‘Davos Forumu Azərbaycanın beynəlxalq imicini kifayət qədər yaxşılaşdırdı’

‘Davos Forumu Azərbaycanın beynəlxalq imicini kifayət qədər yaxşılaşdırdı’
Bütün Xəbərlər
12:02 11.04.2013
1467

Razi Nurullayev: “Digər tərəfdən Azərbaycanın beynəlxalq imici kifayət qədər yaxşılaşdırılır”.

Asim Mollazadə: “Bu Azərbaycanın çox güclü iqtisadiyyata sahib olduğunu və ölkəmizin rəqabətə davamlı olmasını göstərir”.

"Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı Strateji Dialoq" mövzusunda I Dünya İqtisadi Forumunun (Davos Forumu)Bakıda keçirilməsi ilə bağlı müxtəlif fikirlər ortaya çıxmağa başlayıb. Mövzu ilə bağlı AZXEBER.COM-a danışan AXCP sədrinin müavini Razi Nurullayev bu forumun Bakıda keçirilməsini müsbət qiymətləndirdiyini söyləyib:

“Dünya İqtisadi Forumu, ümümiyyətlə, ölkənin investisiya, sərmayə imkanlarının güclü olmasından xəbər verir. Bu forumda dünyanın böyük şirkətləri iştirak edir və yerli təşkilatların onlarla görüşləri təşkil edilir. Bunun müqabilində böyük investisiyalar yatırılması mümkün olur. Elə bu iqtisadi forum çərçivəsində “Baku Steel Company” Almaniyanın "SMS Simag" şirkəti ilə 1.1 milyard avroluq müqavilə imzalayıb. Eyni zamanda Azərbaycan bu forumda özünün iqtisadi potensialını da nümayiş etdirə bilir. Məhz buradan gələcəkdə böyük sərmayə yatırımlarının reallaşdırılması, iqtisadi imkanların genişləndirilməsinin təməli qoyulur. Digər tərəfdən Azərbaycanın beynəlxalq imici kifayət qədər yaxşılaşdırılır. İqtisadi Forum dövründə dünya mətbuatında Azərbaycan haqqında məqalələr yayımlanır və beləcə məlumatlar dünya ictimaiyyətinə çatdırılır. Daha bir məqam Azərbaycan həqiqətlərinin çatdırılmasıdır. Dağlıq Qarabağla bağlı müxtəlif bukletlər iştirakçılara paylanır, hansı ki bu iştirakçılar dünyanın qərarverici institutlarının, nəhəng şirkətlərinin rəhbərləridir, onlarda bu və ya digər şəkildə fikirlər formalaşır”.

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə də bu forumun Bakıda keçirilməsinin böyük hadisə olduğunu söyləyib:

“Azərbaycanda belə bir forumun keçirilməyi, ölkəmizin tanıdılması baxımından çox böyük rol oynayır. Bu Azərbaycanın çox güclü iqtisadiyyata sahib olduğunu və ölkəmizin rəqabətə davamlı olmasını göstərir. Hər bir beynəlxalq tədbir ölkəmiz üçün siyasi, iqtisadi, mədəni cəhətdən böyük üstünlükdür”.

Ceyhun

OXŞAR XƏBƏRLƏR