“Cənab prezident! Məhəmmədin 19 yaşı vardı, onun günahı nə idi?"

“Cənab prezident! Məhəmmədin 19 yaşı vardı, onun günahı nə idi?"
Bütün Xəbərlər
01:13 02.11.2011
2149
“Cənab prezident! Məhəmmədin 19 yaşı vardı, onun günahı nə idi? Məhəmməd Azərbaycan ordusunun əsgəri kimi sağlam vaxtı desəydi ki, mən xidmət etmək istəmirəm, deyəcəkdilər ki, kef sənindi, nə vaxt istəsən gəlib xidmət edərsən? Əsgəri göz görə-görə öldürürlər, bu, cinayət deyil, bəs nədir?” - bu suallarla Naxçıvanın Şərur rayonunun Mahmudkənd kənd sakini Abasət Əliyev İlham Əliyevə müraciət edib. A.Əliyev prezidentə ünvanladığı məktubun surətlərini bir neçə qəzetin redaksiyasına yollayıb. A.Əliyevin məktubundan bəlli olur ki, oğlu Məhəmməd Əliyev 9 aprel 2010-cu ildə Şərur Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb. Naxçıvan Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin mühafizə taborunda xidmət edib. 25 noyabr 2010-cu ildə atası ilə telefonla danışıb. Ata oğlunun səsindən səhhətində hansısa bir problemin olduğunu sezib. Lakin M.Əliyev atasına bu barədə məlumat verməyib. “26 noyabrda səhər 07:00 radələrində oğlumda yüksək qızdırma müşahidə olunub. Taborun feldşeri Amin Babayev işə gələnə kimi ona heç kim heç bir tibbi yardım göstərməyib. Səhər 8 radələrində qaravul rəisi Bəxtiyar Bayramov soruşub ki, xidmət edə bilərsən? Guya Məhəmməd deyib “bəli”. Onu yenidən qaravul növbəsinə göndəriblər. Oğlum 10-15 dəqiqə xidmət etdikdən sonra vəziyyəti pisləşib və postda qusub. Yaxınlıqdakı postda duran əsgər bunu görən kimi qaravul rəisinə məlumat verib. Qaravul rəisinin tapşırığı ilə oğlumu postdan endiriblər. Səhər 9-dan sonra taborun feldşeri tərəfindən oğluma tibbi yardım göstərilib və ona yataqxanada istirahət etmək tapşırılıb. Axşam saatlarına qədər heç kəs oğlumun səhhətində yaranmış problemlə maraqlanmayıb. Onu bir gərəksiz əşya kimi tək-tənha yataqxanaya atıblar. Belə bir vicdansızlığı, şərəfsizliyi, namussuzluğu insana yaraşdırmaq olmur. Həmin gün axşam saatlarında oğlumun hərarəti 40.5 dərəcəyə qalxanda görüblər ki, vəziyyəti tam pisləşib, həmin vaxt iş saatı bitdiyindən həbsxananm feldşerini çağırıblar. Həbsxananın feldşeri gəlib üç iynəni bir birinə qataraq oğlumun venasına vurub. Bundan sonra oğlumun bədəni başlayıb qaralmağa və ölüb" - deyə A.Əliyev məktubunda bildirir. A.Əliyev yazıb ki, oğlunun ölümü ilə bağlı Naxçıvan Hərbi Prokurorluğunda cinayət işi başlanıb və 3 ay araşdırma aparılandan sonra işin səhvən araşdırıldığını söyləyiblər: “Dedilər ki, bu işə mülki prokurorluq baxmalıdır. Məqsəd isə o idi ki, əsgərin ölümündə təqsirli olan zabitlər cinayət məsuliyyətindən uzaqlaşdırılsın. Baş vermiş cinayətin bütün məsuliyyətini yıxdılar taborun feldşeri Amin Babayevin üstünə. Tabor komandiri Rəşad Cəlilov, bölük komandiri Samir Babayev, qaravul rəisi Bəxtiyar Bayramov və başqa məsul şəxsləri cinayət məsuliyyətindən kənarda saxladılar. Halbuki əsl cinayətkarlar tabor komandiri Cəlilov və bölük komandiri Babayevdir. Bununla bağlı Naxçıvan Prokurorluğunun istintaq şöbəsinin rəisinə və Kəngərli rayon prokuroru Müşfiq Həsənova müraciət etmişəm. İstintaq şöbəsinin rəisi açıq-aşkar dedi ki, ”bir əsgərdən ötrü biz adamları tutmayacağıq" və dediyini də elədi".
OXŞAR XƏBƏRLƏR