Ceyhun Osmanlı: 'Gənclər təşkilatı 'vəzifə'yə gedən yoldur yoxsa vəzifədir?'
GƏNCLİK
16:30 02.05.2012
1940
İstefa yoxsa Qurultay?- “İRƏLİ” İctimai Birliyinin Nizamnaməsinə uyğun olaraq 5 May 2012-ci ildə Hesabat və Seçki Konfransı (Qurultay) keçiriləcəkdir. Yəni bəzilərinin ajiotajla qeyd etdiyi kimi Qurultay barədə qərar qəbul etməklə təşkilatdan istefa verməmişik. Hüquqi öhdəliyimizi yerinə yetirmişik…Niyə hüquqi öhdəlik?- Demokratiya, hüququn aliliyi hər kəsin sevdiyi, bəyəndiyi və tez-tez dilə gətirdiyi ifadələrdir. Amma hüquq və demokratiya elə bizdən başlayır. Biz qanunlara riayət etdiyimiz müddətcə qanunçuyuq və demokratik dəyərləri öz həyatımızda yaşadığımız müddətcə demokratıq. Bu sözləri tez-tez işlədən, amma öz həyatında tətbiq edə bilməyən, demokratiyanı xaricdə axtaran insanlar və qurumlar qıraqdan çox qeyri-ciddi görünür. Bu baxımdan “İRƏLİ” idarə heyəti və digər struktur nümayəndələri 5 mayda təşkilatın rəhbərliyini bizi rəhbər edən şəxslərə, təşkilatda hakimiyyətin əsl mənbəyi olan “İRƏLİ” üzvlərinə təhvil veririk. Qurultaya seçilmiş olan 2 minə yaxın nümayəndələr isə səsvermə yolu ilə növbəti müddətə təşkilatın, sədrini, Mərkəzi Nəzarət Təftiş Komissiyası üzvlərini və daha sonra isə İdarə Heyəti üzvlərini seçəcəklər. Hal-hazırda seçki rallisi başlayıb və sədrlik uğrunda namizədlikləri verilmiş şəxslər arasında gedən xoş bir mübarizəni və minlərlə insanın bu prosesləri diqqətlə izləməsini görməmək mümkün deyil. Məncə gənclərimiz arasında bu yaşda qanunçuluğun, hüquq, seçki mədəniyətinin təşəkkül tapması özü başqa bir xoş müzakirə mövzusudur və bunun üçün fəaliyyət göstərməyə dəyərdi.Gəncləşirik…Bu gün Azərbaycanda yaşı 30-dan aşağı olan 6 milyona yaxın insan var. Bu ölkə əhalisinin 60 faizi deməkdir. Bu gün Azərbaycanda daha sürətli, çevik və məlumatlı gənclər formalaşır. Əhalinin yarısının internetə çıxışı olan ölkəmizdə demək olar ki, hər bir gənc internet istifadəçisidir. Təkcə sosial şəbəkələrdə 1 milyona yaxın Azərbaycan insanı qeydiyyatdan keçmişdir ki, bunun da əksəriyyəti gəncdir. Müstəqillik illərində 10 mindən çox gəncimiz xarici universitetlərdən məzun olmuş, hal-hazırda 11 minə yaxın gəncimiz isə xaricdə təhsil almaqdadır. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev “Gələcək gəncliyin əlindədir” dediyi zaman bu günkü Azərbaycan gəncliyinin potensialına inamını ən yüksək səviyyədə ifadə etmişdir. Gənclik yeni düşüncə, və müasirləşmə deməkdir. Müasirləşmə isə həyatımızın bütün sahələrində labüddür. Ölkəmizin müasirləşmə kursuna baxmayaraq bu gün hələ də milli azadlıq hərəkatı dövündən bu günə qədər yeniləşməyən siyasi partiyaları, təşkilatları görmək mümkündür. Hələ də Azərbaycanda yaşı 40-dan, hətta 50-dən çox olan siyasi partiyalar, gənclər təşkilatı və hətta uşaq təşkilatı sədri var. Lakin ölkəmizin inkişafı naminə həm hüquqi, həm də mənəvi öhdəliklərimiz varsa biz qanunları pozmaq naminə yarışmamalıyıq, tam əksinə qanunçuluq və demokratikləşmə naminə yarışmalıyıq.Məmurları gəncləşməyə səsləyənlər…Bir çox gənclər təşkilatında sədr olan həmkarımız var ki, uzun illər eyni vəzifədə qalan məmurları tənqid edərək, onları öz yerlərini gənclərə verməməkdə suçlayır… 20-30 il eyni gənclər təşkilatının sədri olan bir insanla, 20 il eyni vəzifədə nazir işləyən bir insanın məsələlərə yanaşmasında və demokratik təfəkküründə hansı fərq var? Ən azından nazirin vəzifəsinin adında `gənc` sözü yoxdur və ən azından nazirin iki ildə bir Qurultay keçirmək öhdəliyi yoxdur. Siqaret çəkən bir insanın, başqasına siqaret çəkməməsi bağlı məsləhət verməsi nə qədər səmimi görsənirsə, qocaman gənclər təşkilatları sədrlərinin də (onların arasında kifayət qədər dostlarım var və bu mövzuya az sonra qayıdacam) məmurları gəncləşməyə səsləməsi o qədər səmimi görsənir. Əslində bir təşkilat yenilənməsi üçün kadr tapa bilmirsə, elə ilk növbədə öz fəaliyyətini və təşkilat üzvlərini sual altında qoyur.Niyə mənəvi öhdəlik?Həyatımızın hər bir sahəsində, o cümlədən gənclər təşkilatında da inam mühiti vacibdir. İnam həm də stimuldur. Bir gənc inanmalıdır ki, O günün birində ideyasına inandığı, uğrunda vuruşduğu təşkilatının rəhbəri ola bilər. Bir təşkilatın hər zaman yaşaması və ideyalarının gələcəyə indekslənməsi üçün isə nəsillərarası davamiyyət olmalıdır. `Atalar və oğullar` problemi ziddiyyət yolu ilə deyil, təkamül yolu ilə həll edilməlidir.“Qocaman” gənclər…İstənilən yaşda insan QHT fəaliyyəti ilə, könüllü fəaliyyətlə məşğul ola bilər. İstənilən adam QHT-ni peşəkar fəaliyyət formasına çevirə bilər və bu çox normaldır. Dünyada yüz minlərlə həyatımızın hər bir sahəsini əhatə edən peşəkar qeyri-hökümət təşkilatları var. Az öncə qeyd etdiyim gənclik dövrünü başa vurmuş dostlarımın QHT fəaliyyətini davam etməsi əlbəttə ki, normaldır və hətta arzu olunandır. Çünki hər bir təşkilat özü ilə bərabər bir missiyanı bərabərində gətirir. Azərbaycan qanunvericiliyi təşkilatların öz qurultayında nizamnamələrinə dəyişiklik etməyə və hətta təşkilatın adını belə dəyişməyə imkan verir. Ona görə də estafeti öz təşkilatlarında gənclərə vermək istəməyən gənclər təşkilatı rəhbərləri üçün nizamnaməyə dəyişiklik edərək təşkilatın profilini gənclər təşkilatından digər bir peşəkar fəaliyyət istiqamətinə çevirməsi məsələnin həlli yollarından biri ola bilər. Beləliklə onlar artıq həm yerli, həm də beynəlxalq səviyyədə tənqid hədəfi olmayacaqlar. Hətta bu yeni QHT-lər elə yenə də gənclərə dəstək vəya himayə xarakterli ola da bilər. Amma gənclərin, tələbələrin təşkilatları deyə mövqe nümayiş etdirən və əslində nə gənc, nə də tələbə olmayan və onları təmsil etməyən qurumlar təbii olaraq ictimayyətin tənqidinə tuş gəlir. Gənclər təşkilatı “vəzifə”yə gedən yoldur yoxsa vəzifədir? Hər kəs xalqımıza xidmət üçün öz vəzifəsini şərəflə daşımalıdır. Sürücü də, müəllim də, həkim də bir vəzifədir. O cümlədən əslində bir gənclər təşkilatı sədri olmaq da bir vəzifədir. Əlbəttə onu yaradarkən aydın missiyamız və o missiya çərçivəsində xidmət etmək entuziazmımız varsa… Lakin təbii ki, dövlətin elə özünün ardıcıl investisiya etdiyi gənclərinə, o cümlədən gənclər təşkilatları rəhbərlərinə kadr bankı kimi baxması çox labüddür və məntiqlidir.Zərurətdən doğan yazı!Kimsə deyəcək ki, “bu yazıya ehtiyac yox idi”, kimlərsə müsbət addım kimi dəyərləndirəcək, kimsə də tənqid edəcək. Amma bütün bunlar bir yana son günlərdə Qurultayda yerini yeni nəsillərə verəcək `İRƏLİÇİ`lərlə bağlı ən çox eşitdiyim suallardan biri `İndi getmək vacib idimi və Qurultaydan sonra nə edəcəksiniz?` sualıdır. Bu sualın həm müsbət, həm mənfi tərəfi var. Müsbət tərəfi odur ki, ictimaiyyət hər zaman yeni layihələr gözləyir və çox keçmədən yeni ideyaları sizlərlə paylaşacağıq. Sualın mənfi tərəfi isə odur ki, bu kimi Qurultaylara və vaxtında qəbul edilən demokratik qərarlara təəccüblənmək əvəzinə, buna sevinmək və bu ideyanı təşviq etmək lazımdır. Dostlarımız əmin olsun ki, `İRƏLİ` heç vaxt bitməyəcək bir ideya, həyat tərzidir və hər zaman yeni üzvlərimizin yanında olacağıq. İstənilən halda isə `İRƏLİ`-nin Qurultayının cəmiyyətdə böyük ajiotaja səbəb olması müsbət haldır. Əgər bir təşkilatın daxilində gedən proses cəmiyyətdə bu qədər müzakirə olunursa, demək ki, həmin təşkilat ictimai düşüncədə özünə yer tapa bilibdir.