“Əgər Minbaşı kəndinin sakinləri öz iddialarında israrlıdırlarsa, buyursunlar, komissiyaya müraciət etsinlər”Ölkədə son vaxtlar vətəndaşlarla bağlı proseslərin sakit, rahat həlli mümkün olmur. İstər qanunsuz tikililərin sökülməsi, istər sakinlərin qanuni mənzillərindən çıxarılması, istərsə də təbii fəlakətlə üzləşmiş bölgələrin əhalisinin problemlərinin həlli olsun, nədənsə, hər bir işdə ümumi narazılıq baş qaldırır, hardasa yol bağlanır, hansısa dövlət strukturunun binasına yürüş edilir və s. Bu tendensiya həm paytaxtda, həm də bölgələrdə özünü göstərir. Hələlik sonuncu belə hal Sabirabadda baş verib. Onlara ödənməli olan kompensasiyanın hələ də verilməməsindən narazı qalan Sabirabadın Minbaşı kənd sakinləri körpünü bağlayıblar, icra hakimiyyəti binasına yürüş ediblər, hətta polislə qarşıdurma da yaranıb.Burada zəruri bir xatırlatma etməliyik. 2010-cu il daşqınları zamanı Azərbaycanın 8 rayonunda 100 min hektardan çox sahəni və 20 min evi su basıb. Ümumilikdə, 2012-ci ilin martına kimi dövlət tərəfindən daşqının nəticələrinin aradan qaldırılmasına 350 milyon manata yaxın vəsait ayrılıb. Bu il martın 29-da isə Prezidentin sərəncamı ilə əlavə olaraq 50 milyon manat da ayrılıb.Lakin sakinlər onlara çatacaq olan kompensasiyaların mənimsənildiyini iddia edir. Və konkret problem fonunda ümumi narazılıq yaranır. Halbuki təbii fəlakət nəticəsində əhaliyə dəymiş ziyanın aradan qaldırılması üçün dövlət tərəfindən konkret addımlar atılıb. Elə isə bu addımların önünü alan bəs kimlərdir? Qeyd edək ki, hansısa bölgədə konkret məsələ ilə bağlı gərginlik yarananda nəinki aidiyyatlı dövlət strukturlarının nümayəndələrini, heç millət vəkillərini də tapmaq olmur. Belə görüntü yaranır ki, hamı işləyir, hər kəs iş başındadı, amma yenə narazılar, problemi həll olunmamış sakinlər var. Hamı yaxşı işləyirsə, işlər niyə yaxşı getmir?Məsələ ilə bağlı danışan Sabirabad rayonundan millət vəkili Ceyhun Osmanlı konkret olaraq Minbaşı kəndini təmsil etmədiyini bildirsə də, mövcud durumu dəyərləndirdi:“Bu yaxınlarda rayonda fövqəladə hallar nazirinin iştirakı ilə müşavirə keçirildi. Problemlər müzakirə olundu. Məndə olan məlumata görə, yeni komissiya yaradılıb. Komissiyaya 16 struktur daxildir. Hazırda komissiya işləyir, təhqiqat davam edir. Komissiya daxil olan müraciətlər əsasında dəyərləndirmə aparır. Bilirsiniz, bir var, təbii fəlakətdən birbaşa ziyan çəkmiş insanlar, bir də var, təbii fəlakətin nəticələrinin vurduğu ziyanlar. Deyək ki, daşqınlar nəticəsində bəzi həyətlərdə qrunt sularının səviyyəsi qalxıb, evlərə ziyan dəyib. Elə yerlər var ki, orda həmişə qrunt sularının səviyyəsi yüksəkdi. Birbaşa sel daşqınlarına məruz qalmış insanlar üçün evlər tikilib, təmirə ehtiyacı olan evlərin təmiri üçün kompensasiyalar ödənilib. Hər kəs istəyir ki, kompensasiyalardan yararlansın. Amma bəzən şikayətlər bir-birini tamamlamır. Çıxış yolu budur ki, əgər Minbaşı kəndinin sakinləri öz iddialarında israrlıdırlarsa, buyursunlar, komissiyaya müraciət etsinlər, komissiya mövcud vəziyyəti dəyərləndirsin. Komissiya hazırda fəaliyyətdədir. Evlərə baxış keçirirlər, müraciətləri araşdırırlar.- Əgər əhalinin problemi həll olunursa, o zaman etiraz edən kimlərdi və nəyə etiraz edirlər? Yoxsa bu camaat kiminsə göstərişi ilə küçəyə çıxır, körpünü bağlayır…- Mən hər hansı təxribatı istisna edirəm.- Onda, deməli, hansısa struktur yaxşı işləmir…- Mən bütün instansiyalar adından danışa bilmərəm. Konkret Sabirabadla bağlı deyirsinizsə, orada kompensasiyalar ardıcıl şəkildə verilib, problemlərin böyük bir hissəsi aradan qaldırılıb. Təkrar müraciətlər varsa, onlar da aradan qaldırılır. Konkret mənim təmsil olunduğum dairədə də. Mən öz dairəm barədə məlumat verə bilərəm. Minbaşı kəndinin daxil olduğu dairədən millət vəkili, səhv etmirəmsə, ya Rüstəm Xəlilov, ya da Əhliman Əmiraslanovdur.