“Daily Times” qəzetində İlham Əliyevin fəaliyyətinə həsr olunmuş məqalə dərc edilib
Bütün Xəbərlər
13:20 24.12.2011
2022
Pakistanın nüfuzlu ingilisdilli qəzeti olan “Daily Times”ın dekabrın 23-də işıq üzü görmüş buraxılışında “İlham Əliyev: Məqsədimiz qara qızılı insan qızılına çevirməkdir” adlı məqalə dərc edilib. AZXEBER.COM-un AzərTAc-a istinadən verdiyi xəbərə görə, məqalənin müəllifi - tanınmış jurnalist, qəzetin İslamabad ofisinin rəhbəri Dure Nəcəf Zaididir. Məqalədə İlham Əliyevin dinamik və praqmatik dövlət rəhbəri olduğu, müasir siyasət və iqtisadiyyatı yaxından bildiyi qeyd edilib. Jurnalist İlham Əliyevin Moskva Dövlət Universitetində təhsil aldığı, sonralar orada çalışdığını və bir neçə Avropa dilində sərbəst danışdığını xüsusilə qeyd edib. D.Zaidi Prezident İlham Əliyevin siyasi karyerasından danışaraq, onun 1995-ci ildə Milli Məclisin deputatı seçildiyini və Avropa Şurasında Azərbaycan nümayəndə heyətinə başçılıq etdiyini qeyd edib. “Daily Times”ın jurnalisti qeyd edir ki, 1994-ci ildə Xəzərin neft ehtiyatlarının istismarına dair imzalanan “Əsrin müqaviləsi” ölkənin intibah dövrünün başlanğıc nöqtəsi olub. Yazıda İlham Əliyevin 2003-ci ildə 76%-dən çox, 2008-ci ildə 87% səs çoxluğu ilə Azərbaycan Prezidenti seçildiyi vurğulanıb. Müəllif Azərbaycanın qısa bir zamanda əldə etdiyi iqtisadi uğurlardan, enerji strategiyasından, inşa edilmiş neft və qaz kəmərlərindən, tikilməkdə olan Bakı-Tbilisi-Qars dəmir yolu dəhlizi barədə geniş danışaraq, Azərbaycanın Türkiyəyə, Gürcüstana, Moldovaya, Yaxın Şərqə, Şərqi Avropaya investisiyaları haqqında ətraflı məlumatlar verib. Dure N. Zaidi neft gəlirlərinin Dövlət Neft Fondunda cəmləşdiyini və qeyri-neft sektorunun inkişafına yönəldildiyini qeyd edərək, Prezident İlham Əliyevin informasiya texnologiyaları, kənd təsərrüfatı və turizmin inkişafına da böyük önəm verdiyini oxucuların diqqətinə çatdırıb. Məqalədə mədəniyyətin inkişafı yolunda aparılan işlər barədə məlumat verilir, muğamın təbliği və ölkəmizin “Eurovision”da birinci yerə çıxması xüsusi vurğulanır. İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti vəzifəsini tutduğunu qeyd edən pakistanlı jurnalist, Pekin Olimpiya və Paralimpiya Oyunlarında Azərbaycanın əldə etdiyi nəticələrdən, bu il ölkəmizdə keçiriləcək U-17 qadınlar arasında futbol üzrə dünya çempionatından söz açıb. Prezident İlham Əliyevin Bakı Beynəlxalq Humanitar Forumundakı çıxışından sitat gətirən Dure N. Zaidi ölkə Prezidentinin sosial proqramlara yönəltdiyi diqqətdən, pensiya islahatlarından, açılmış yeni iş yerlərindən yazıb, təhsilə ayrılan qayğıdan söz açaraq, yüzlərlə istedadlı tələbənin hökumətin hesabına Avropa və ABŞ-ın ən qabaqcıl universitetlərində təhsil almağa göndərildiyini vurğulayıb. “Daily Times”ın jurnalisti İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda apardığı genişmiqyaslı işlərdən yazaraq, Azərbaycan Ordusunun Cənubi Qafqazda ən qüdrətli ordulardan biri olduğunu bildirib. Lakin bununla yanaşı vurğulanır ki, ölkə rəhbəri humanist prinsipləri əldə tutaraq, bu məsələni sülh yolu ilə həll etmək əzmindədir. Yazıda bu il Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsini ölkə Prezidentinin apardığı xarici siyasətinin nəticəsi kimi qiymətləndirilib. Məqalədə Prezident İlham Əliyevin islami dəyərlərinin inkişafı yolunda apardığı işlərdən söz açılaraq, yüzlərlə inşa edilmiş məscidlərin, bərpa olunmuş ziyarətgahların buna əyani sübut olduğu bildirilir. O, “British Populis” şirkətinin apardığı sorğunun nəticələrini oxucuların nəzərinə çatdıraraq, həmin sorğuya görə, respondentlərin 95 faizinin Prezidentə inandığını, 96 faizinin isə onun fəaliyyətindən razı qaldığını vurğulayıb. Jurnalist məqalədə Pakistan-Azərbaycan münasibətlərinə toxunaraq, hər iki ölkənin, müvafiq olaraq, Kəşmir və Ermənistan-Azərbaycan, Dağlığ Qarabağ məsələlərində verdiyi qarşılıqlı dəstəkdən, habelə beynəlxalq arenada ölkələrimizin əməkdaşlığından yazıb. Məqalədə, Pakistanın çətin günlərində Azərbaycanın daim onun yanında olduğu qeyd edilir, 2005, 2010 və 2011-ci illərdə təbii fəlakətlər zamanı Prezident İlham Əliyevin etdiyi humanitar yardımlarla bağlı məlumat verilir. Jurnalist Heydər Əliyev Fondunun fəaliyyəti haqqında oxucuları məlumatlandıraraq, Fondun Azərbaycanın ümummilli lideri Heydər Əliyevin ölkənin tərəqqisi ideyalarını həyata keçirtmək məqsədi ilə yaradıldığını qeyd edir.