Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi inkişafının yeni istiqamətləri müəyyənləşdirilir. Bu istiqamətlər sırasında qeyri-neft sektorunun inkişafı, təbii resurslardan səmərəli istifadə və yeni sənaye sahələrinin formalaşdırılması xüsusi əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər də bu baxımdan mühüm əhəmiyyət kəsb edir.
Dövlət başçısı müşavirədə qeyd edib ki, dağ-mədən və metallurgiya sənayesinin inkişafı ölkə iqtisadiyyatı, xüsusilə də qeyri-neft sektorunun inkişafı üçün böyük perspektivlər vəd edir.
Prezident İlham Əliyev bildirib:
"Ölkə iqtisadiyyatı üçün çox perspektivli sahə olan dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı bu gün bizə təqdim ediləcək. Proqramın hazırlanması üçün mən bir müddət bundan əvvəl – aprelin əvvəlində müvafiq Sərəncam imzalamışam. Bu aylar ərzində proqram üzərində hazırlıq işləri gedirdi.
Bu sahə ölkə iqtisadiyyatı üçün, xüsusilə ölkəmizin qeyri-neft sektorunun inkişafı üçün böyük əhəmiyyət daşıyır, çox perspektivli sahədir. Düzdür, maliyyə tutumlu sahədir, amma eyni zamanda, ölkəmizdə yeni, müasir sənaye istiqaməti yaradılacaqdır. Beş mindən çox daimi iş yerlərinin açılması nəzərdə tutulur. Bütövlükdə bizim təbii resurslarımızın işlənməsi və onlardan səmərəli şəkildə istifadə olunması, eyni zamanda, istehsal zəncirinin tam yaradılması ölkə iqtisadiyyatını gücləndirəcək”.
Dövlət başçısının bu fikirləri Azərbaycanın sənaye siyasətində yeni mərhələnin əsas istiqamətlərindən birini aydın şəkildə ortaya qoyur. Söhbət yalnız mövcud təbii ehtiyatların hasil edilməsindən getmir. Əsas məqsəd bu resursların səmərəli şəkildə işlənməsi, emal olunması və əlavə dəyər yaradan məhsullara çevrilməsidir.
Dağ-mədən və metallurgiya sənayesinin inkişafı qeyri-neft sektorunun şaxələndirilməsi baxımından da mühüm imkanlar yaradır. Yeni istehsal müəssisələrinin yaradılması, müasir texnologiyaların tətbiqi və peşəkar kadrların hazırlanması iqtisadi fəallığın artmasına, yeni iş yerlərinin açılmasına və regionların inkişafına öz töhfəsini verə bilər.
Xüsusilə 5 mindən çox daimi iş yerinin yaradılmasının nəzərdə tutulması bu proqramın sosial-iqtisadi əhəmiyyətini göstərir. Yeni sənaye müəssisələrinin fəaliyyətə başlaması yalnız məşğulluğun artmasına deyil, eyni zamanda, həmin ərazilərdə xidmət və digər əlaqəli sahələrin inkişafına da müsbət təsir göstərə bilər.
Azərbaycanın zəngin təbii resurs potensialı ölkənin iqtisadi inkişafında mühüm üstünlüklərdən biridir. Lakin bu üstünlükdən maksimum faydalanmaq üçün hasilatla yanaşı, emal və istehsal zəncirinin də ölkə daxilində qurulması vacibdir. Məhz bu baxımdan dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı strateji əhəmiyyət daşıyır.
Dövlət Proqramının həyata keçirilməsi Azərbaycanın yeni və müasir sənaye istiqamətlərindən birinin formalaşmasına şərait yarada bilər. Bu isə ölkə iqtisadiyyatının daha da şaxələndirilməsi, qeyri-neft sektorunun gücləndirilməsi və təbii sərvətlərdən daha səmərəli istifadə baxımından mühüm addımdır.
İnanırıq ki, qarşıdakı illərdə dağ-mədən və metallurgiya sənayesinin inkişafı Azərbaycanın iqtisadi potensialının daha da gücləndirilməsinə, yeni istehsal imkanlarının yaradılmasına və ölkənin sənaye xəritəsinin genişlənməsinə mühüm töhfə verəcəkdir.
Ələddin Qurbanov
Göygöl rayon Ağsaqqallar Şurasının sədri











































