Bakı-Şamaxı-Yevlax yolunun 13-cü kilometrində, Sulutəpə qəsəbəsi ərazisində ağır yol qəzası baş verib. Belə ki, ötmə əməliyyatını yerinə yetirən “Peugeot” markalı avtomobilin sürücüsü Yaqublu Nigar Tofiq qızı əks-istiqamətdə hərəkət edən “KamAZ” markalı yük maşını ilə toqquşub. Zərbə güclü olduğundan yük maşını aşıb, minik maşını isə yararsız hala düşüb. Hadisə nəticəsində minik avtomobilinin sərnişini 66 yaşlı Acalov Aydın Tofiq oğlu dünyasını dəyişib, sürücü isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Şahidlərin sözlərinə görə qəza qəfildən baş verib.
Artıq qəzanın törədilməsi ilə bağlı ilkin versiya da var. BDYPİ-nin müstəntiqi Rafiq Həsənov minik avtomobilinin qəfildən yük maşınının qarşısına çıxdığının güman edildiyini deyib: “İlkin nəticəyə görə, “Peugeot” markalı avtomobil əks tərəflə hərəkət edən “KamAZ”ın qarşısına çıxıb və toqquşma baş verib. Hazırda istintaq aparılır və günahkar sürücü müəyyənləşdirilərək barəsində tədbirlər görüləcək”.
Qəzanın dəqiq səbəbləri aparılacaq araşdırmalardan sonra məlum olacaq. Artıq faktla bağlı cinayət işi başlanılıb.