“Bunun pis tərəfi odur ki, insan beyninin işğal edildiyini anlamır” - Hacıbəy Heydərli

“Bunun pis tərəfi odur ki, insan beyninin işğal edildiyini anlamır” - Hacıbəy Heydərli
SOSİAL
15:41 11.10.2026
160
İdeoloji işğalın ən təhlükəli tərəfi budur ki, insan bir müddət sonra işğal altında olduğunu özü də hiss etmir. Müqavimət ruhu zəifləyir, milli kimlik arxa plana keçir, tarixi yaddaş silinir və cəmiyyət öz keçmişinə yadlaşmağa başlayır.

Bir anlıq düşünək: bizi Qarabağa qaytaran nə idi? Təkcə ordumuzun gücü, diplomatiyamız, silahlarımız və hərbi əməliyyatlarımızmı? Əlbəttə, yox! Bizi Qarabağa qaytaran amillərdən biri də illərlə qoruyub saxladığımız milli ruh, tarixi yaddaş və torpaqlarımızı geri qaytaracağımıza olan inamımız idi.

Məktəblərdə keçirilən vətənpərvərlik dərsləri, tarix fənnində öyrədilən həqiqətlər, gündəliklərimizdə qeyd olunan işğal tarixləri, anım tədbirləri, müəllimlərimizin danışdıqları, şəhidlərimizin xatirəsinə göstərilən ehtiram… Bütün bunlar, bəlkə də, çoxumuza adi və formal görünürdü. Amma əslində, həmin fəaliyyətlər gələcək nəsillərin yaddaşında bir həqiqəti yaşadırdı: Qarabağ bizim torpağımızdır və biz bu həqiqəti heç vaxt unutmamalıyıq!

Bizə illərlə bunu unutmağa imkan verməyən milli ideologiyamız, tarixi yaddaşımız və vətənpərvərlik ruhumuz oldu. Fiziki işğal altında olan torpaqlarımız üzərində mənəvi və ideoloji iddiamızı qoruduq. Torpaqlarımızdan ayrı düşdük, amma onları yaddaşımızdan silmədik. Ən böyük fərq də məhz bu idi.

 

İndi isə məsələyə başqa tərəfdən baxaq.

Bir anlıq təsəvvür edin ki, eyni üsullardan başqa bir ölkə Azərbaycana qarşı istifadə edir. Məsələn, İranın və ya hər hansı başqa dövlətin ideoloji təbliğatı bizim cəmiyyətimizə, xüsusilə də gənclərimizə sistemli şəkildə təsir göstərməyə başlayır. Sosial şəbəkələrdə minlərlə hesab fəaliyyət göstərir, Azərbaycan dilində paylaşımlar edilir, tariximiz fərqli təqdim olunur, milli dəyərlərimiz hədəfə alınır, dövlətimizə və milli kimliyimizə inamsızlıq yaradılır.

Bu təbliğat açıq düşmənçilik formasında deyil, bəzən adi bir fikir, zarafat, video, musiqi, tarixi mübahisə və ya guya həqiqəti üzə çıxarmaq istəyən paylaşım formasında qarşımıza çıxır. İnsanlar fərqinə varmadan həmin mesajları qəbul edir, paylaşır, başqalarına ötürürlər. Bir müddət sonra isə kənardan ötürülən fikirlər cəmiyyətin öz düşüncəsi kimi təqdim olunmağa başlayır.

Ən təhlükəli mərhələ də elə budur: insanın düşüncəsinə kənardan müdaxilə edildiyini hiss etməməsi!

Bu gün informasiya müharibəsi təkcə saxta xəbərlər yaymaqdan ibarət deyil. Bu, cəmiyyətin öz tarixinə münasibətini dəyişmək, milli dəyərlərini gözdən salmaq, dövlətinə olan inamını sarsıtmaq və gələcək nəsillərin düşüncə tərzini formalaşdırmaq uğrunda mübarizədir.

Torpağı işğal etmək üçün sərhədi keçmək lazımdır. Amma insanların düşüncəsini ələ keçirmək üçün sərhədi keçməyə belə ehtiyac yoxdur. Bir telefon, sosial şəbəkə hesabı və davamlı təbliğat bəzən kifayət edir.

Məhz buna görə də ideoloji təhlükəsizlik məsələsinə adi siyasi mübahisə kimi yanaşmaq olmaz. 

İdeoloji məkanı boş buraxmaq olmaz. Çünki həmin boşluğu kimsə mütləq doldurmağa çalışacaq. Əsas məsələ isə budur: gələcəyimizi öz həqiqətlərimiz, biliklərimiz və dəyərlərimiz üzərində quracağıq, yoxsa başqalarının bizim üçün hazırladığı düşüncə qəliblərinin içində yaşayacağıq?
 
Hacıbəy Heydərli, 
Mətbuat Şurası İdarə Heyətinin üzvü


OXŞAR XƏBƏRLƏR