Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynlə siyasi analitik Tofiq Abbasov canlı efirdə əlbəyaxa olublar.
Hadisə "Yeni Müsavat”ın efirində yayımlanan "Dərin Təhlil” verilişində baş verib. Məsələ sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Canlı efirdə baş verən hadisə ilə bağlı AZXEBER.COM-a danışan Tofiq Abbasov hadisənin necə baş verdiyini şərh edib:
"Mən artıq bu məsələ ilə bağlı münasibət bildirmək istəmirəm, insidentdir, oldu, keçib getdi. Bu qəfildən baş verən bir hadisədir. Mən məsələnin böyüməsini istəmirəm, hər hansı fərziyyələrə, uydurmalara da heç bir lüzum görmürəm. Bəzən emosiyalar insanları belə vəziyyətə gətirib çıxarır”.
Tofiq Abbasov Pənah Hüseynin ona qarşı təhqirlərə yol verdiyini və buna görə dəfələrlə ona xəbərdarlıq etdiyini bildirib:
"Mübahisə elə bir yerə çatdı ki, mən onun sözlərinə göz yuma bilməzdim. Birincisi, təhqiramiz münasibət, ikincisi böyüklərin adının halandırılması və s. bunlar yolverilməzdir. İndi mən bunu hər kəsin ixtiyarına buraxmışam. Kim təhqir edir, kim tənqid edir, kim təhqir edir özü bilər. Amma elə şeylər var ki, onları sadəcə etmək olmaz, elə sözlər var ki, onları dilə gətirmək yolverilmləzdir”.
Xatırladaq ki, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn də hadisə ilə bağlı münasibətini bildirmişdi. O, mübahisənin əlbəyaxa davaya çevrilməsini belə izah edib: "Mübahisə Tofiq Qasımovun Türkiyəyə 32 dəfə, Moskvaya yalnız 1 dəfə getməsi ilə bağlı replikasından başladı. Bəlkə də, o demək istəyirdi ki, balans olmalı idi. Mən də bu məsələyə reaksiya verdim.
Aydın Nuri