Ermənistan Parlamentinin sədri Alen Simonyan Parlamentlərarası İttifaqın 152-ci sessiyasında iştirak etmək üçün aprelin 15-dən 19-dək İstanbula səfər edəcək. Bu barədə Simonyan jurnalistlərə açıqlamasında bildirib. Qeyd olunub ki, onun İstanbulda Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşü planlaşdırılır.
Milli Məclisin deputatı Hikmət Babaoğlu AZXEBER.COM-a açıqlamasında deyib ki, bu cür görüşlər olduqca vacibdir:
"Parlamentlərarası ittifaqın keçirdiyi görüşlər dövlətlərarası münasibətlərdə parlamentlərin rolunun artırılmasına və parlament diplomatiyasının dərinləşməsinə xidmət edir.
Bu gün qloballaşan dünyada parlamentlərin və ümumilikdə qanunverici orqanların rolu daha da artmaqdadır. Çünki inzibati-siyasi sərhədlərdən kənarda vahid bir məkan formalaşır. Bu isə həmin münasibətlərin tənzimlənməsi üçün ortaq qanunvericilik aktlarının qəbulunu daha da aktuallaşdırır.
Ona görə də bu cür görüşlər olduqca vacibdir”.
Deputat vurğulayıb ki, belə görüşlər sülh prosesində parlament diplomatiyasının növbəti mərhələsi kimi qiymətləndirilməlidir:
"Ermənistan parlamentinin sədri Alen Simonyanın Türkiyə və Azərbaycan parlamentlərinin sədrləri ilə görüşü sülh prosesində parlament diplomatiyasının növbəti mərhələsi kimi qiymətləndirilməlidir. Çünki nəticə etibarilə, biz ortaq coğrafiyanı paylaşırıq və region ölkələri olaraq inteqrasiya və sülh istiqamətində birgə səylər göstəririk. Sözügedən görüş mühüm əhəmiyyət kəsb edir və parlament səviyyəsində sülhün möhkəmlənməsinə xidmət edən növbəti addım kimi dəyərləndirilə bilər”.
Şahanə Ziyad










































