DİN: “Qadına və uşağa qarşı humanistlik göstərən polisi zorakılıqda suçlamaq ədalətsizlikdir”
Bütün Xəbərlər
16:16 20.04.2011
1828
Bunu Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəis müavini Ehsan Zahidovbəzi KİV-də aprelin 17-də qanunsuz aksiyaya cəhd zamanı azyaşlı qızın və anasının polis əməkdaşları tərəfindən saxlanılması barədə yayılan məlumatları şərh edərkən deyib.
Həmin vaxt polis azyaşlı uşaqla olan qadını nəinki inzibati qaydada saxlamağa, heç onların şəxsiyyətlərini də müəyyən etməyə cəhd göstərməyib: “Təkrar edirəm, asayişi və ictimai təhlükəsizliyi qoruyan polis humanistlik göstərərək ana ilə uşağın qayğısına qalmış sırf təhlükəsizlik baxımından hər hansı xətərin toxunmaması naminə onları oradan uzaqlaşdırıb”.
”Aydın məsələdir ki, istənilən vətəndaşın mitinqdə iştirak etməsi mümkündür. Amma valideyn azyaşlı uşağın əlindən tutub onu mitinqə gətirirsə - özü də bilir ki, mitinq qanunsuzdur və qarşıdurma ehtimalı var - bu yolverilməzdir. Ən azından uşağın təhlükəsizliyi və psixoloci sarsıntıya məruz qalmaması baxımından”, - Ehsan Zahidov deyib. DİN rəsmisinin sözlərinə görə, həmin vaxt polis azyaşlı uşağa fikir verməyib, onu həmin ərazidən kənərlaşdırmasaydı, o qızcığazın qanunsuz mitinq iştirakçılarının ayaqları altında qalmayacağına heç kim zəmanət verə bilməzdi: “Əksinə, uşağa bir xəsarət yetirilsəydi, hamı yenə polisi qınayacağdı ki, uşağın anası yaxşı valideyn deyil, bəs polis hara baxırdı, niyə vaxtında onu oradan götürmədi... Görün, insan nə qədər ədalətsiz və qərəzli olmalıdır ki, qadına və uşağa qarşı humanistlik göstərən, onların təhlükəsizliyinin qayğısına qalan polisi zorakırılıqda suçlasın”. //milli.az