Salyanda baş verən dəhşətli yol qəzasında bir ailənin 2 üzvü-ata və oğul dünyasını dəyişib, digər 3 üzvü isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) istintaq və təhqiqat idarəsindən verilən məlumata görə, yol qəzası sentyabrın 16-da saat 14.00 radələrində Ələt-Astara magistral yolunun 65-ci kilometrliyində, Salyan rayonunun Quyçu kəndi ərazisində qeydə alınıb.
Yevlax rayon sakini Hətəm Əsgərovun idarə etdiyi “Jiquli” markalı minik avtomobili ilə Bakı istiqamətində hərəkətdə olan “QAZel” markalı yük maşını toqquşub. Hadisə nəticəsində “Jiquli”nin sürücüsü hadisə yerində keçinib. Onun maşında olan ailə üzvləri-həyat yoldaşı 27 yaşlı Rəsmiyyə Həsrət qızı Əsədova, övladları 11 yaşlı Həsrət, 6 yaşlı Esmira və 4 yaşlı Ceyhun Əsədovlar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Uşaqlardan biri - Ceyhun Əsədov xəstəxanaya aparılarkən yolda keçinib. Digər xəstələrə isə həkimlər tərəfindən ilk tibbi yardım göstərilib.
Faktla bağlı BDYPİ-nin istintaq və təhqiqat idarəsində cinayət işi açılıb, araşdırma aparılır.