'Dalğa'dan qondarma Dağlıq Qarabağ respublikasına böyük zərbə

GƏNCLİK
23:23 21.11.2012
2078

Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən ən böyük proqramlardan olan və bütün Avropa gənclərini əhatə edən “Youth in Action” (gənclər hərəkətda) proqramı çərçivəsində bu ay İsveçrədə tədbir keçirilib.

AZXEBER.COM xəbər verir ki, “Davamlı inkişaf” mövzusunda keçirilən tədbirdə Azərbaycanı Dalğa Gənclər Hərəkatının sədr müavini Həmidə Qiyasbəyli təmsil edib. Tədbirdə Dağlıq Qarabağ ermənilərinin iştirak etməsinə münasibət bildirən Həmidə Qiyasbəyli bunları söylədi: “Proqram çərçivəsində Dağlıq Qarabaqdan 1, Ermənistan Respublikasından isə 2 gənc iştirak edirdi. Mən təəssüf edirəm ki, Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatları bu kimi proqramlara maraq göstərmir. Bütün günü çayxanalarda və forumlarda qəhramanlıq şousu göstərən ura patriotlar bu kimi tədbirlərdə iştirak edib Azərbaycanın mövqeyini sivil şəkildə müdafiə etmədikləri üçün Azərbaycanın maraqları kifayət qədər qorunmur. Mən öz üzərimə düşən məsuliyyəti dərk edirdim və proqramın növbəti tədbirlərdən birinin Azərbaycanda keçirilməsini, Azərbaycanın Dağlıq Qarabağ İcmasının da həmin tədbirdə iştirak etməsini təklif etdim. Uzun sürən müzakirələrdən sonra Dağlaq Qarabağın müstəqil tərəfdaş kimi tanınmasına son verildi. Buna şiddətlə qarşı çıxan və irqçi şüarlar səsləndirən Ermənistan Respublikasının təmsilçiləri ilə də proqram rəhbərləri arasında mübahisə yarandığından Ermənistandan gələn nümayəndələr proqramdan xaric edildi”.

Qeyd edək ki, Həmidə Qiyasbəyli həm də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması istiqamətində həyata keçirilən bir çox layihələrdə yer alır. Həmidə xanım təəssüflə bildirdi ki, birlik və həmrəyliyi, o cümlədən hüquq və elmi özünə dəyər seçən bir proqramda Ermənistan tərəfinin irqçi bəyanatlarla çıxış etməsi heç də xoşagələn hal deyil: “Sülhün bərqərar olunması üçün hüquqa və Avropanın da qəbul etdiyi sərhədlərə hörmətlə yanaşılmalıdır. Nə qədər ki, istər Azərbaycandan, istər Ermənistandan hüquqa zidd aktlar həyata keçiriləcək və irqçilik qabardılacaq, biz Avropa ailəsində öz yerimizi tapa bilməyəcəyik”.

Sonda bildirək ki, “Youth in Action” proqramı çərçivəsində yaxın zamanlarda Bakıda tədbirin keçirilməsi və Dalğa Gənclər Hərəkatının tədbirin təşkilatçısı olması qərara alınıb.

OXŞAR XƏBƏRLƏR