‘Dəfələrlə qızlar dəm qazından boğulublar içəridə’ - FOTOLAR

‘Dəfələrlə qızlar dəm qazından boğulublar içəridə’ -  FOTOLAR
Bütün Xəbərlər
09:54 24.04.2013
1789

Məcburi köçkünlərin ali məktəblərin tələbə yataqxanalarından çıxarılması prosesi davam edir. Bundan sonra tələbə şəhərciklərində vəziyyətin necə olduğunu öyrənmək, gələcəyimizin qurucusu olan tələbələrlə söhbətləşmək, onların həyat tərzi, gündəlik problemləri ilə maraqlanmaq qərarına gəldik.

Yolumuz BDU-nun 3 saylı qızlar yataqxasınadır. Tələbə şəhərciyi məcburi köçkünlərin böyük köçündən sonra dağıdılmış yurd yerini xatırladır. Binada ara-sıra yüklərini ora-bura dartan qaçqınlar gözə dəysə də, ümumi bir sakitlik hökm sürür. Mühafizəçinin köməkliyi və bələdçiliyi ilə yataqxananın dağınıq foyesində tələbələrin qaldığı otaqların axtarışına çıxırıq. Diqqətimizi sınıq bir qapının yanında asılan lövhə cəlb edir; yaxınlaşıb lövhədə yazılan şikayət xarakterli yazıları oxuduqdan sonra qapılardan birini döyüb dağınıq, səliqəsiz və kitablarla zəngin olan bir otağa daxil oluruq. Otaqda 4 çarpayı olsa da 2 tələbə qız var. Onların biri yatmağa hazırlaşır, digəri də nə isə yeyirdi. Çağırılmamış qonağı görcək hər ikisi ayağa qalxırlar. Özümü təqdim etdikdən sonra söhbətə başlayırıq. Bu qızlardan biri BDU-nun filologiya fakültəsinin 4 cü kurs tələbəsi Leyla, digəri isə magistr Nigar... Şəkillərini çəkməyə icazə verməyən bu qızlara ilk sualımız qapıdan asdıqları lövhə ilə bağlı olur. Nigar sualıma yarıciddi, yarızarafat belə cavab verir: “O yazını mən yazıb asmışam. Gəlib güzgümüzü aparıblar. Səhər durub dərsə gedəndə saçımızı daramağa güzgü tapmadıq (gülürlər). Mən dörd ildən artıqdır burda yaşayıram. Bu illər ərzində belə hadisələr tez-tez olur. Şəraitimizi də özünüz görürsünüz də. Hələ mətbəximiz haqda demirəm. Yaxşı olar ki, özünüz mətbəximizə baxıb şəklini çəkəsiniz. Ancaq çarəmiz yoxdur, biz burda yaşamağa məhkumuq. Düzü, yataqxana həyatı çox maraqlıdır. Burda birgə ac qaldığımız gündə olub, ancaq bütün bunlara rəğmən maraqlı, yaddaqalan günlərimiz çox olub.”

Söhbətimizin bu yerində gözlərim divardan asılmış qurudulmuş güllərə sataşır. Leyla baxışlarımı sezmişcəsinə gülə-gülə deyir: “8 martda bir-birimizə almışdıq bu gülləri. Axşama qədər gözlədik, gördük bizə gül alan yoxdur. Ona görə də əlacımız kəsildi, özümüz bir-birimizə gül aldıq. Elə o vaxtdan da bu gülləri divara asıb saxlayırıq”. “Heç olurmu ki, dalaşıb bir-birinizdən küsəsiz” sualına Leyla belə cavab verir: “Hərdən olur ki, aramızda inciklik yaranır, ancaq o da tez bir zamanda ötüb keçir. Biz çox yaxınıq. Bütün sirlərimizi bir-birimizlə paylaşırıq. Hərdən görəndə ki, Nigar başqa bir qızla çox mehriban danışır, bax, o zaman çox pis oluram, Nigardan inciyirəm. Başa düşə bilmirəm, bu qısqanclıqdır, yoxsa xainlik”.

Qızlar danışdıqca gözlərim divarda yazılan kiçicik bir sevgi şeirinə sataşır: “Son şarkını çal kemancı, gəlməyəcək o yelancı”...

“Bu şeiri Nigar yazmışdı. Ümumiyyətlə onun belə bir xüsusiyyəti var. Gah şeir yazır, gah da hekayə. Qəribə qızdı, xarakteri də qəribədir. Hərdən görürsən filosofsayaq tək qalıb düşünmək istəyir, amma mən təkliyi sevmirəm, heç vaxt tək qala bilmərəm”- Leyla deyir...

Tələbələri ən çox narahat edən məsələ işsizliklə bağlıdır. Ona görə də Azərbaycanda qalmaq istəmirlər. Hər hansısa Avropa ölkəsində yaşamağı Azərbaycanda yaşamaqdan üstün tuturlar. Yenə də Leyla danışır, Nigar isə gözlərini ölü bir nöqtəyə zilləyib nə haqdasa düşünür. Görünür, yenə öz dünyasına çəkilib...

“Bizi ən çox narahat edən işsizlikdir. Universiteti bitirdikdən sonra nə edəcəyimizi bilmirik. Düzdür, mən müəllimə işləmək istərdim, ancaq fikirləşəndə ki, müəllimə 150-200 manata bütün ömrünü, bütün enerjisini xərcləyir, o zaman bu fikrimdən də daşınıram. Adını şərəfli peşə qoyublar, ancaq... Ona görə də gedib Avropada yaşamaq istərdim. Düzdür, vətən şirin olur, biz torpağa bağlı xalqıq, ancaq işsizlik, kasıbçılıq insanların vətən sevgisini də arxa plana atır”. Bunu da Leyla söyləyir... Növbəti müsahibim isə BDU-nun 3-cü kurs tələbəsi Turanə İbrahimli oldu. O dedi ki, əvvəllər kirayə qalırmış: “Bir neçə ay olar bura köçmüşəm. Düzdür, burda şərait yaxşı deyil, amma çox maraqlıdır. Tələbəçiliyin əsl ləzzətini burada çıxarırıq. Boş vaxtlarımızda qızlarla maraqlı oyunlar təşkil edib özümüz üçün oynayırıq. Axşamlar bir yerə yığışıb domino oynayırıq və yaxud da mahnı qoyub düşürük ortaya. O ki var oynayırıq (gülür). Əvvəllər məcburi köçkünlər burda olanda səs-küy çox olurdu. Normal kitab oxumağa imkan vermirdilər. Ancaq indi çox şükürlər ki, məcburi köçkünlər çıxıb, yataqxana bizim ixtiyarımızdadır”...

Tələbə qızlar deyir ki, evdən onlara ayda təxminən 150-200 manat pul göndərirlər: “Amma özəl günlərdə bu məbləğ arta da bilir. Məsələn, özümə paltar alanda və hər hansısa özəl bir hadisə olanda daha çox göndərirlər. Ancaq bilmirəm o pul hara gedir. Belə baxanda 150-200 manat heç böyük məbləğ deyil. Qızların xərci daha çox olur. İstərdim ki, özüm işləyib pul qazanım. Ancaq iş tapmaq problemdir. Hərdən universiteti bitirəndən sonra nə edəcəyimi bilmirəm. Çünki ali təhsillilərin böyük əksəriyyəti işsizdir. Hara gedirsən pul istəyirlər. Universiteti yenicə qurtarmış tələbənin pulu var ki, rüşvət də verib işə düzəlsin? Mən indi burda, yataqxanada qala bilirəm. Universiteti qurtarandan sonra isə burda qala bilməyəcəm. Kirayədə qalıb özümü dolandırmağım üçün isə gərək mən ayda 1000 manat maaş alam. O da Azərbaycanda mümkün deyil”.

Yemək məsələsinə gəlincə isə Turanə və onun otaq yoldaşları da əvvəlki tələbələr kimi daha çox yüngül yeməklərə üstünlük verdiklərini söylədilər: “Daha çox bişirdiyimiz yeməklər kartof qızartması, pomidor çığırtması olur. Ümumiyyətlə, yemək bişirməkdən, ev təmizləməkdən o qədər də xoşum gəlmir. Bir də ki buranı təmizləmək olar? O mətbəxə isə heç girmək istəmirəm, yaman gündədir”.

Tələbələri daha çox narahat edən məsələ hamamla bağlı oldu: “Hamamımızda vəziyyət təhlükəlidir, dəm qazı yaranır hamamda. Dəfələrlə qızlar dəm qazından boğulublar içəridə. Hətta neçə dəfə təcili yardıma müraciət etmişik, ancaq baxan yoxdur. Bizdə belədir də, bir hadisə baş verəndən sonra əl-ayağa düşürlər. Orda kimsə boğulub ölməyincə bir tədbir görməyəcəklər”.

Bütün çətinliklərə baxmayaraq, köçkünlərin köçündən sonra daha da dağıdılmış yataqxanaya sığınan bu qızların gələcəklə bağlı böyük arzu və istəkləri var. Biz də qızlara təhsillərində və həyatda uğurlar diləyərək söhbətimizi bitiririk.

Yeni Müsavat

OXŞAR XƏBƏRLƏR