Cəzaçəkmə müəssisələrinin rəhbərləri 5 ildən bir dəyişdiriləcək

Bütün Xəbərlər
05:20 21.02.2011
1741
Azərbaycanın cəzaçəkmə müəssisələrinin rəhbərləri eyni vəzifədə 5 ildən artıq işləyə bilməyəcək. Ədliyyə Nazirliyindəki mənbədən Trend-ə verilən məlumata görə, bu barədə ədliyyə naziri Fikrət Məmmədov göstəriş verib. 

Mənbə bildirib ki, müəssisə rəhbərləri 5 il həmin vəzifədə işləyəndən sonra onun fəaliyyəti yoxlanılacaq.
Fəaliyyətində ciddi nöqsanlar olan müəssisə rəhbərləri cəzalandırılacaq, fəaliyyəti müsbət qiymətləndirilən müəssisə rəhbərləri isə digər müəssisələrə rəhbər təyin olunacaqlar.

Məlumata görə, bu barədə Penitensiar Xidmətin ötən ilin yekunlarına həsr olunmuş iclasında xidmət əməkdaşlarına məlumat verilib. 2010-cu il ərzində xidməti vəzifələrinin icrası zamanı nöqsanlara yol verdiklərinə görə Penitensiar Xidmətin 1 və 2 saylı xüsusi müəssisələrinin rəisi vəzifələrini icra edən İlqar Yunusov, Akif Məmmədov, eləcə də Mühafizə Alayının bəzi bölük komandirləri tutduqları vəzifələrdən azad edilib, bir sıra məsul əməkdaşlar ciddi intizam məsuliyyətinə cəlb ediliblər. Bir neçə gün öncə Penitensiar Xidmətə Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin rəisi Mədət Quliyev rəis təyin olunub. Xidmətin əvvəlki rəisi Nazim Ələkbərov isə tutduğu vəzifədən azad edilib.
OXŞAR XƏBƏRLƏR