Ceyhun Osmanlı: 'İlham Əliyev kimi bir lider Azərbaycana hələ uzun illər lazımdır'

Ceyhun Osmanlı:
Bütün Xəbərlər
11:27 24.12.2012
1539

 AZXEBER.COM millət vəkili Ceyhun Osmanlının Gün.Az-a verdiyi müsahibəni təqdim edir. - Bir cümlə ilə keçdiyimiz ili necə dəyərləndirərdiniz? - Mən bu ili Azərbaycanın və azərbaycanlıların istər öz-özünün, istərsə də dünyanın nəzərində irəliyə doğru inqilab etdiyi, “Biz artıq dünyanın ən böyük millətlərindənik” deyə əminliklə düşünməyə başladığı bir il kimi qiymətləndirirəm. - Fikrinizi necə əsaslandırardınız? - Ancaq son 1 ildə Prezidentimizin sayəsində nə qədər dəyişdiyimizin fərqindəyikmi? Biz hər gün daha çox uğur qazanmağa alışırıq. Bəs uğurların bizi nə qədər dəyişdiyinin düşünürükmü? BMT Təhlükəsizlik Şurasında sədrliyə başladıq, “Eurovision” finalını Azərbaycana gətirdik, hər Olimpiya Oyunlarında yerimizi 10 pillə yaxşılaşdırdıq, Ramil Səfərovu Azərbaycana qaytardıq. Sovet dövründən qalan əmanətlər vətəndaşlarımıza qaytarıldı, 2015-ci il Avropa Olimpiadasını Azərbaycana gətirdik, Azərbaycan tarixinin rekord dövlət büdcəsinə imza atdıq, TANAP layihəsini başladıq. 60-a yaxın ölkənin birləşdiyi İslam Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası və Xarici İşlər Nazirləri Şurasında Xocalı soyqırımını tanıtdıq. Regionlarımızı unutmadıq və infrastruktur layihələrindən xəstəxanalara, məktəblərdən uşaq bağçalarına, otellərdən sənaye müəssisələrinə qədər yüzlərlə yeni layihəni tamamladıq. Avropa Şurası Monitorinq Komitəsinin 4 illik yekun hesabatda Ermənistanın işğal faktının təsdiqlənməsinə nail olduq. Bütün dünyaya həqiqətlərimizi tanıtdıq, bizi başqalarının tanıtmaq istədiyi kimi yox, özümüzü olduğumuz kimi tanıtmaq imkanı qazandıq. Borc alan ölkədən, borc verən ölkəyə çevrildik. Bəzi ölkələrdən vaxtilə yardım gözləyərkən, indi o ölkələrdə ən böyük sərmayəçi olduq. Sadaladığım faktlar qədər önəmli başqa bir fakt da vardır ki, bu uğurlar dünya azərbaycanlılarının milli şüuruna daxil olub və “Azərbaycanlı” və “Azərbaycan vətəndaşı” anlayışlarının dünyada əhəmiyyəti olduqca artıb. - Sizcə hər kəs bu həqiqətləri görə bilirmi? - Azərbaycan Respublikasının Prezidenti Azərbaycanla bağlı bir uğura imza atanda bunu bütün azərbaycanlılar üçün edir. Bu uğurdan da hər kəsə pay düşür. Dünyada Azərbaycanın artan əhəmiyyəti və inkişafı o qədər aydın görsənir ki, kimsə Azərbaycanın inkişafına qərəzli yanaşanda, hətta xarici vətəndaşların özləri belə bunu təəccüblə qarşılayır. Kimsə bankdakı əmanətini geri alanda, maaş alanda, hansısa ölkəyə vizasız gedib gələndə, qazandığı uğurlara görə dünyada tanınanda, daşıdığı azərbaycanlı pasportunun verdiyi bütün imkanlardan istifadə edəndə onu iqtidar, müxalifət olaraq ayırmırlar. Ona görə də kimsə həqiqəti ola bilər ki, görmür, amma o həqiqətin verdiyi imkandan istifadə edir... - Gənclər siyasətində son 1 il hansı önəmli məqamlarla yadda qaldı? - Cənab Prezidentimiz İlham Əliyevlə fəal gənclərimizin görüşü keçən il olduğu kimi bu il də davam etdi. Cənab Prezident gənclər təşkilatlarının sərgisinə gəlişi, eyni zamanda səfər etdiyi regionlarda gənclərimizlə görüşü ilə gənclərin hər zaman diqqət mərkəzində olduğunu göstərdi. Bu ilin yanvar ayından 2011-2015-ci il Dövlət Gənclər Proqramı minlərlə gənci sevindirməyə başladı. Azərbaycan Gənclər Fondu fəaliyyətə başladı. Keçən illə nisbətdə bu il Xaricdə təhsil dövlət proqramı ilə təhsil almağa yollananların sayı 2 dəfə artdı. Yeni gənclər mərkəzləri inşa olunmağa başladı, yüzlərlə yeni layihə reallaşdı, lakin bunlar hələ bizi gözləyən daha qlobal layihələrin müjdəçisidir. - Hansı arzular reallaşmamış qaldı? - Bu anda hər bir azərbaycanlının ən böyük arzusu ərazi bütövlüyümüzün bərpa olunmasıdır. Sevindirici haldır ki, Cənab Prezidentin həmləçi xarici siyasəti nəticəsində bütün aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Milli parlamentlər səviyyəsində uğurlu işlər gedir. Meksika, Pakistan Parlamentlərinin, İslam Əməkdaşlıq Təşkilatında 60-a yaxın ölkənin spikerlərinin təmsil olduğu Parlament Assambleyasının Xocalı soyqırımını tanıması, Belçika, Finlandiya, İspaniya, Andorra Parlamentlərində keçirilən Qarabağ dinləmələri buna sübutdur. Uğurlu təbliğatın nəticəsində artıq Azərbaycanın nəyə görə öz torpaqlarını hərbi yolla azad etmək istəməsi sual doğurmur. Zaman hər gün Ermənistanın əleyhinə, Azərbaycanın isə xeyrinə işləyir. Son 20 ildə Azərbaycanda əhali 2 milyon nəfər artıb, Ermənistanda isə 2 milyon nəfər azalıb. Azərbaycan yaxın zamanlarda öz ərazi bütövlüyünü bərpa edəcək, lakin ermənilər dünyaya səpələnmiş əhalisini geri gətirə bilməyəcək və günün birində Ermənistan dövlətinin özü sual altında qalacaq. İnanıram ki, qələbə uzaqda deyil. - Bir il sonra Azərbaycanda prezident seçkiləri keçirilir. Gənclər namizədlər haqqında nə düşünür? - İlham Əliyev hal-hazırda dünyada ən populyar Azərbaycanlıdır. Eyni zamanda İlham Əliyev dünyadakı dövlətçilik və hakimiyyət təcrübəsi ən zəngin olan azərbaycanlıdır. İlham Əliyev həm də dünyanın və Azərbaycanın qlobal çağırışlarını ən yaxşı sinerjisinə nail ola bilən Azərbaycanlıdır. İlham Əliyev kimi bir lider Azərbaycana hələ uzun illər lazımdır. Ona görə də, tək 2013-cü il seçkilərində yox, ondan sonrakı seçkilərdə də mənim üçün ən uğurlu namizəd İlham Əliyevdir və biz Cənab Prezidentin gənc komandası olaraq hər zaman onun yanında olacağıq. Sevimli liderimiz İlham Əliyevin bu gün doğum günüdür. Bu münasibətlə onu ən səmimi arzularla təbrik edirik.

OXŞAR XƏBƏRLƏR