AXCP Gənclər Komitəsi qardaş Türkiyədəki son iki hadisəylə bağlı dəstək tədbirinə hazırlaşır. İlk olaraq “Facebook” sosial şəbəkəsində son iki kədərli olay - PKK terrorçu dəstəsinin hərbçilərə xain hücumu və Türkiyədəki dəhşətli zəlzələ ilə bağlı müzakirə açılıb. Oktyabrın 26-da isə Türkiyənin Bakıdakı səfirliyi önündə tədbir keçirmək nəzərdə tutulub. Gənclərin aksiyası “Türkiyə, səninləyik!” və “Türkiyənin kədəri Azərbaycanın kədəridir!” şüarları ilə olacaq.
Bu barədə məlumat verən AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı bildirib ki, tədbir səfirliyin giriş qapısı önündə qərənfillər düzməklə, terroru, PKK-nı pisləyən və Azərbaycan gəncliyinin Türkiyəyə dəstəyini bildirən bəyanatın səsləndirilməsi ilə yekunlaşacaq. Ə.Qurbanlı onu da əlavə edib ki, AXCP Gənclər Komitəsi tədbirə qoşulması üçün siyasi partiyalara və ictimai təşkilatlara müraciət edib.
aTürkiyədən isə AXCP Gənclər Komitəsinin təşəbbüsünə artıq dəstək gəlib. “Tədbir sosial şəbəkədə elan olunarkən xeyli sayda türkiyəli istifadəçi dəstəyə görə Azərbaycan xalqına və dövlətinə, AXCP Gənclər Komitəsinə təşəkkürlərini bildirdi”, - deyə Ə.Qurbanlı qeyd edib.
Komitə sədrinin sözlərinə görə, artıq yüzlərlə azərbaycanlı və türkiyəli “facebook” istifadəçisi tədbirdə iştiraka qatılacaqlarını bildiriblər. Ə.Qurbanlı elan edib ki, tədbirə qatılmaq istəyənlər 15:50-də Mustafa Kamal Atatürkün abidəsinin olduğu parka gələ bilərlər. /// Azadlıq qəzeti