Amma “Facebook nədir” deyə sual edənlər də var. Hətta dünyada inqilab da eləməyə macal tapmış bu şəbəkə nə vaxt və kim tərəfindən yaradılıb, yaranan gündən indiyədək hansı mərhələlərdən keçib?
Facebook 2004-cü ilin fevral ayında Harvard Universitetinin (ABŞ) tələbəsi olan Mark Zukerberq tərəfindən yaradılıb. Hazırda bütün dünyanın istifadə etdiyi bu sosial şəbəkə M.Zukerberqin qurduğu ikinci internet saytıdır. Markın yaratdığı ilk sosial şəbəkə Facemash adlanırdı və yalnız Harvard Universitetinin tələbələri üçün nəzərdə tutulmuşdu. Lakin gənc qurucu universitet tələbələri haqda məlumatları icazəsiz yaydığı üçün sayt bağlandı. Bu hadisədən sonra Mark tələbələrin şəkillərini, şəxsi məlumatlarını paylaşa, istədikləri adamları dostluğa qəbul edə biləcəyi yeni bir sosial şəbəkə yaratmaq qərarına gəlir. O, yeni sayt yaratmaq üçün universitet təhsilini bir il müddətinə dondurub və Facebook-un əsasını qoyub.
Facebook sözü “paper facebook” (“kağız üz kitabı”) terminindən götürülüb. ABŞ-dakı tələbələrin və müəllimlərin özlərini tanıtması üçün nəzərdə tutulan sosial şəbəkədir. Facebook yarananda Boston şəhərindəki tələbələr üçün nəzərdə tutulsa da daha sonra çox məşhurlaşdı və ondan başqa ölkələrdə də istifadə mümkün oldu. 2006-cı ildən etibarən e-mail adresi olan hər kəsin Facebook-dan istifadə edə biləcəyinə qərar verilib. Sayt yaradılanda 13 yaşından aşağı uşaqların ondan istifadəsi qadağan olunmuşdu. Facebook müasir dövrün çox maraqlı, perspektivli sosial şəbəkəsi sayılır. Hazırda o, böyüklüyünə görə dünyada ikinci şəbəkədir. Bu ilin yanvar ayı ərzində Facebook-da qeydə alınmış Azərbaycan istifadəçilərinin sayı 12,4 faiz artaraq fevralın 1-nə 312 min 720 nəfərə çatıb. Azərbaycan əhalisinin 3,7 faizi və internet istifadəçilərinin 8,4 faizi Facebook-dan yararlanır. Azərbaycanda bu şəbəkədən istifadə edənlərin 50 faizi 18-24 yaş qrupuna, 26 faizi 25-34 yaş qrupuna, 9 faizi 16-17 yaş qrupuna, 6 faizi 13-15 və 35-44 yaş qruplarına, 2 faizi 45-54 yaş qrupuna, 1 faizi isə 56-64 və 65-dən yuxarı yaş qrupuna aiddir. Ölkəmizdə Facebook-dan istifadə edənlərin 63 faizi kişilərdir.
Hazırda Azərbaycan Facebook istifadəçilərinin sayına görə Latviya (101-ci yer), Qazaxıstan (104-cü yeri), Belarus (107-ci yer), Moldova (115-ci yer), Ermənistan (124-cü yer), Özbəkistan (147-ci yer), Qırğızıstan (158-ci yer), Türkmənistan (183-cü yer) və Tacikistanı (184-cü yer) qabaqlayaraq 94-cü yeri tutur. Rusiya bu siyahıda 3 milyon 664 min istifadəçi ilə 29-cu yerdə qərarlaşıb. Siyahıda lider mövqelərdə ABŞ, İndoneziya, Böyük Britaniya, Türkiyə, Filippin və Fransa qərarlaşıb. Hazırda Facebook istifadəçilərinin ümumi sayı 618 milyon 518 min nəfərə çatıb.
Facebook-un qurucusu və sahibi, 26 yaşlı Mark Zukerberq yaşıl və qırmızı rəngi görə bilmir. O, yalnız mavi rəngin bütün çalarlarını ayırd edə bilir. Maraqlıdır ki, M.Zukerberqin evindəki əşyalar da mavi rəngdədir. Mətbəxdə isə Zukerberq sarı rəngə üstünlük verib.
Bu şəbəkə yenilikləri paylaşmaq üçün ideal vasitə olsa da onun gətirdiyi bəlalar da az deyil. 24 yaşlı ingilis qadın E.Cons keçmiş sevgilisi onun çılpaq şəkillərini Facebook-da yerləşdirdiyi üçün intihar edib. Birləşmiş Ərəb Əmirliklərində çalışan müəllimə intihar etdiyi gün İngiltərədəki ailəsinin yanına getməyə hazırlaşırmış. Amma Facebook-da çılpaq şəkillərinin yayımlandığını öyrənəndə ölüm qərarı verib.
Yunanıstanın Krit adasının Hanya şəhərində 14 yaşlı bir lisey şagirdi Facebook-da “Məktəb müdirinə nifrət edirəm” adlı səhifə açdığı üçün başı bəlaya girib. Məktəbin 100 şagirdi bu səhifəyə qoşulduğundan müdir şagirdi liseydən qovub.
Avstraliyada yaşayan əkiz qardaşlar Angela və Maruanni Vourlis 20 yaşları tamam olan gün Facebook səhifələrinə girərək gələn təbriklərə baxarkən şoka düşüblər. Belə ki, təbrik oxumaq arzusunda olan əkizlər orada 17 yaşlı qardaşları Bobbi və iki dostunun yol qəzasında öldüyünü öyrəniblər. Bu isə Facebook-un polisdən daha operativ işlədiyini üzə çıxarıb.
Amerikada 18 yaşlı Salum Kombo 16 yaşlı dostunun lövhəsinə təhqiramiz ifadə yazdığı üçün qətlə yetirilib. Xəbərə görə, bu söz ucbatından 16 yaşlı dostu Salumu dəfələrlə bıçaqlayıb və yerdə 400 metr sürüyəndən sonra hovuza atıb.