“Dəbdəbəli həyatı ilə gündəm olan “influenserlər” insanları qıcıqlandırır” – Tədbir görülməlidir

“Dəbdəbəli həyatı ilə gündəm olan “influenserlər” insanları qıcıqlandırır” – Tədbir görülməlidir
SOSİAL
14:19 08.09.2026
121

Sosial mediada "Vanlı Kara Haydar” ləqəbi ilə tanınan Mehmet Fatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrə araşdırma başlanılıb. 

Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsində Türkiyə millətini, Türkiyə Cümhuriyyətini, dövlətin qurum və orqanlarını aşağılama ilə bağlı Türkiyə Cinayət Məcəlləsinin 301-ci maddəsi əsasında istintaq başladılıb.

Araşdırmaya Tançalanın toy mərasimindən sosial şəbəkələrdə yayılan və mərasim zamanı çoxlu miqdarda qızıl və digər əmlakın nümayiş etdirildiyi görüntülər də daxil edilib. 

Qeyd edək ki, toy mərasimində bloqerlər Arifə Məmmədova ("baylarsoylar”) və Fidan Zeyn də iştirak edib.

Ümumiyyətlə, bloqer və influenserlərin sosial şəbəkələrdə nümayiş etdirdikləri dəbdəbəli həyat tərzi cəmiyyətdə zaman-zaman müxtəlif suallar doğurur. Xüsusilə onların gəlirlərinin mənbəyi, reklam fəaliyyətindən əldə etdikləri qazanc və nümayiş etdirdikləri bahalı həyatın bu gəlirlərlə nə dərəcədə uyğun olduğu müzakirə mövzusuna çevrilir. 

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan Mətbuat Şurasının Sosial Media İstifadəçiləri ilə Əlaqələr Komissiyasının sədri Hacıbəy Heydərli bildirib ki, bloqer və influenserlərin qazanc mənbələri hazırda dünyada geniş müzakirə olunan məsələlərdəndir: 

"Düşünürəm ki, bloqer və influenserlərin qazanc mənbəyi bütün dünyada ən çox müzakirə olunan mövzulardandır. Çünki onlar daha çox dəbdəbəli həyatları ilə gündəmə gəlirlər və reklam qarşılığında qazandıqları pullar var. Lakin bu pulların qarşılığında nümayiş etdirdikləri həyat tərzi heç də hər zaman həmin gəlirlərlə uyğun gəlmir. 

Türkiyədə bununla bağlı uzun illərdir araşdırmalar aparılır. Pulların yuyulması və qeyri-qanuni əldə edilməsi ilə bağlı bir çox influenserin həbs edilməsi və saxlanılması halları olub. Son günlərdə baş verən hadisə də qardaş Türkiyədə ciddi narahatlıq doğurub. 

Çünki həmin toyda yayılan görüntülərdə milyonlarla dollarlıq qızılların gəlinə hədiyyə olunması ciddi suallar ortaya çıxarmışdı. Bundan sonra həmin şəxsin saxlanılması da gündəmə gəldi”.


H.Heydərli qeyd edib ki, Azərbaycanda da bloqer və influenserlərin həyat tərzi cəmiyyətin diqqətindədir:

"Ümumiyyətlə, Azərbaycanda da bu kimi hallar və bloqer, influenserlərin həyat tərzi cəmiyyət tərəfindən hər zaman böyük maraq doğurur. Müəyyən suallar var ki, bu şəxslər bəyan etdikləri reklam gəlirləri hesabına bu qədər dəbdəbəli həyatı necə yaşayırlar? Düşünürəm ki, bundan sonrakı mərhələdə dövlət qurumları tərəfindən ciddi mexanizmlər işə salınmalıdır. Bloqer və influenserlərin cəmiyyətə açıq şəkildə verdikləri məlumatlar, cəmiyyəti aldatmaları, eyni zamanda dəbdəbəli həyatları ilə cəmiyyətə pis nümunə olmaları araşdırılmalıdır. 

Onların gəlirləri şəffaf şəkildə vergi orqanlarına bildirilməlidir”. 

H.Heydərli vurğulayıb ki, bloqer və influenserlər ictimai şəxslər kimi fəaliyyətlərinin məsuliyyətini də nəzərə almalıdırlar:

"Bütövlükdə bloqer və influenser olan şəxslər anlamalıdırlar ki, onlar ictimai şəxslərdir və atdıqları hər addım cəmiyyətdə sual doğura bilər. Vətəndaşlar tərəfindən verilən haqlı suallara mütləq cavab verilməlidir. Özlərini daha təmkinli aparmalıdırlar. İnsanları öz bahalı həyatları ilə qıcıqlandırmamalıdırlar. Bu, onların gələcəkdə qarşılaşa biləcəkləri böyük problemlərin xəbərçisi ola bilər”.

Fəridə Əsədzadə

OXŞAR XƏBƏRLƏR