Tədbirdə çıxışı zamanı YAP-ın icra katibi Əli Əhmədov partiya sıralarına daxil olan yeni üzvlərin doğru seçim etdiklərini bildirib və qeyd edib ki, Yeni Azərbaycan Partiyası Azərbaycanın həyatında mühüm rol oynayıb. O, ümummilli liderin Azərbaycanda hakimiyyətə gəlməzdən əvvəlki dönəmə diqqət çəkərək qeyd edib ki, həmin illərdə insanların rifah halı ağır idi və ölkədə xaos hökm sürürdü.
"Məhz ümummilli liderin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlməsindən sonra ölkəmiz inkişaf yoluna qədəm qoyub", - icra katibi bildirib.
Əhmədov qeyd edib ki, bu gün Azərbaycan müxalifətinin radikal qanadı Azərbaycan gənclərini müxtəlif üsullarla yoldan çıxararaq ölkəni yenidən xaosa sürükləmək istəyir.
"Lakin Azərbaycan gəncliyi Azərbaycan üçün ən doğru yolu seçərək YAP sıralarına daxil olur. Bu günlərdə Yeni Azərbaycan Partiyasının Nərimanov rayon təşkilatına 200-dən artıq gənc partiya sıralarına daxil olmaq üçün müraciət edib", - o vurğulayıb.
Əhmədovun çıxışından sonra partiyaya daxil olan yeni üzvlərə üzvlük vəsiqələri təqdim olunub.