Cənnət Səlimova: “10 manat olsa belə, aktyor qane olmağa məcburdur” - MÜSAHİBƏ

MARAQLI
12:51 24.12.2011
2988
Ən əsası isə teatr bizə pərəstiş etdiyimiz aktyor-rejissorlarımızla yaxından ünsiyyət qurmağa yardımçı olur. Müsahibim xalq artisti, tanınmış rejissorumuz Cənnət Səlimova da ömrünün, demək olar ki, ən mənalı illərini teatra həsr edib. Onu teatr fədaisi adlandırmağım lap yerinə düşər. Quruluş verdiyi tamaşaların hər birində onun dəst-xətti, ampluası seçilir. Gənc Tamaşaçılar Teatrında hazırladığı “Şeyx Sənan”, “Romeo və Cülyetta”"nı da onun ən uğurlu işlərindən hesab etmək olar. Bir neçə gün bundan əvvəl premyerası keçirilən yeni quruluşda səhnə həyatı verdiyi “Romeo və Cülyetta” tamaşası premyeraya gələn tamaşaçılar kimi mənim də zövqumu oxşaya bildi.AZXEBER.COM portalı , Gənc Tamaşaçılar Teatrının baş rejissoru Cənnət Səlimovanın “Olaylar” qəzetinə verdiyi müsahibəni təqdim edir...- “Romeo və Cülyetta” tamaşaçılar tərəfindən çox maraqla qarşılandı. Bircə dənə də olsun boş yerin qalmaması, tamaşasıların tamaşanı sona qədər izləməsi bunu bir daha sübut etdi. Amma tamaşada iştirak edən aktyorun vaxtsız ölümü teatr ictimaiyyətinin yaddaşından hələ uzun müddət silinməyəcək. Həmin aktyoru kim əvəz edəcək?- Əvəzedilməz insan yoxdur. Amma Elxan Qurban sözün həqiqi mənasında əvəzedilməz aktyorlardan idi. O kiçik rolu - Piteri - Elxan o qədər yaxşı oynayırdı ki... Gənc aktyor Anar Seyfullayevə bu rol həvalə olunsa da o, Elxanın yerini verə bilmir. Elxan Qurban çox rəngarəng aktyor idi. O, bir az kök idi, amma potensialı çox idi. Çox gözəl bariton səsi, komik lətifələri var idi.- Məşq ərəfəsində səhhətindən şikayət edirdi?- Xeyr. Heç bir şikayəti yox idi. Tamaşadan bir saat əvvəl qrim otağında təsadüfən dünyasını dəyişdi.- “Romeo və Cülyetta” tamaşası əvvəllər teatrda oynanılıb. Ancaq bu dəfə əsər müasir nüanslarla zəngin idi. Bəs nə üçün Cülyettanın geyimində müasirlik elementləri gözə dəymirdi?- Razıyam. Bu tamaşada konkret zaman məfhumu yox idi. XVI əsrdən bugünkü günə qədər hadisələr öz əksini tapır bu tamaşada. Çünki Romeo və Cülyetta o zamanda da yaşayırdı, bu gün də yaşayır, sabah da yaşayacaq. Romeo müasir geyimdəydi. Amma Cülyetta o zamanın geyimində idi. Mən tamaşada dəqiq zaman göstərməmişəm. Bununla demək istəmişəm ki, Romeo və Cülyetta bu gün də yaşayır. - H.Cavidin “Şeyx Sənan” tamaşası da sizin quruluşunuzda maraqlı və rəngarəng alınıb. İki saat ərzində tamaşaçı yorulmur və səbrlə tamaşanı sona qədər izləyir. Amma aktyorların səhnədə nə dedikləri çox çətin başa düşülürdü. Düzdür, H.Cavidin dili olduqca çətindir. Amma onu aydın deməklə həll etmək olardı.- Sözünüzdə həqiqət var. Amma bizim əsas məqsədimiz milli sərvətimizi qorumaqdır. H.Cavidin dili adi dil deyil. Amma bizim ədəbi dilimizdir. M.F.Axundovun dili də həmçinin. Biz təmizliyi qoruyub-saxlamağa çalışmışıq.- Sizcə, teatrı əvvəlki səviyyədə tamaşaçıya sevdirmək üçün nə etmək lazımdır? Bu gün də Azərbaycanın özünün teatr məktəbi var. Əvvəlki teatr məktəbindən indiyə nə qalıb?- Teatr tamaşaçısız yaşaya bilməz. Biz tamaşaçılar üçün yaşayırıq və yaradırıq. Bilirsiniz ki, Gənc Tamaşaçılar, Kamera və Gənclər Teatrı - üç teatr birləşib. Hər bir teatrın öz məktəbi və ənənəsi var. Təbii ki, biz bir yerdə çalışırıq, bir yerdə nəticəyə gəlirik. Teatr tamaşaçılar üçün bir növ məktəbdir. Buraya gələn insan özü üçün nələrsə öyrənməyə, götürməyə çalışır. Bu üç teatrın da hər birinin öz məktəbi və potensialı var.- Sizin tamaşalarınızda maraqlı dekorasiyalar, kostyumlar, musiqi tərtibatı, rəssam işi var. Bu sahədə çətinlikləriniz varmı?- Problem həmişə var. Ümumi götürəndə teatrlar üçün rejissor həmişə problem olub. Amma bədii tərtibat, bəstəkar, rəssam baxımından mən çox razıyam. Firudin Allahverdiyev istedadlı bəstəkardır. Amma iş müddətində problemlərin olması təbiidir.- Bəs müasir dramaturgiya baxımından necə?- Təbii ki, var. Klassiklər zaman-zaman olub və bu gün də var. Amma müasir dramaturgiyamızda da istedadlı olanlar var. Məsələn, Əli Əmirli, Firuz Mustafa, Elçin, Anar, Əkrəm Əylisli olduqca istedadlıdırlar.- Bizim müasir aktyorlarımızda nə çatmır?- Mən sizə gülməli də olsa, cavab verəcəyəm. Hər bir aktyorun ailəsi var. Bu səbəbdən aktyor təkcə teatrla kifayətlənə bilmir. Televiziyaya, dublyajlara, toylara qaçır. Teatrla nəfəs alan aktyorlar pul arxasınca ora-bura qaçırlar. 10 manat olsa belə, aktyor qane olmağa məcburdur. Biz plastmas əsrində yaşayırıq. Təəssüflü hal odur ki, bugünkü gənclər plastmasla nəfəs alırlar. Telefon - plastmas, kompüter, televizor - plastmas. Bu gün tamaşaçının canlı ünsiyyətə ehtiyacı var. Teatrda bu var. Ən bahalı vasitə bu gün canlı ünsiyyətdir. Tamaşaçı ilə aktyor arasında canlı ünsiyyət yaratmaq çox vacibdir. Yeganə ünsiyyət yeri teatr olduğu üçün hesab edirəm ki, bu məkanın yeri əvəzedilməzdir. Bu gün teatrların reklama çox ehtiyacı var. Amma reklam çox bahalı vasitə olduğu üçün teatrların reklamı zəifdir.- Mövzu qıtlığı da tamaşaçıya teatra gəlməyə mane olur.- Bəli. Bir var sizin çox sevdiyiniz mahnı, bir də var heç sevmədiyiniz mahnı. Teatrda da vəziyyət belədir. Elə aktyorlar ki, tamaşaçılar onu çox sevir, görəndə qarşısına gəlirlər, ünsiyyət qururlar. Elə aktyor da var ki, tamaşaçı onu heç sevmir. Tamaşalar da həmçinin.- Teatr aləmi aktyordan çox böyük fədakarlıq tələb edir. Bu gün canını, ömrünü teatra fəda edən aktyorlarımız varmı?- Ən istedadlı aktyorlar fədakarlardır. İstedad nədir? İstedad vəfalıdır. Mən o qədər teatrla nəfəs alıb, hətta teatrda ölən aktyorlar görmüşəm ki. Bizim teatrda da var, başqa teatrlarda da.- 70 yaşlı aktyorların əksəriyyəti təqaüdə göndərildi. Rejissor kimi, yəqin, razılaşarsınız ki, teatrın qocaman aktyorlara ehtiyacı var.- Qara Qarayevə necə demək olardı ki, yazma. O yaradıcı şəxsiyyət idi. Onun əsərləri yaşadığı dövrdə də aktual idi, bu gün də onun yazdığı musiqilər sevilir. Amma məmurlar dövlət vəzifəsində çalışırlar. Mühasibat mühasibatdır, mühəndis mühəndisdir. Bunlarla sənət adamına eyni yanaşmaq olmaz. Rauf Abdullayev simfonik orkestrin bədii rəhbəridir, baş dirijordur. Onun 70-dən yuxarı yaşı var. Amma o böyük simfonik orkestri yüksək səviyyədə idarə edir. Onun sənətdə qalması vacibdir. Mənim üçün onun yaşı maraqlı deyil, sənəti, gördüyü işlər maraqlıdır.- Mədəniyyət və İncəsənət Universitetində gənc rejissorlara dərs deyirsiniz. Bugunkü tələbələrin potensialı sizi qane edir?- Bu, çox çətin sualdır. Keçən il rejissor kursunu yola saldım. 10 tələbədən 4-ü rejissor oldu. Yenə də deyirəm ki, bu 4 nəfərə də şükür. İndiki dərs dediyim I kurslar hələ çox zəifdir. Onların teatr stimulu yoxdur. Hərçənd ki, teatrı sevmək lazımdır. Bilmirəm niyə, rejissorluqda oxuyan tələbələrin marağı çox zəifdir. İstedadı, bacarığı çox zəifdir. İntellektual səviyyələri çox aşağı səviyyədədir. Bu da məni çox narahat edir. Düzdür, 3-5 nəfər oxuyan var. Amma kursda 15 tələbə var axı. Deyim ki, gələcəyin Ələsgər Ələkbərovu, gələcəyin Hökumə Qurbanovası, Şəfiqə Məmmədovası - bu cür tələbələr yoxdur. Bəlkə nə vaxtsa olacaq.- Aktyor olmaq istəyən kəs ilk öncə hansı keyfiyyətlərə malik olmalıdır?- Ən başlıcası - istedadı olmalıdır.- Bildiyimizə görə, yeni əsər üzərində çalışırsınız.
OXŞAR XƏBƏRLƏR