Dünya Azərbaycanlıları Konqresinin Ağsaqqallar Şurası və Qadınlar Şurası Milli Qəhrəman Mübariz İbrahimovun doğum günü münasibəti ilə ailəsini ziyarət etdi
Dünya Azərbaycanlıları Konqresinin Mətbuat Xidmətinin Rəhbəri Peyman Sadıqov AZXEBER.COM-a açıqlamasında bildirib ki, Mübariz İbrahimov əsl qəhrəman ömrü yaşadı.
Fevral ayının 7-si Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür. 22 yaşında şəhidlik zirvəsinə ucalan Mübariz İbrahimov 2010-cu il iyunun 19-da cəbhənin Tərtər istiqamətindəki hünəri ilə vətənimizin şərəf səlnaməsinə yeni bir səhifə yazıb.
1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndindən başlayıb 2010-cu il iyunun 19-da cəbhənin Tərtər rayonu ərazisində bitən yol Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun ömür yoludur. Bu yol vətən torpaqlarımızın müdafiəsi, dövlətçiliyimizin qorunması və ərazi bütövlüyümüzün bərpası uğrunda əsl vətənpərvərlik, hünər yoludur.
DAK Ağsaqqallar Şurasının sədri Babaxan Muradov Şəhidin ailəsinə böyük ehtiram və məhəbbətini bildirərək onun etdiyi qəhrəmanlığı bütün dünya türklərinə misilsiz örnək və nümunə olduğunu vurğulamışdır: “ Qəhrəman Mübariz Ağakərim oğlunun Azərbaycana, vətənimizə sonsuz məhəbbəti və sevgisi gənclər arasında minlərlə qəhrəmanların yetişməsinə təkan verəcəkdir. Onun etdiyi şücaət və cəngavərlik hərəkətinə yüksək milli qiymət verilmiş və vətən yolunda hamımızın canından keçməyimizə hazır olmağımız xüsusi qeyd edilmişdir.”
DAK Qadınlar Şurasının sədri Dünyaxanım Əliyeva qəhrəmanımızla bütün Türk Dünyasının fəxr etdiyini Şəhidin atası Ağakərim İbrahimova çatdırmışdır. Şəhidin artıq bütün Türk xalqlarının ümumi qəhrəmanları – Koroğlu, Babək, Koblandı Batır, Manas və digərlərinin yolunu davam etdiyini və vətən yolunda əsl Qəhrəman kimi canını fəda etdiyini qeyd etmişdir və onun aliləsinə başsağlığı yox, başucalığı diləmişdir. Şəhidin atası Ağakərim İbrahimov gələn ziyarətçilərə öz minnətdarlığını bildirərək oğlunu vətən yolunda fəda verdiyini, onunla ailəsi və bütün nəslinin fəxr etdiyini demişdir.
Əcdadlarımızın miras qoyduğu qəhrəmanlığı, mübarizliyi Mübariz İbrahimov şərəflə davam etdirdi. «Qorxaq min dəfə ölər igid bir dəfə» söyləyən bahadırlarımızın savaş ruhunu yenidən canlandırdı. «Şəhid qanına boyanan torpaq qəhrəmanlar yetirər» deyib müdriklərimiz. Bu vətən torpağı xalqımızın qəhrəmanlıq ənənəsini yaşadacaq hələ çox övladlar yetirəcək. «Vətən sənə canım!» fəda söyləyən oğullarımız həm də Mübarizin qəhrəmanlığından güc alacaq.