CNN: ABŞ İranla razılaşma mətnini qəsdən qeyri-müəyyən saxlayıb

CNN: ABŞ İranla razılaşma mətnini qəsdən qeyri-müəyyən saxlayıb
DÜNYA
11:26 17.06.2026
238

ABŞ-ın CNN telekanalı Vaşinqton və Tehran arasında əldə olunan razılaşmanın mətninin ABŞ rəsmiləri tərəfindən qəsdən qeyri-müəyyən hazırlandığını iddia edib.


AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, adı açıqlanmayan ABŞ rəsmilərinin sözlərinə görə, sənəd ilk növbədə İran rəhbərliyinin razılaşmanı ölkə ictimaiyyətinə daha rahat təqdim edə bilməsi üçün mümkün qədər ümumi formada tərtib olunub.


Mənbələrdən biri razılaşmanın mətnini "siyasi sənəd” adlandıraraq onun ifadələrinə həddindən artıq məna yüklənməməli olduğunu bildirib.


Məlumata görə, sənəddə sanksiyaların ləğvi, yeni nüvə sazişinin imzalanması və dondurulmuş maliyyə vəsaitlərinin azad olunması nəzərdə tutulsa da, bu addımların konkret vaxtı göstərilməyib və gələcək danışıqların nəticələrindən asılı olacaq.


CNN qeyd edir ki, razılaşma İranın yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatları ilə bağlı konkret öhdəlikləri əhatə etmir. Sənəddə yalnız Tehranın nüvə silahı istehsal etməyəcəyini təsdiqlədiyi vurğulanır.


ABŞ rəsmiləri isə bildiriblər ki, razılaşmada açıq şəkildə qeyd olunmasa da, İranın qeyri-rəsmi kanallar vasitəsilə Vaşinqtonun tələb etdiyi güzəştlərə getməsi və zənginləşdirilmiş nüvə materiallarının məhv edilməsində ABŞ-ın da rol alması nəzərdə tutulur.


Məlumatda həmçinin qeyd olunur ki, İran öhdəliklərini yerinə yetirəcəyi təqdirdə gələcəkdə 300 milyard dollarlıq inkişaf fondundan yararlana bilər.


Rəsmilərin sözlərinə görə, razılaşma imzalandıqdan dərhal sonra İranın neft və neft-kimya məhsullarının ixracına müəyyən imkanlar yaradılması və ABŞ tərəfindən bəzi sanksiya güzəştlərinin tətbiqi də nəzərdə tutulur.


CNN-in məlumatına əsasən, yaxın günlərdə başlanacaq və 60 gün davam edəcək danışıqlar ABŞ-a İranın razılaşma üzrə öhdəliklərinə nə dərəcədə sadiq qalacağını qiymətləndirmək imkanı verəcək.

 

Gülay

OXŞAR XƏBƏRLƏR