Ceyhun Osmanlı: 'Hamı özünü ən azından ac qonşusuna görə məsuliyyətli hesab eləməlidir' - MÜSAHİBƏ

Ceyhun Osmanlı:
Bütün Xəbərlər
18:29 09.08.2012
2238
AZXEBER.COM millət vəkili Ceyhun Osmanlının publika.az-a müsahibəsini təqdim edir. - Ceyhun bəy, uşaqlığınız necə keçib?- Həddən artıq çox sual verən uşaq olmuşam. Valideynlərimlə yanaşı, nənə və babamı da suallarımla yorurdum. Uşaq vaxtı məni ən çox xoşbəxt edən hadisə yay aylarında Göyçaya - nənəmgilə getmək idi. Mənə həddən artıq sərbəstlik verilmişdi. Heç bir təşəbbüsümə mane olmurdular. İndi də yadıma düşəndə mənə qəribə gəlir ki, necə bu qədər sərbəstlik verə biliblər... - Necə düşünürsüz, indi ailələrdə gənclərə dediyiniz sərbəstlik verilir?- Heç nə haqqında ümumiləşdirilmiş formada danışmaq olmaz. Elə ailələr var ki, uşaqlarının sərbəst yetişib inkişaf etməsi üçün hər cür şərait yaradırlar. Ən yaxşı yatırım insana olan yatırımdır. Övladının təhsilinə yatırım qoyan valideyn özünün və övladının gələcəyinin təminatçısıdır. - İndiki gənclərin lazımi qədər mütaliəli və intellektual olmadığı deyilir... - Deməzdim. Əksinə, nəinki gənclər, indiki uşaqlar da bizi geridə qoyub. Gənclik sürətlə inkişaf edir. Problem sadəcə, təhsildədir. Almaniyadakı təhsil sistemindən yəqin ki, xəbəriniz var. Orta məktəbin 4-cü sinfindən artıq məlum olur ki, şagirdin potensialı var, ona investisiya qoymaq olar. O da təhsili daha üstün olan məktəbdə oxuyur. Daha güclü müəllimlərdən dərs alır. Bu müəllimlər üçün də stimul olur. Güclü məktəbin müəllimi daha yaxşı maaş alır. Bu sistem formalaşdıqca təhsildə problem qalmır. Həmin uşaqları ali məktəblərə imtahansız qəbul edirlər. Nəticədə ədalətlilik prinsipi qorunur. Potensialı olmayan, pis qiymətlərlə oxuyan şagird 11 il intellektual səviyyəsi özündən qat-qat güclü şagirdlə eyni parta arxasında oxuyur. Daha sonra 150 bal toplayıb əziyyətlə 700 bal toplamış şagirdlə eyni universitetdə oxumur. Ədalətli təhsil budur. - Mediadakı yeniliyi necə qiymətləndirirsiz?- Yeni media yaranandan sonra xəbərin mahiyyəti dəyişib. Sosial şəbəkələr xəbərin çatdırılması və formasını dəyişdi. Hər sosial şəbəkə istifadəçisi ayrılıqda jurnalist və xəbər ötürücüsüdür. Hansısa sosial şəbəkə istifadəçisi ciddi xəbər və ya təxəyyül məhsulunu yayırsa, günün sonunda artıq bu haqda bütün şəhər xəbər tutur. Xəbər indi işıq sürəti ilə yayılır. Əvvəllər hansısa qurumun mətbuat xidmətinin rəhbəri günün əvvəlində gündəmlə bağlı rəhbərliyə informasiya verməli idi. Günün yekununda isə xülasə verirdi. İndi bu rejimlə işləmək mümkün deyil. Mətbuat xidməti onlayn rejimlə işləyir. Başqa cür işləsə, həmin qurum informasiyasızlığa görə işlərində uduzar. İndi xəbər doğrudurmu, düzgün adam verirmi, müzakirəsinin vaxtı deyil. Xəbər çıxırsa, zəncirvari formada yayılır. Hər dəqiqə dezinformasiya verən saytlar varsa, bunun əksini edən, doğru xəbər yayan saytlar da olmalıdır. İndi 1 əsr əvvəl olduğu kimi, dövlətlər silaha sarılıb mübarizə aparmırlar. İndi mübarizə üsulu informasiyadır.- Siz özünüz necə, dezinformasiyadan əziyyət çəkmisiz?- Əgər siz hansısa fəaliyyətlə məşğulsunuzsa, iş görürsünüzsə başqalarını narahat edəcəksiniz. Sizin haqqınızda yazacaqlar, hətta böhtan atacaqlar. Bizim işimiz o qədər çoxdur ki, nəinki hansısa qurumun əleyhinə, heç xeyrinə də yazmağa vaxtımız yoxdur. Bu yaxınlarda Kultura.az adlı bir saytda “İrəli” haqqında bir yazı gedib. Yazı o qədər uzundur ki, sona qədər oxumağa da həvəs yoxdur. Kimsə “İrəli” haqda bu qədər uzun yazı yazmağa həvəslidirsə, deməli biz işləyirik. Əslində o yazının sifarişçisini də, müəllifini də tanıyırıq. Ən gülməli məqam odur ki, yazının müəllifi yerində  “anonim” yazılıb. Özünə hörmət edən heç bir xəbər qurumu “İrəli” kimi gənclər təşkilatı haqda yazdığı yazıya “anonim” imzasını qoymaz. Bu cür qeyri-peşəkarlığa fikir vermirik. - Siz xəbəri hardan alırsız?- Günü sosial şəbəkələrə daxil olub xəbər oxumaqla başlayıram. İki sosial şəbəkədə 5 dostun statusunu oxumaq kifayət edir ki, gündəmdən xəbər tutasan. İndi xüsusi bir xəbər saytını və ya qəzeti izləmək elə də vacib deyil. Sosial şəbəkələr pulsuz sosioloji sorğu mərkəzidir. Əvvəllər hansısa sosioloji sorğu aparmaq üçün gərək, hansısa sosioloji sorğu mərkəzinə pul ödəyib təhlil cavabı alaydın. İndi istənilən mövzunu sosial şəbəkədə müzakirəyə çıxarıb cavab ala bilirsən.- “İrəli”nin ortaya çıxmasında sosial şəbəkələrin rolu böyük oldu...- Sosial şəbəkələrin informasiya yaymaqda böyük rol oynadığını “İrəli” digər gənclər təşkilatlarından daha tez anladı. Vaxtında düzgün təbliğat aparıldı. Hazırda sosial şəbəkələrdə “İrəli”nin iki fan səhifəsi var. "İRƏLİ"nin bir səhifəsində 60 min, digər səhifəsində 30 minə yaxın adam  var. Görülən işlər haqda hesabat vermək üçün ən yaxşı yer elə sosial şəbəkədir. - Sizin və Bəxtiyar Hacıyevin Harvard universitetində oxumağınız halda xeyli müzakirələr getdi. Siz  Harvardda oxumusuz?- Bizdə belə bir xüsusiyyət var. Kiminsə 3 mərtəbəli evi var, ya da  qonşunun övladı 700 bal toplayıb. Ətrafdan gələn ilk sual budur: 3 mərtəbəli evi tikməyə pul ona hardandır? Və ya 700 balı toplamaq üçün yəqin ki, başqasından köçürüb. Heç kim başqasının uğurunu qəbul eləmək istəmir. Bu da özünü təsdiq eləməyən, qeyri-kreativ insanların xüsusiyyətidir. Karyerasında, şəxsi həyatında uğur qazanan heç kim başqasının uğurlarına qara yaxmağa çalışmaz. Mənim şəxsi saytım var. Saytda təhsilim haqqında ən xırda detalları da qeyd etmişəm. Mən 2008 – ci ildə Harvard Universiteti (Boston, ABŞ) “Liderlər İnkişafda Proqramı”nın məzunu olmuşam. Həmin universitetdə magistratura və ya bakalavr oxumamışam. Harvardda təhsil almaq söhbətinin ümumiyyətlə, necə ortaya çıxdığını da bilmirəm. Harvardda oxuyan azərbaycanlı bir qız var. Adı Süleymanova Əzizədir. Harvardın ən yaxşı ixtisasında, astrofizika fakultəsində yüksək balla təhsil alır. Niyə o qızın uğurları bizdə müzakirə olunmur? Harvardda çoxlu sayda azərbaycalı gənclər təhsil alır. Biz nə birinciyik, nə də sonuncuyuq. Niyə bu qədər müzakirə olunur, onu anlaya bilmirəm. Bəxtiyar Hacıyevə gəlincə, o, Harvardda magistr təhsili alıb.- Seçki kampaniyanız da müzakirələrə səbəb oldu. Diş pastaları, stomatoloqlar...- Mən fərdiçiliyi sevmirəm. Bu komanda işi idi. Təklikdə heç bir iş görməmişəm. Düzgün komanda qurmuşdum. Ən böyük kapitalım da elə dostlarımdır. Onlar kampaniyanı necə başlayıb bitirdilərsə, hiss eləmədim ki, bu missiyanın altına təkcə girirəm. "İRƏLİ"də qazandığım dostlar və təcrübənin kampaniyanın uğurlu olmasında rolu olub. Bu “İrəli”nin nə ilk, nə də son kampaniyası deyildi. İndi də hər gün “İrəli”nin bir neçə tədbirinə gedirəm. O vaxt sadəcə olaraq seçki ərəfəsi olduğuna görə, bu, diqqət çəkdi. Söz-söhbətə gəlincə, bu, normaldır. “İrəli” işlək təşkilat olduğu üçün daima müzakirə obyekti olub. - “İrəli”nin digər gənclər təşkilatları ilə münasibətində hansı irəliləyişlər var?- “İrəli” heç vaxt hansısa təşkilatın fəaliyyətinə münasibət bildirməyib. Biz ancaq özümüzü tənqid edə bilərik. Amma digərləri isə bəzən sifarişlə, bəzən sevərək bizi tənqid edib. “İrəli”nin digər təşkilatlarına münasibəti Azərbaycanın viza sisteminə oxşayır. Kim bizə viza tətbiq edirsə, biz də onlara viza rejimi qoyuruq.- Dediyiniz informasiyalılıq regionlara çata bilib?- Regionlarda əyləncə mərkəzləri azdır. Sosial şəbəkədə ən aktiv gənclər ona görə də regionlardandır. Rayonda insanın həyatını əyləncəli edən yeganə nəsnə sosial şəbəkələrdir.- Sabirabadda teatr var?- Sabirabadda böyük bir mədəniyyət evi var. Məsələ teatrın olmasından getmir. Teatra nə qədər baxmaq istəyən var, onu müzakirə etmək lazımdır. İndi hamının evində kabel televiziyası, DVD var. Bu, elə o deməkdir ki, hamının evində kinoteatr var. Guya, bakılılar hər gün teatra gedir? Şəhərdə alternativ daha çoxdur. Amma həyat eynidir.- Gəlin, ədəbiyyatdan danışaq: kimləri oxuyursuz?- Mən daha çox siyasi ədəbiyyat oxuyuram. Bzejinskini, Fukuyamanı, Fərid Zəkəriyyəni oxuyuram. Hazırda Ali Çimeni oxuyuram. 10 cildlik kitabdır. Dünyasını dəyişən insanlar, hadisələri anladan çox maraqlı kitabdır. Bədii ədəbiyyata gəlincə, mənim üçün sarı simə toxunan misraların müəllifi Bəxtiyar Vahabzadədir. Gözəl kəlmələr, maraqlı kombinasiyalar hələ sevə biləcəyim ədəbiyyat deyil. Bəxtiyar Vahabzadə isə mənim üçün ədəbiyyatın fəlsəfəsidir. “Axı, dünya fırlanır” bütün dövrlərdə aktual olan fəlsəfədir.- Bəs müasir ədəbiyyat?..- Qaraqanın “A” romanını çox bəyənirəm. “İrəli”nin ədəbi məclisi var. Ora gələn gəncləri izləyirəm. Hələ ki, özlərini təsdiq edə bilmirlər. Onlara ən yaxşı örnək Çingiz Abdullayevdir. Mən dincəlmək üçün Çingiz Abdullayevi oxuyuram. Özünü də, yaradıcılığını da çox sevirəm. Çingiz Abdullayev həm çox yaxşı yazır, həm də yazdıqlarının marketinqini qura bilir. O bilir ki, oxucu bazarının nəyə ehtiyacı var. Bədii ədəbiyyatla 11-ci sinfə qədər tanış olmuşam. İndi siyasi ədəbiyyat oxumağım, vaxt məhdudiyyəti bədii ədəbiyyat oxumağa imkan vermir.- Sizi ən çox narahat edən problemlər hansılardır?- Azərbaycan xalqı ailə sistemi, gözəl adət-ənənələri, insani keyfiyyətləri ilə tanınan xalqdır. Lakin indi bizdə laqeydlik yaranıb. Ən ucqar kənddə yaşayan, heç adını da bilmədiyimiz yataq xəstəsinin problemi də bizimdir. Bu, bizim insanımızdır, bizdən biridir. Müqəddəs Quranda deyildiyi kimi, bir problem haqqında məlumatın varsa, artıq məsuliyyət daşıyırsan, heç kim də olmasa, öz vicdanın qarşısında cavabdehsən. İnsana yatırım qoymayan ölkələr uğursuzluğa məhkumdur. Heç bir təbii resursu olmayan Yaponiya, Almaniya vaxtında insanına investisiya qoyduğu üçün indi yeni texnologiyalar sahəsində dünyaya meydan oxuyur. Hər xaricə təhsil üçün göndərilmiş gənc özü ilə yeni bilik, yeni adət-ənənə, fərqli düşüncə gətirəcək. Fərqli düşünən insanlara qəribə baxılır. Əksi olmalıdır. Nə qədər fərqli insan varsa, bu, Azərbaycanın zənginliyidir. Mümkün qədər ətrafa qarşı hamı məsuliyyətli olmalıdır. Hamı özünü ən azından ac qonşusuna görə məsuliyyətli hesab eləməlidir.- Maddi istəklərlə sizə yazılan məktublar çoxdur?-Çoxsaylı mövzularda seçicilərdən məktublar gəlir. İçində elələri var ki, həmin mövzular millət vəkilinin imkanlarını aşan mövzulardır. Ailədaxili məsələlər, böyük maliyyələrlə, hətta çoxsaylı şəxsi məsələlərlə bağlı məktublar gəlir. Bəzi ölkələrdə millət vəkillərinə büdcə ayrılır. Bizim isə millət vəkili maaşından başqa büdcəmiz yoxdur. Ancaq bu o demək deyil ki, vətəndaşın şəxsi probleminin həllində ona kömək etməməliyik. Tam əksinə hər kəsin yanında olmağa çalışmalıyıq. Seçicilərin qaldırdığı bir çox köklü problemləri hökümətimiz qarşısında qaldıraraq həllinə nail oluruq. Bir çox şəxsi məsələləri isə dostların yardımı ilə həll edirik. Kimi isə əməliyyata göndərmək lazımdırsa, kiminsə təminatında problem varsa, şəxsi hər hansı qayğısı varsa ona biganə qala bilmərik. Tez-tez hansısa problemlərlə bağlı dostlarıma mesaj göndərmək, hansısa problemin həllinə onların yardımını rica etmək lazım olur. Yardımlaşma duyğusu ilə kiminsə qayğıları azalırsa, kiminsə problemi həll olursa bundan gözəl sevinc ola bilməz. Hər kəs gərək cəmiyyətimiz qarşısında sosial məsuliyyətini anlasın. Televiziyalar gərək sistemli xeyriyyə və yardımlaşma duyğusunu təbliğ etsin. Problemleri olduğu kimi qəbul etmək, onların həllinə səmimi yanaşmaq lazımdır.- Nəhayət, Sabirabadla bağlı nə kimi yeni planlarınız, layihələriniz var?- Sabirabadda kəndlərarası yolların hamısı demək olar ki, çəkilib qurtardı. Dövlət büdcəsi hesabına mərkəzi magistral yolu təmir edilir. Mərkəzi xəstəxana təmir edilir. İki kənddə xəstəxana tikintisi başa çatıb. Parklar və yeni binalar tikilir. İçməli su mənbəyinin təməli qoyulub. Yeni tikinti və infrastruktur planları hələ davam etməkdədir...
OXŞAR XƏBƏRLƏR