Xəbər verdiyimiz kimi bu gün bir sıra millət vəkilləri əsgər Ceyhun Qubatovun yas mərasimində iştirak ediblər. AZXEBER.COM-un məlumatına görə, bu barədə millət vəkili Qənirə Paşayeva “Facebook” hesabında yazıb: “Əsgər Ceyhun Qubatovun Xırdalan rayonunda yas mərasimində idik. Millət vəkili dostlardan Sevinc Hüseynova və Aydın Mirzazadə də orda idi. Əsgərin ailə üzvləri və anası Samirə xanımla görüşdük. Onlara başsağlığı verdik. Hadisənin araşdırılmasının dövlətin ciddi nəzarətində olduğunu bildirdik. Samirə xanım söylədi ki, artıq Respublika Prokurorluğunun rəhbərliyi səviyyəsində sabah onları qəbul edəcəklər. Bu gün yas mərasimi olduğundan görüş sabah olacaq. O, dövlətin bu hadisəyə ciddi reaksiya verməsindən, Prezident Administrasiyası səviyyəsində açıqlamalar verilməsindən və baş verən hadisənin ciddi araşdırılması üçün cinayət işinin açılmasından razılıq etdi. Baş verən hadisə ilə bağlı cinayət işinin açılması onu göstərir ki, dövlət bu məsələni ciddi sürətdə araşdırır və qısa zamanda bu barədə cəmiyyətə ətraflı məlumatla veriləcək. Yas mərasimində Müdafiə Nazirliyi, Hərbi Kommisarlığın, Abşeron Rayon İcra hakimiyyətinin nümayəndələri, ziyalılar da qatılmışdı. Allahdan əsgərimizə bir daha rəhmət diləyirik!”