Amma bir məqamı, altını çizərək, vurğulamaq istəyirəm: Yəqin xatırlayarsınız, bir ara Azərbaycanın hakim elitası haqqında şantaj xarakterli silsilə yazılar getdi, ictimai rəydə müəyyən bir çaşqınlıq yaratma cəhdi oldu və s. və ilaxır. Deyim ki, elə sırf bu səbəbdən də araşdırma predmeti olaraq, məlum istiqaməti götürdüm. Və...çox maraqlı nəticələrlə qarşılaşmalı oldum...Demək bunların işi nədir? – Tutaq ki, hər hansı bir mötəbər qurumu ixtiyari bir təzada, problemə inandırmaq lazımdır. Dərhal neyləyirlər? – Kənarda saxta təsisatlar, ələlxüsus da, QHT-lər yaradırlar və başlayırlar həmin qurumu basqı altında saxlamağa. Halbuki, heç birinin kökü, mənbəyi, istinad nöqtəsi olmur. Misal üçün, Azərbaycan hakimiyyəti ilə bağlı, indicə haqqında danışdığım araşdırmanı aparan təşkiların adı belə idi: “Mütəşəkkil cinayətkarlıq və Korrupsiya araşdırmaları layihəsi”. Yaxşı, bəs bunun məlumat bazasını formalaşdıran qurumların adı nədir? Onların da izinə düşüb üçünü muəyyən edirik: “Proqressiv Jurnalistika şəbəkəsi”, “Jurnalist araşdırmalarına dəstək fondu” və nəhayət, “Qlobal araşdırmaçı Jurnalistlər birliyi”...Amma sonuc olaraq, heç birinə, türkün sözü, “ulaşa”bilmirik. Nə saytları açılır, nə bəlli – dürüst ünvanları var, nə də əlaqə koordinatları. Niyə? Çünki, yoxdur belə bir qurum. Heç bir zaman da olmayıb. Və ya bunların hamısı Qərbin illüziyalarından savayı bir şey deyil!Və ya bir başqa misal. Yəqin xatirlayarsız, Azərbaycanın müxtəlif bölgələrində bir ara qarışıqlıq, gərginlik yaratma cəhdi oldu. Hadisənin mahiyyətini bir kənara qoyuram və sual etmək istəyirəm: İctimai-siyasi sektorun nümayəndələrindən həmin proseslərin gedişatında, ilk olaraq, gözə çarpan kim oldu? – İlqar Məmmədov. Yaxşı bəs İlqar Məmmədov kimdir? – Qərbin yaratdığı “5-ci sütun”un ən güvənli nümayəndələrindən biri! Və diqqət eləyin, yenidən bayaq haqqında danışdığım həssas məqam... və anındaca növbəti emisssarın ortalıqda zühur etməsi! Təsadüf ola bilərmi? – Xeyr, əsla! Çünki, təsadüflərin bu qədəri olmur.Ya da tutaq, Anar Məmmədli - həmin dəstənin bir başqa üzvü. Hansı ki, bu yaxınlarda həbs olunub. Təsəvvür edin, bu adamın elə ancaq QHT maxinasiyaları istintaq orqanlarını şok etmişdi. Çünki, ortalıqda on milyonların söhbəti gedirdi. Yaxşı, bəs Anar bəyin ala gözünə-qara qaşınamı aşiq olub vermişdilər o pulu? Yox, təbii. Burada da bir təlimat vardı, məram vardı, yönləndirmə vardı. Hansı ki, müvafiq dövlət orqanlarına ən xırda detallarına qədər bəllidir...Bu dəmdə isə bir başqa sual meydana çıxır: “Niyə müxalifətdəki siyasilər yox, məhz ictimailər? Və ya Qərb niyə siyasi sektordan daha çox ictimai sektorla iş birliyinə üstünlük verir?” Cavab çox sadədir: “Çünki,müxalif sektordakı dələduzları artıq orada da tanıyırlar. Çünki, bunlar indiyə qədər ən azından 5-10 dəfə həmin mayanı batırıblar. Çünki, bunlar pul görəndə dədələrini belə yaddan çıxarırlar. Və nəhayət, çünki bunlar pula görə bir tək vətənini və dövlətini deyil, lazım gələrsə, və məqamı düşərsə, elə həmin pulu verənlərin özlərini də satmağa qadir olan tipajlardır, siyasi personajlardır...Və, son olaraq: Bir neçə gündür, dövri mətbuatda “32 milyon söhbəti” gedir. Hansı ki, deyilənə görə, Qərb dairələri tərəfindən, guya Azərbaycanda inqilab etmək üçün ayrılmış vəsaitdir. Təbii, hər hansı bir təfsilatdan xəbətim yoxdur. Ona görə, qənaət və ehtimallarım da olmayacaq.Amma bir şey demək istəyirəm: Əgər 32 milyonla hakimiyyət devirmək mümkün olsaydı, inanın ki, həmin hakimiyyət bu günə qədər ən azından 32 dəfə devrilərdi! Və ya buraxın 32 milyonu, hətta 32 başlı əjdaha belə bu ölkədə Azərbaycan xalqının iradəsinə zidd heç bir şey edə bilməz!Ələlxüsus da, 32 qram ağıl sahibi olmayanların əli ilə....