Ceyhun Osmanlı: "Kütlə psixologiyasından əl çəkmək lazımdır."
GƏNCLİK
14:48 03.02.2011
2444
Bundan başqa, desəydilər ki, 25 yaşında millət vəkili olacaq, dövlətdə və biznesdə bu qədər gənc iş adamı çalışacaq, heç kim buna inanmazdı". Bu sözləri Millət vəkili, "İrəli" İctimai Birliyinin sədri Ceyhun Osmanlı bildirib.
- Sovet dövründə belə bir streotip var idi ki, insanların 40 yaşı olduqdan sonra onlar cəmiyyətdə mövqe tuta bilərdilər. Gənclərin I Forumundan ötən 15 il ərzində cəmiyyətin gənclərə güvəni formalaşdı. Artıq həm cəmiyyət, həm də dövlət gənclərə etibar edir. İkinci bir məsələ isə gənclərin öz-özünə güvənin formalaşmasıdır. Çünki 20 il əvvəldən fərqli olaraq indi Azərbaycan gəncləri müstəqil dövlətdə yaşayır, ciblərində müstəqil ölkənin pasportunu daşıyırlar. Bu ölkə isə günü-gündən inkişaf edir. Azərbaycan yeni müstəqillik qazananda ölkə gənclərində sanki belə bir kompleks var idi ki, Avropa gəncləri daha çox qabağa gedib, onların ölkəsi daha çox inkişaf edib və bunun nəticəsində biz onlara aşağıdan yuxarıya doğru baxırıq. Amma indi Azərbaycan gəncləri dünya ölkələrinin gəncləri ilə eyni masada oturub bərabərhüquqlu tərəflər kimi müzakirələr aparırlar. Güclü dövlətin vətəndaşı olmaq, bu ölkənin başçısının hər zaman onların yanında olmasını bilmək gənclərin öz-özündə güvən yaradan məsələlərdən biridir. Bu il yubileylər ilidir, belə ki, həm Azərbaycan Gənclər Forumunun keçirilməsindən 15 il ötür, həm də Azərbaycanın müstəqillik qazanmasının 20 illiyidir. Azərbaycanın ən nəzərəçarpan göstəricisi onun hazırda inkişaf etməkdə olan ölkə kimi təqdim olunmasıdır. Cənab prezidentin qoyduğu hədəfə uyğun olaraq məqsədimiz inkişaf etmiş ölkəyə çevrilməkdir. Bunun üçün tək təbii resurslar vacib deyil, bunlardan düzgün istifadə etmək üçün insan kapitalı daha mühüm məsələdir.
- Gəlin etiraf edək ki, bu gün gənclər sahəsində yenə də bir çox problemlər qalmaqdadır. Sizin fikrinizcə, gənclərin sosial vəziyyətinin yaxşılaşdırılması, lazımi iş yerləri ilə təminatı və digər bu kimi problemlərin həlli istiqamətində hansı işlər görülməlidir?
- Hər bir Azərbaycan vətəndaşı anlamalıdır ki, xoşbəxt cəmiyyət istəyiriksə, hər birimiz buna eyni qədər can yandırmalıyıq. Xüsusilə məmurlar, dövlət işçiləri və vəzifədə olan insanlar. Çünki onların əlində daha çox səlahiyyətlər var. Xalq o insanlara səlahiyyət verib, dövlət həmin insanlara güvənib hökumətin nümayəndələri təyin edib ki, onlar firavan, ədalətli, insanların bərabərhüquqlu yaşadığı cəmiyyəti təmin etsinlər. Ola bilər ki, bir qrup insan bunu başa düşmür. Onlar elə bilirlər ki, varlanmaqla xoşbəxtlik əldə etmək olar. Amma bu elə deyil. Əgər bir insan varlıdırsa və onun qonşusu kasıbdırsa və yaxud bir insan təhsillidirsə və onun tanışı cinayətkardırsa, ilk növbədə həmin şəxsə qonşudan zərər gələcək. Xoşbəxt, firavan cəmiyyət üçün hər birimiz fərd olaraq missiyamızı başa düşməliyik. Sürücü, müəllim, həkimin hər biri ən yaxşı olmalıdır. Çünki cəmiyyət bir orqan kimidir. Həkim, müəllim, sürücü, hərəsi ayrılıqda bir kənarda ziyan versə, millət vəkili də öz funksiyasını yerinə yetirməsə, cəmiyyət dağılar. O ölkələr ki, buna diqqət yetirməyib, onların nəticələri göz qabağındadır. Azərbaycan insanı öz missiyasını anlayıb, onların 99%-i təhsillidir. İctimai nəzarət funksiyasını yerinə yetirməli olan insanlar-media, millət vəkilləri, QHT-lər bu funksiyaları lazımi şəkildə həyata keçirməlidirlər. Bu günlərdə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin rəhbərliyi ilə iclas keçirilib. Burada da dövlət artıq öz fikrini ortaya qoyub ki, anti-korrupsiya tədbirlər gücləndirilməli, ədalətli cəmiyyət qurulmalı və bərabər imkanlar yaradılmalıdır. Qısa zamanda bunun effektinin şahidi oluruq. Hər hansı bir məmur və ya dövlət işçisi buna qısa bir proses kimi yanaşmamalıdır. Yenidən və yenidən öz missiyasını başa düşməlidir. Cəmiyyət hər zaman özü ictimai nəzarəti yerinə yetirərək insanları məsuliyyətli davranmağa məcbur etməlidir.
- Bu gün xaricdə oxuyub ölkəyə qayıdan gənclərin bilik səviyyələri Azərbaycanda olan dövlət iş yerlərinin əmək haqqına uyğun gəlirmi?
- İlk növbədə ölkədə əmək bazarı rəqabətyönümlü olmalıdır. Biz elə mexanizmlər fikirləşməliyik ki, bunun nəticəsində dövlət büdcəsi artsın. Məsələn, bugün yaxşı maşın nömrələri üçün “qara bazar”da bir-birinə pul verirlər. İl ərzində onların leqallaşdırılması üçün yeni qanun qəbul olunsa, daha yaxşı olar. Bir çox inkişaf etmiş ölkələrdə yaxşı maşın nömrəsi almaq istəyənlər rəsmi dövlət kassasına pul köçürərək yeni nömrəni əldə edirlər. İl ərzində sırf maşın nömrələrindən 40-50 milyon manat qənaət etmək olar ki, bu da Azərbaycan Milli Elmlər Akademiyasının, bir çox universitetlərin bütün heyətinin bir illik maaşına bərabərdir. Cəmiyyət təşəbbüskar olmalı, onlardan yeni təkliflər daxil olmalıdır. Bu 2-3 insanın təşəbbüsü olmamalıdır, bütün cəmiyyət bunu eyni cür arzu etməlidir. Bu gün müəyyən səlahiyyəti olan insanların mövcud vəziyyətdən bəhrələnmək istəkləri düzgün deyil. Çünki onların övladları böyüyür və nə vaxtsa bunların ziyanını görəcəklər. Bu həyatda ilk növədə ilahi bir ədalət var. İkincisi, cəmiyyət var və onun gözü tərəzidir.
- Son olaraq Gənclər Günüdə bugünki gənclərə arzu və istəkləriniz...
- Gənclər hansı sahədə olmalarından asılı olmayaraq həmin sahəni sevməli və oranın bir nömrəsi olmağı qarşıya məqsəd qoymalıdırlar. Bu gün bir qrup insan var ki, mexaniki şəkildə universitetə gedib-gəlirlər və bilmirlər ki, nə üçün oxuyurlar. Bu kütlə psixologiyasından əl çəkmək lazımdır. Sahədən asılı olmayaraq kadr olmağı qarşıya məqsəd qoymaq lazımdır. O sahəni özü seçməli, şüurlu şəkildə yanaşmalı, həm özünün, həm də dövlətin inkişafı baxımdan münasibət bəsləməlidir. Biz eqoist deyilik. Hamı birinci özünün inkişafını düşünsün. Çünki hər kəs inkişaf etdikdə cəmiyyət də bu inkişaf etmiş fərdlərdən ibarət olaraq inkişaf etmiş cəmiyyət olur. Bunun nəticəsində dövlət də inkişaf etmiş ölkəyə çevrilir. İnkişaf etmiş cəmiyyətdə inkişaf etməmiş dövlət formalaşa bilməz. Gənclərdən arzum odur ki, onlar öz zəhmətləri ilə irəliləsinlər, asan yollar axtarmasınlar. Özləri öz zəhmətləri ilə irəliyə doğru getməyi qarşılarına məqsəd qoysunlar.