Dəniz sahilini zibilləyən kimlərdir? – Məsuliyyət kimdədir?

Dəniz sahilini zibilləyən kimlərdir? – Məsuliyyət kimdədir?
SOSİAL
17:51 17.07.2026
179
Yay mövsümünün qızğın keçməsi ilə dəniz sahillərinə üz tutan insanların sayı xeyli artsa da, bəzi vətəndaşların məsuliyyətsiz davranışı ekoloji problemlərə səbəb olur. İstirahətdən sonra plastik qablar, butulkalar, qida qalıqları və digər tullantıların sahildə qalaqlanması dənizkənarı ərazilərin çirklənməsinə, ətraf mühitə və canlı aləmə ciddi zərər vurur. Sahillərin zibillənməsi təkcə estetik görünüşü pozmur, həm də dəniz ekosisteminə mənfi təsir göstərir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov AZXEBER.COM-a açıqlamasında deyib ki, çimərlikləri zibilləyən şəxslərə müəyyən cərimələr tətbiq olunur:

"Ümumiyyətlə, bütün ictimai yerlərdə, o cümlədən çimərliklərdə bununla bağlı müəyyən qaydalar mövcuddur. Məsələn, bulvar ərazisində və ümumilikdə şəhərlərdə ictimaiyyətin istifadəsi üçün xüsusi yerlər ayrılıb. Əgər həmin ərazilərdə zibil qutuları varsa və vətəndaş zibili ora atmayaraq ətraf mühiti çirkləndirirsə, bu hal İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir və buna görə inzibati cərimə nəzərdə tutulur. Belə hallarda Daxili İşlər Nazirliyinin əməkdaşı, yəni polis əməkdaşı qayda pozuntusunu qeydə alaraq vətəndaş barəsində inzibati protokol tərtib etmək və onu cərimələmək səlahiyyətinə malikdir. Çimərliklərdə də eyni qaydalar tətbiq olunur. Burada vətəndaşın əsas arqumenti odur ki, zibili atmaq üçün zibil qutusu yoxdur. Lakin vətəndaşın da məsuliyyəti ondan ibarətdir ki, əgər əraziyə hansısa nəqliyyat vasitəsi ilə gəlibsə, tullantını özü ilə aparmalı və ərazidən çıxarkən onu müvafiq zibil qutusuna və ya konteynerə atmalıdır”.

O qeyd edib ki, çimərlik ərazilərini təmizləmək yerli icra hakimiyyəti orqanlarının məsuliyyətinə daxildir:

"Çimərliklər çox geniş əraziləri əhatə edir, sahilboyu uzanır. Hər 300 metrdən bir polis əməkdaşı yerləşdirmək mümkün olmadığından və nəzarət tam təmin edilmədiyindən təəssüf ki, xüsusilə yay mövsümündə çimərliklərdə xeyli tullantı toplanır. Sonradan həmin ərazilərin təmizlənməsi isə yerli icra hakimiyyəti orqanlarının məsuliyyətinə daxildir. Məsələn, söhbət Novxanı ərazisindən gedirsə və həmin ərazi Abşeron rayonuna aiddirsə, Abşeron Rayon İcra Hakimiyyətinin Novxanı üzrə nümayəndəliyi vəziyyəti qiymətləndirməli və bu barədə icra hakimiyyətinə məlumat verməlidir ki, xüsusi texnika və zibil daşıyan maşınlar cəlb olunaraq ərazi təmizlənsin. Lakin bəzən bu texnikanın daim başqa işlərdə məşğul olması, yanacaq və digər maliyyə xərclərinin tələb olunması səbəbindən təmizləmə işləri vaxtında həyata keçirilmir. Nəticədə tullantılar ərazidə qalır”.

Sədr bildirib ki, bəzən könüllü şəkildə insanlar da çimərlik ərazilərini təmizləyir:

"Belə hallarda vətəndaş cəmiyyətləri, gənclər və könüllülər təşəbbüs göstərərək çimərliklərdə təmizlik aksiyaları keçirir və ərazini tullantılardan təmizləyirlər. Bu da ictimai fayda daşıyan xeyriyyə xarakterli təşəbbüslərdən biridir. Lakin bununla da bütün ərazisini təmizləmək mümkün olmur. 

Bundan başqa, tullantıların atıldığı ərazi yaşayış məntəqəsinə yaxındırsa və orada antisanitar vəziyyət yaranıbsa, yerli sakinlərin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qaynar xəttinə müraciət etmək hüququ var. Onlar məlumat verə bilərlər ki, həmin ərazidə xoşagəlməz qoxu və antisanitar vəziyyət yaranıb. Bu zaman Nazirliyin regional idarələrinin müfəttişləri əraziyə baxış keçirə, vəziyyəti qiymətləndirə və nəticəsindən asılı olaraq yerli icra hakimiyyətinə müraciət göndərə bilərlər ki, ərazi təmizlənsin. Əgər hər hansı müəssisə ətraf mühitin çirklənməsinə səbəb olursa, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizliyi Xidmətinin müfəttişləri həmin müəssisəni cərimələyə bilərlər.  Müəssisə tullantıları qanunvericiliyin tələblərinə uyğun şəkildə daşımalı və müvafiq yerlərə təhvil verməlidir”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR