4 oktyabr – Cəbrayıl Şəhəri Günü münasibəti ilə uşaqlar üçün rəssamlıq üzrə ustad dərsləri, yaradıcılıq sərgisi, kukla teatrı tamaşası və sakinlər üçün təntənəli konsert proqramından ibarət tədbir təşkil olunub.
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətindən APA-ya verilən məlumata görə, şəhər günü çərçivəsində uşaqların hazırladığı rəsm və digər əl işlərindən ibarət yaradıcılıq sərgisi, həmçinin iştirakçılar üçün rəssamlıq üzrə ustad dərsləri keçirilib. Səyyar Kukla Teatrı tərəfindən uşaqlar üçün tamaşa təqdim olunub.
Şəhər sakinləri və qonaqlar üçün təşkil edilən təntənəli konsert proqramında Azərbaycan Dövlət Akademik Filarmoniyasının solistləri və rəqs ansamblı çıxış edib. Proqram çərçivəsində Azərbaycan bəstəkarlarının əsərləri, milli musiqi nümunələri, vokal və instrumental ifalar, eləcə də Azərbaycan milli rəqsləri təqdim olunub.
Cəbrayıl Şəhəri Günü tədbiri Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi, Mədəniyyət Nazirliyi və Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin birgə təşkilatçılığı ilə həyata keçirilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən, hər il oktyabrın 4-ü Cəbrayıl Şəhəri Günü kimi qeyd olunur.

















































