Cavid Bəhruz: "100 mindən çox insan biz pul qazanaq deyə Azərbaycan səhifəsinə üzv olmayıb ki..." (MÜSAHİBƏ)

GƏNCLİK
18:43 18.09.2011
4221

Bu günlərdə "Facebook"un ən böyük Azərbaycan dilli səhifələrindən olan "Azərbaycan"ı bəyənənlərin sayı 100 min nəfəri keçib. Bununla bağlı  AZXEBER.COM portalı səhifənin yaradıcılarından olan Cavid Behruzdan müsahibə alıb. Həmin müsahibəni təqdim edirik. 

- Cavid bəy, ilk olaraq Azərbaycan səhifəsinin üzvlərinin sayının 100 mini keçməsi münasibətilə sizi təbrik edirik. Mümkünsə, səhifə haqda məlumat verərdiz...

- Öncə təbrikiniz üçün öz təşəkkürümü bildirirəm. Azərbaycan səhifəsini qısa olaraq tərif etsək qısacası bütün Azərbaycanlılara xitab edən, Azərbaycanın dəyərlərinə önəm verən və qoruyan səhifədir. Səhifə iki ildən çoxdur fəaliyyət göstərir və Əli Azər və mənim tərəfimdən idarə olunur.- Necə yığdız 100 min nəfəri?- Əli və mən 100 min nəfəri qısa müddətdə səhifəyə toplamamışıq, bunun üçün sözün əsl mənasında desək əmək vermişik. Səhifədə yerləşdirdiyimiz məlumatlarla düşünürəm ki, üzvlərimizin rəğbətini qazana bilmişik. Bu da bizim səhifənin tanınmasında və böyüməsində ən böyük amildir. Həmçinin qeyd edim ki, bu günə qədər “Facebook” ödənişli reklamlarından heç bir şəkildə istifadə etməmişik.- Bu dəqiqə yüzlərlə insan facebookda səhifə açır və onu artırmağa çalışır. Onlara nə məsləhət görərdiniz? Userləri necə yığsınlar. - Səhifəyə üzv (user) toplamağın ən yaxşı yolu maraqlı və səviyyəli paylaşmalar etməkdir. Mən düşünürəm ki, nə qədər səhifə çox olsa bir o qədər yaxşıdır. Çünki biz xalq olaraq rəqabətə həmişə dırnaqarası yanaşmışıq, yəni kimsə bizim görəcəyimiz bir sahədə olmaq istəyirsə onu bir yolla çəkindirməyə, uzaqlaşdırmağa çalışmışıq. Mənə görə bu əslində rəqabətdən qorxmaqdır. Rəqabət olduqda isə keyfiyyət artar, kim daha yaxşıdırsa o da özünə yer tapar. Facebookda da elədir, kim daha yaxşıdırsa istifadəçilər onu tapacaq, o səhifəyə üzv olacaqdır. İki eyni adlı yaxud eyni məğzli səhifə vardırsa da hansı yaxşıdırsa onda qalacaqdır. Buna normal baxmaq lazımdır. - Bilirəm ki, minlərlə insanın bu səhifə gözü var. Necə qoruyursuz Azərbaycan səhifəsini? - Səhifədə kimlərinsə gözünün olması ilə razıyam, çünki bəzən bunu gizlətməyənlər də olur. Bu isə bizi əlbəttə ən yaxşı qorunma üsullarına əl atmağa vadar edir. Biz səhifəni araşdırdığımız və bələd olduğumuz yollarla qoruyuruq. Kompüter bacarığımız və bələdçiliyimiz də yaxşıdır. - Səhifəyə hücumlar olurmu? Olursa kimlər edir bunları?- Bəli səhifəyə hücumlar olur, ancaq bunun kimlər tərəfindən edildiyini dəqiq deyə bilmərəm. Təxminlərlə isə kiminsə babalını yumaq mənə yaraşmaz. Ancaq elə bu yaxınlarda mənim hesabımı ələ keçirtməyə çalışmışdılar, profilimə mənim olmayan yeni bir e-mail əlavə etmişdilər, ancaq bundan tez xəbərdar oldum və qarşısını aldım. - Səhifəni oğurlasalar nə edərsiz?- Səhifəni kiminsə oğurlaya biləcəyini zənn etmirəm, ancaq oğurlanarsa müvafiq qurumlara və Facebook administratorluğuna əlbəttə ki müraciət edərəm. - Siyasi yönümünüz də mənə maraqlıdır. Bu haqda məlumat verərdiz.- Mən sosial demokratam, ancaq konkret siyasi mənsubiyyət desəniz bu gün özümü heç bir siyasi partiyaya yaxın hesab etmirəm. Çünki Azərbaycanda bu gün hər hansı bir siyasi partiyanın şəffaf olaraq fəaliyyəti yoxdur, yaxud mənə elə gəlir. - Səhifədə siyasi mənsubiyyətinizi göstərirsinizmi? Məsələn paylaşdığınız xəbərlərdə və s. - Səhifədə əlimdən gəldiyi qədər obyektiv və tərəfsiz olmağa səy göstərirəm. Bütün siyasi görüşlərə eyni məsafədə dururam. Etdiyimiz paylaşmalarda balansı maksimum dərəcədə qorumağa çalışıram. - Azərbaycan səhifəsinin bundan sonraki hədəfi nədir?- Azərbaycan səhifəsi say olaraq bundan sonra özünə bir hədəf qoymayıb, ancaq sayımızın bundan sonra daha sürətlə artacağından əminəm. Paylaşmalara gəlincə isə daha çox təbliğat, maarifləndirmə və tanıtma ilə məşğul olacağıq. - Səhifədən gəlir əldə edirsinizmi? Edirsizsə nə qədər?- Dəfələrlə təkliflərə baxmayaraq heç bir maddiyyat qarşılığı reklam etməmişik, hətta bu rəqəmlər çox ciddi və yüksək məbləğlər olub. Ancaq Əli və mən buna həmişə etiraz etmişik, çünki 100 mindən çox insan biz pul qazanaq deyə o səhifəyə üzv olmayıblar ki... Qısacası bunu etik və vicdani olaraq düzgün hesab etmirik.- Son olaraq bizə nə demək istərdiniz?- Mən özüm də son vaxtlar səhifənizə tez-tez daxil oluram. Sizə fəaliyyətinizdə uğurlar arzulayır və həmişə obyektiv olmanızı təmənni edirəm. Həmçinin bu müsahibə üçün də sizə təşəkkür edirəm. Sağ olun.

Hacıbəy Heydərli

OXŞAR XƏBƏRLƏR