“Burada maşın saxlamaq qadağandır” – Sakinlərin belə səlahiyyəti varmı?

“Burada maşın saxlamaq qadağandır” – Sakinlərin belə səlahiyyəti varmı?
SOSİAL
15:01 18.11.2026
36
Paytaxtın ara küçələrində həyət evlərinin qarşısında avtomobillərin park edilməsinə etiraz edən xəbərdarlıq lövhələrinə tez-tez rast gəlinir.
 
Sakinlər evlərinin qarşısına "Avtomobil saxlamaq qadağandır”, "Burada avtomobil saxlamayın” kimi elanlar yerləşdirərək digər sürücülərin həmin ərazilərdə avtomobil saxlamasına qarşı çıxırlar.

Bu cür hallarda ümumi istifadədə olan küçə və ərazilərdə avtomobil saxlamağa qadağa qoymaq hüququnun kimə məxsus olması məsələsi gündəmə gəlir. Bəzi sakinlər isə həyətlərinin qarşısında kənar avtomobillərin park edilməsinin onların rahatlığına və təhlükəsizliyinə mane olduğunu bildirirlər.

Bəs vətəndaşlar öz təşəbbüsləri ilə evlərinin qarşısında avtomobil saxlamağı qadağan edə bilərlərmi? Bu cür xəbərdarlıq lövhələrinin hüquqi əsası varmı?

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan nəqliyyat eksperti Raqif Raufoğlu bildirib ki, qanunvericilik baxımından sakinlərin özbaşına belə qadağalar tətbiq etməsi düzgün deyil:

"Əslində, qanunvericilik baxımından bu cür addımların atılması düzgün deyil və qanunsuz hesab olunur. Ancaq digər tərəfdən, həmin sakinləri də anlamaq lazımdır. Çünki onlar bir çox hallarda buna məcbur qalırlar.

Biz dəfələrlə bu mövzuda araşdırmalar apararkən şahidi olmuşuq ki, ətraf ərazilərdə yaşayanlar, yaxınlıqdakı obyektlərə gələn şəxslər binaların həyətlərindən və giriş-çıxışlarından avtomobillərini park etmək üçün istifadə edirlər. Nəticədə sakinlər öz həyətlərində avtomobillərini saxlamağa yer tapa bilmirlər. Belə vəziyyətlərdə onlar bəzən şlaqbaum quraşdırmağa, hətta əraziyə nəzarət etmək üçün bir nəfər ayırmağa məcbur olurlar ki, kənar avtomobillərin həyətə daxil olmasının qarşısını alsınlar”.

Ekspert nizamsız parklanmanın təcili yardım və yanğınsöndürən avtomobillərin hərəkətinə də mane olduğunu vurğulayıb:

"Məsələnin digər ciddi tərəfi isə təhlükəsizliklə bağlıdır. Dəfələrlə şahidi olmuşuq ki, avtomobillərin nizamsız park edilməsi səbəbindən təcili yardım və yanğınsöndürən avtomobillər həyətlərə daxil olmaqda çətinlik çəkirlər. Halbuki avtomobilini orada saxlayan şəxs bəzən cəmi 10 dəqiqəlik, yarım saatlıq və ya bir saatlıq işinin olduğunu düşünür. Lakin bu müddət ərzində sakinlər üçün ciddi problemlər yaranır.

Təbii ki, sakinlərin özbaşına şəkildə əraziyə giriş-çıxışı məhdudlaşdırması qanuni yanaşma deyil. Amma digər tərəfdən, onların da rahatlığını və təhlükəsizliyini təmin edəcək alternativ mexanizmlər yetərincə işləmədikdə, insanlar problemi öz imkanları hesabına həll etməyə çalışırlar. Hesab edirəm ki, bu məsələyə yalnız sakinlərin qanunsuz addımı kimi deyil, həm də onları belə addımlar atmağa vadar edən səbəblər kontekstində yanaşmaq lazımdır”.

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR