Biləsuvarda sahibsiz itin hücumuna məruz qalaraq xəsarət alan 2005-ci il təvəllüdlü Fərid Ağakişiyev hazırda həkim nəzarətindədir.
AZXEBER.COM xəbər verir ki, bu barədə Mərkəzi Klinik Xəstəxananın uşaq cərrahı Günel Əmiraslanova ans press-ə məlumat verib.
“Xəstə sentyabrın 19-da, gecə saatlarında xəstəxanaya gətirilib. Xəstə cinsiyyət üzvünün subamputasiyası, sağ xayanın travması, yuxarı və aşağı ətrafların çoxsaylı dişlənməsi xəsarətlərilə daxil olub. Əslində yerindən qopan cinsiyyət üzvü 6 saat ərzində yerinə bərpa oluna bilər. Lakin hadisənin üstündən 8 saat keçdiyi üçün problemlər yaranıb”, - deyə Fərid Ağakişiyev bildirib.
Həkimin sözlərinə görə, xəstə gətirilən gün gecə saat 1-də əməliyyat olunub. Əməliyyat saat 5-də bitib. Xayanın bərpası uğurla nəticələnib. Yaralar tam sağalandan sonra, cinsiyyət üzvünün bərpası üçün əməliyyat keçiriləcək.
“Əməliyyatın uğurla nəticələnəcəyi ehtimalı azdır. Uşağın həyatı üçün təhlükə olmasa da, onun gələcəkdə nəsilartırma qabiliyyətində problemlər yarana bilər. Onu 2 böyük və çətin əməliyyat gözləyir. Cinsiyyət üzvü bərpa olunmalıdır. Əməliyyatın tam məbləğini deyə bilmərəm. Amma təxminən 5-6 min manat lazım olacaq”, - deyə Günel Əmiraslanova bildirib.
Xəstənin babası Allahyar Ağakişiyevin verdiyi məlumata görə, hazırda bütün ailə üzvlərilə birlikdə Fəridin sağalması üçün dua edirlər.
“İndiyə qədər 4 min manat pul çıxıb. Bundan sonra da əməliyyat olunmalıdır. Bundan əlavə, Fəridi orada saxlamaq üçün hər gün 150 manat və əlavə müalicə xərcləri tələb olunur. İndi onun sidik kisəsinə boru salınıb. Həkimlər cinsiyyət orqanını yenidən bərpa etməyə çalışacaqlar”, - deyə Allahyar Ağakişiyev vurğulayıb.
Onun sözlərinə görə, bundan sonrakı əməliyyata 3-4 min manat lazım olacaq. Lakin hazırda onların heç bir vəsaiti yoxdur. Yalnız qohumların və bəzi yaxşı insanların köməklərinə ümidləri qalıb.
“İndi tək gümanımız insanların yardımınadır. Əgər Fəridin vəziyyətinə biganə qalmaq istəməyən olsa, imkan dərəcəsində yardım edə bilər”, - deyə Allahyar Ağakişiyev vurğulayıb.
Sonda Allahyar Ağakişiyev göstərdikləri xidmətə görə, həkimlər Günel Əmiraslanovaya və Ramin Məlikova minnətdarlıq edib.
Qeyd edək ki, Fərid Ağakişiyevin sağalması üçün yardım etmək istəyən insanlar olarsa, onun babası Allahyar Ağakişiyevin 055 534 85 48 və qohumları Əbil Ağakişiyevin 0503973148 saylı mobil nömrəsinə zəng vura bilər.