"Prezident İlham Əliyevin rəhbərliyi ilə milli-mənəvi dəyərlərə, xüsusən də azad edilmiş torpaqlarımızda məscidlərin bərpasına daim yüksək diqqət göstərilib”.
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Xalq artisti, xanəndə Mənsum İbrahimov deyib.
O bildirib ki, təhsil ocaqlarında idman və ya açıq-saçıq üslublara məhdudiyyət qoyulması ümumi nizam-intizam qaydasıdır:
"Təhsil ocaqlarında idman və ya açıq-saçıq üslublara məhdudiyyət qoyulması ümumi nizam-intizam qaydasıdır. Bununla belə, hər bir təsisatın daxili qaydaları tətbiq edilərkən vətəndaşların konstitusion hüquqları və qanunvericilik əsas götürülməlidir. Cəmiyyətin dayanıqlığı həm dindar, həm də qeyri-dindar vətəndaşların seçimlərinə, inanclarına və dünyagörüşünə qarşılıqlı hörmətdən keçir. İnanc və ibadəti özünə həyat tərzi seçmiş insanların hisslərini aşağılamaq cəmiyyətdə yalnız lüzumsuz gərginliyə yol açır”.
Xalq artisti qeyd edib ki, dövlətimizin möhkəmliyi və birliyimiz hər birimiz üçün ən ali dəyər olaraq qalmalıdır:
"Eyni zamanda unutmaq olmaz ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə milli-mənəvi dəyərlərə, xüsusən də azad edilmiş torpaqlarımızda məscidlərin bərpasına daim yüksək diqqət göstərilib. Tarixinin ən şanlı dövrünü yaşayan, torpaqlarını həmrəylik və şəhidlərin qanı bahasına azad edən Azərbaycan bu gün qlobal təhdidlərlə dolu həssas bir dünyada yer alır. Belə bir məqamda daxili sabitliyə zərər vurmaq heç bir tərəfə fayda gətirməz. Ən kəskin fikir ayrılıqları belə sağlam dialoq, təmkin və qarşılıqlı hörmət çərçivəsində həll olunmalıdır. Dövlətimizin möhkəmliyi və birliyimiz hər birimiz üçün ən ali dəyər olaraq qalmalıdır”.
Şahanə Ziyad











































