Cahangir Məmmədli: “Biz onu güllələdik, ancaq anladıq ki ...” – MÜSAHİBƏ

GƏNCLİK
11:57 12.10.2011
2592

“Özüm Azərbaycana qarşı etinatsızlıq faktorunu görmüşəm”.

“Qarabağı unutmamaq üçün işlər görürük, Qarabağı qaytarmaq üçün yox”.

“Bir dəfə rəhmətlik Anar Məmmədxanlı Milli Məclisdə dedi ki...”

“Zəhmətçəkib bizə öyrətməsinlər ki, jurnalistin vətəni yoxdur”.

Millət vəkili Jalə Əliyevanın ideya müəllifi olduğu, Milli Qəhrəman Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunan Vətənpərvərlik mövzusunda gənclərin 1-ci Ümumrespublika Teatr Festivalı davam edir. Festivalla bağlı AZXEBER.COM portalı İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının sədri, professor Cahangir Məmmədlinin fikirlərini öyrənib. Müsahibəni olduğu kimi təqdim edirik.

“Özüm Azərbaycana qarşı etinatsızlıq faktorunu görmüşəm”

-Milli Qəhrəman Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunan Vətənpərvərlik mövzusunda gənclərin 1-ci Ümumrespublika Teatr Festivalı keçirilir. Bu festivala münasibətiniz?

Bütün festivalların keçirilməsi mənim üçün təqdirəlaiq bir haldır. Düşünürəm ki, bu cür festivallar yeni qüvvələrin meydana çıxmasına gətirib çıxarır. Bu ideyanı dəstəkləyirəm. Hətta nəinki dəstəkləyirəm, bu festivalın mətbuatda geniş piyar olunması üçün əlimdən gələni etməyə hazıram. Çünki bu təşəbbüs, həqiqətən, bir çox yaradıcı gənclərin tapılıb ortaya çıxmasında böyük rol oynayacaq.

-Cahangir müəllim, sizin üçün vətənpərvərlik nədir?

Ümumiyyətlə, bu çox çətin sualdır. Hər kəsin içində onun məhəbbət bəslədiyi, onun özünü gördüyü vətən var. Hamı üçün bir vətən var, eyni zamanda hər kəs üçün də bir vətən var. Yəni hər kəs vətəni bir cür qəbul edir. Bütün səmimiyyətimlə deyirəm, mən bu yurd üçün öz canımı və yaxınlarımın canını qurban verməyə hazıram. Çünki mənim üçün vətəndən, Azərbaycandan əziz heç nə yoxdur. Mən bunu tələbələrə də deyirəm. Mənim mühazirələrimdə hər zaman deyirəm, unutmayın biz Azərbaycanlıyıq. Mən çalşıram ki, tez-tez onlara bunu xatırladım. Bilirsiniz, mən niyə bu qədər yana-yana danışıram? Çünki mən şəxsən özüm Azərbaycana qarşı etinatsızlıq faktorunu görmüşəm.

-Bu faktor özünü nədə büruzə verib?

1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərində biz düşmənin düşmən olduğunu zarafat saydıq. Elə bildik ki, qarşımızdakı düşmən bizə heç nə edə bilməz. Çox qəribədir ki,erməni artıq Ağdama doğru gəlirdi, Dağlıq Qarabağın ətraf rayonları getmişdi, ancaq bizdə hələ də belə bir fikir var idi ki, “əşi onlar bizə heç nə edə bilməz”. Etinatsızlıq faktoru, düşməni saymamaq, düşmən qüvvələrini yox saymaq bizi bu vəziyyətə saldı. Tanınmış rus ziyalısı Konstantin Simonov öz kitabında yazırdı ki, o zaman müharibə dövründə bir alman zabitini əsir götürüblər. Simonov qeyd edir ki, biz həmin əsgərdən nə soruşduqsa, o, bütün suallarımıza cavab verdi. Harada yaşadığını, ailə vəziyyətini və buna bənzər bir çox suallara cavab verdi. Ancaq o qeyd edir ki, biz ondan rəhbəri olduğu tağımda nə qədər tankın olduğunu soruşduqda o bizə heç bir məlumat vermədi. Simonov qeyd edir ki, biz onu güllələdik, ancaq anladıq ki, həqiqətən, düşmənin qiymətini vermək lazımdır. Düşmənin nə qədər güclü olduğunu yeri gələndə etiraf etməliyik.

“Qarabağı unutmamaq üçün işlər görürük, Qarabağı qaytarmaq üçün yox”.

-Bu gün bəs necə, biz düşmənin gücünü yetərincə dəyərləndirə bilirik?

Faktların konstatasiyası deyilən bir şey var. Biz faktı konstatasiya edirik, yəni qeyd edirik, ancaq onun daha sonra hansı fəsadlara gətirib çıxaracağını nəzərə almırıq. Bizim jurnalistikada ən böyük səhvimiz məhz budur. Bu yaxınlarda mən radioda bir söz eşitdim. Orada belə deyilirdi: “Biz bu işləri görməliyik ki,Qarabağ unudulmasın”. Çox təəssüflər olsun ki, biz Qarabağı unutmamaq üçün işlər görürük, Qarabağı qaytarmaq üçün yox.

-Belə bir ehtimal var ki, biz Qarabağı unuda bilərik?

Görünür Qarabağı unutmaq ehtimalımız var ki, işlər görürük.

“Bir dəfə rəhmətlik Anar Məmmədxanlı Milli Məclisdə dedi ki...”

-Cahangir müəllim, hazırda cəmiyyətdə, pafosla desək, “mən vətən üçün ölərəm” - deyən gənclər çoxluq təşkil edir. Bəs sizin üçün vətən uğrunda ölmək, öldürmək, yoxsa vətənə xidmət etmək daha əsasdır?

Bu sual üçün stereotip bir cavab var. Deyirlər ki, vətən uğrunda ölməkdənsə vətən üçün xidmət etmək daha faydalı işdir. Ancaq mən stereotipləri sevmirəm. Ona görə düşünürəm ki, qəhrəmanlıq bir anın içində olan bir şeydir. Qəhrəmanlıq ekspromt olur. Yəni onu qabaqcadan planlaşdırmaq mümükün deyil. Amma vətən sevgisi sənin içində olmasa, heç vaxt sən qəhrəman ola bilməzsən. Qəhrəman o adam olur ki, o, riskə getməyi, həqiqətən, bacarır.

-Bəs jurnalistikada vətənpərvərlik. Bu mövzu haqqında nə düşünürsünüz?

Vətənpərvərliyin böyük bir qismi jurnalistin əlindədi. Jurnalist fərd olaraq bir şey edə bilmir, o, xor olaraq nəsə etməyə qadirdir. Televiziya, mətbuat - hamısı çəkici bir yerə vurmalıdır. Hətta bu yaxınlarda mətbuat orqanlarında belə bir xəbər yayıldı ki, Azərbaycanda qəzet səhifələrində Dağlıq Qarabağ haqqında yazılan məlumatlar getdikcə səngiyir. Baxın, ən təhlükəli şey budur. Bir dəfə rəhmətlik Anar Məmmədxanlı Milli Məclisdə dedi ki, ümumiyyətlə, qəzetlərimiz heç olmasa həftədə bir dəfə Dağlıq Qarabağ haqqında yazılar versinlər. Baxın Ermənistanın bu sahədə olan siyasətinə. Onlar işğal etdikləri ərazilərimiz haqqında nə qədər məlumatlar verirlər.

-Yəqin sizdə mənimlə razılaşarsınız ki, mətbuatda erməni jurnalistləriilə sıx əlaqədə olan həmkarlarımız var. Siz münaqişənin həllində hər iki tərəfinjurnalistlərinin fəaliyyətini necə qiymətləndirirsiniz?

Bu ideyanı qəbul etmək olar. Dünyada xalq diplomatiyası deyilənbir şey var. Bir haldaki Ermənistan ATƏT-in, BMT-nin və digər yüksək nüfuza malik təşkilatların işğal edilmiş ərazilərin qeydərtsiz boşaldılması haqqında qərarlarına, qətnamələrinə tüpürür və ya ATƏT-in Minsk qrupunun nümayəndələri konfliktin həllini, maaşlarını itirməmək üçün uzadırlar. O zaman biz nəyi gözləməliyik? Xalq diplomatiyasına da gedək görək bizə nə verir. Düzdür, mən onu qəbul etmirəm ki, bütün xalq pisdir. Yəni onların arxasında dayanan və münaqişənin həllində maraqsız olan qüvvələr var. Bu onların apardığı bir siyasətdir.

-Sizcə,erməni xalqı günahkar deyil?

Bəlkə də,erməni xalqını bura aid etmək düzgün olmazdı. Çünki hazırda onlarda hakimiyyət əleyhinə çox böyük aksiyalar keçirilir. Ümumi götürəndə erməni jurnalistləri, publisistləri və dövlət rəsmiləri xalqı şovinistliyə öyrədib.

-Yəni bizermənilərin şovinist hissəsi ilə müharibə aparırıq?

Şovinist sözü,əslində, çox pis emosiyalara malik olanbir sözdür. Bu cürdə demək olar ki, erməni xalqının şovinistliyi daha çoxdur. Əgər erməni uşağı mənə qarşı şovinistlik edirsə, onda mən də şovinist olmaq istəyərdim. Buna görə jurnalistlər bu təbliğatı gücləndirməlidirlər ki, sənin düşmənin var, sənin vətənin işğal altındadır. Sən hələ də o işğaldan qurtulmamısan.

“Zəhmətçəkib bizə öyrətməsinlər ki, jurnalistin vətəni yoxdur”.

-Bir çoxları düşünürki, hərbidə baş verən neqativ halların işıqlandırılması Azərbaycan üçün başucalığı gətirmir. Bəs siz necə düşünürsünüz, jurnalist hərbi sistemdə baş verən neqativ halları işıqlandırmamalıdır?

Bu bir faktdır ki, Azərbaycan ordusunda kifayət qədər neqativ hallar var. Neqativ halları jurnalist deməyəcəksə, bəs kim deməlidir? O zaman belə çıxır ki, nazirə heç kim sual verməsin. Tənqidi yazı verməyin nəyi pisdir ki? Çox gözəl bilirik ki, elə yerlər var ki, orada əsgərə etinasızlıq var, çağırışlarda etinasızlıq var. Hərbi komissarlıqda kasıbın uşağını əsgərliyə çağırırlar, “butka”sı olanın uşağını çağırmırlar. Hətta mənim yadımdadır ki, o zaman rəhmətlik Heydər Əliyevə jurnalistlər sual verdilərki, bəs çeçen mücahidləri Bakıdakı qospitallarda müalicə alır birdə Azərbaycan İsraildən 4 tank alıb. Heydər Əliyev isə öz növbəsində çox siyasi bir cavab verdi ki, çeçen mücahidlərinin Azərbaycanda müalicə alıb-almamasını bilmirəm. Qaldı ki Azərbaycanın İsraildən tank almasına,əmin ola bilərsiniz, nəinki tank, heç quş tüfəngi belə biz İsraildən almamışıq. Məni yandıran isə başqa bir mövzudur. Tutalım ki, biz İsraildən 4 tank almışıq. Bunu səninelan etməyinin nə mənası var? Düzdür, dövlət sirrində belə bir maddə yoxdur ki, hardan neçə silahın alınması haqqında sual verilməsin. Amma bizim vətənimiz var, biz düşmən qarşısındayıq.

-Bəs dünya praktikasında bu necədir?

Dünya praktikasında tam fəqli bir mənzərə ilə qarşılaşırıq. ABŞ həmişə deyirki, jurnalistin vətəniyoxdur. Siz fikir versəniz, görərsiniz ki,İraq müharibəsi başlayan ərəfələrdə bir amerikalı jurnalist İraqa buraxılmadı. Yaxud da 11 sentyabr hadisəsində bir dənə qan ləkəsinin göstərilməsi jurnalistlərə qadağan edildi. Əmin ola bilərsiniz ki, demokratik bir ölkə imici yaradan ABŞ Əfqanıstanda, İraqda və bir çox münaqişə obyektlərində jurnalistlərin fəaliyyəti üçün heç bir şərait yaratmayıb. Jurnalistlər bu bölgələrdə informasiya əldə etmək və ötürmək baxımından ABŞ əsgərlərinin həm fiziki, həm də mənəvi zorakılığına məruz qalıblar. Ona görə A Administrasiyası üçün informasiyanın vətəni var. Zəhmətçəkib bizə öyrətməsinlər ki, jurnalistin vətəni yoxdur.

-Artıq Azərbayanda bunu söyləyən və təbliğ edən jurnalistlər artmaqdadır...

Hətta mən sizə qeyd edim ki, bunun artıq bizdə nəzəriyyəçiləri də meydana çıxıb. Mən qəti əleyhinəyəm. Tələbələrə də həmişə deyirəm ki, jurnalistin vətəni var və olmalıdır.

-Təşəkkür edirəm, Cahangir müəllim...

Çox sağ olun

Əfsələddin AĞALAROV

OXŞAR XƏBƏRLƏR