Daxili İşlər Nazirliyi mətbuat xidmətinin məlumatına görə, iyulun 31-də ilin birinci yarısında cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib.
Hesabat məruzəsi ilə çıxış edən nazir müavini, polis general-leytenantı Vilayət Eyvazov deyib ki, daxili işlər və prokurorluq orqanları üzrə qeydə alınmış cinayətlərin sayı 2012-ci ilin 6 ayı ilə müqayisədə 11,4 faiz azalaraq 10 048-ə enib: “Onların strukturunda şəxsiyyət əleyhinə olanlar 48,3 faiz, soyğunçuluqlar 24,8 faiz, habelə mütəşəkkil dəstələrin törətdiyi cinayətlər 2,9 dəfə, əvvəllər cinayət törətmiş şəxslərin təkrar cinayətləri 16,7 faiz, qrup halında cinayətlər 13,5 faiz, odlu silahın tətbiqi ilə törədilənlər 5,4 faiz, məişət zəminində baş vermiş cinayətlər 2,1 dəfə azalıb.
Əməliyyat-axtarış tədbirləri və cinayət-prosessual fəaliyyətlə 1136-sı ağır və xüsusilə ağır olmaqla 10 955, o cümlədən prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 157, əməliyyat planlarının vaxtında tətbiqi nəticəsində isti izlərlə 432, elmi-texniki vasitələrlə 1604 cinayət açılıb. Bu işdə vətəndaşların da böyük rolu olub, onlar 2614 cinayətin açılmasında yaxından köməklik göstəriblər.
Ötən ilin 6 ayı ilə müqayisədə cinayətlərin açılması yaxşılaşaraq 87,4 faiz təşkil edib, açılmış cinayətlərin sayı 14,4 faiz və ya 1379 fakt çox olub. Cinayətkar qrup və dəstələrin fəaliyyətinin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərlə 1039 nəfərdən ibarət 361 cinayətkar qrup və 10 mütəşəkkil dəstə zərərsizləşdirilib, onların törətdiyi 1130, o cümlədən 320 ağır və xüsusilə ağır cinayət açılıb”.