Son illər Azərbaycanda "Halloween” bayramının keçirilməsinə marağın artdığı müşahidə olunur. Xüsusilə yeniyetmə və gənclər arasında populyarlaşan bu bayram müxtəlif əyləncə tədbirləri, xüsusi geyimlər və maskaradlarla qeyd edilir.
Bu il də Bakıda "Halloween” münasibətilə təşkil olunan tədbirlər və küçələrdə müşahidə edilən izdiham diqqət çəkib.
Çoxsaylı insanların bu bayramda iştirakı cəmiyyətdə xarici ənənələrin ölkəmizdə yayılması və onların milli-mənəvi dəyərlərimizə təsiri ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Bəs bu kimi xarici bayramların Azərbaycanda geniş şəkildə qeyd edilməsi nə dərəcədə doğrudur? Bu ənənənin yayılmasında hər hansı mənəvi və ya milli dəyərlər baxımından problem varmı?
Mövzu ilə bağlı AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, öz milli bayramlarımızı bu cür qeyd etməyən insanlar hazırda bizə xas olmayan bayramları kütləvi şəkildə qeyd edirlər:

"Yəqin ki, son iki gündə Bakıda müşahidə olunan mənzərə hər kəsi düşündürür və eyni zamanda narahat etməlidir. İnsanların bu cür bayramlara bu qədər meyl göstərməsi çox düşündürücü və narahatedici haldır. Təbii ki, bu, milli-mənəvi dəyərlərimizlə də ziddiyyət təşkil edir. Hesab edirəm ki, biz milli-mənəvi dəyərlərimizi qorumalı, onlara sahib çıxmalıyıq. Bu, əslində, çox ciddi problemdir və bu barədə dərindən düşünməliyik. Gələcəyimiz olan gəncləri necə qoruya biləcəyimiz, onların milli-mənəvi dəyərlərimizə bağlılığını necə təmin edəcəyimiz barədə düşünməliyik. Çünki görürük ki, milli-mənəvi dəyərlərimiz müəyyən mənada arxa plana keçir, eyni zamanda başqa mədəniyyətlərin adət-ənənələri cəmiyyətimizdə getdikcə daha çox yer almağa başlayır”.
Deputat hesab edir ki, bu məsələlərə son dərəcə həssas və diqqətlə yanaşmalıyıq:
"Cəmiyyətimizi narahat etməli olan bu məsələ sıradan bir hadisə deyil, çox ciddi və önəmli problemdir. Biz öz dəyərlərimizi, adət-ənənələrimizi daha çox təbliğ etməli, onların gənc nəsil tərəfindən mənimsənilməsi üçün çalışmalıyıq. Daha çox səy göstərməliyik ki, gəncliyimizi, gələcəyimizi qoruyaq və milli-mənəvi dəyərlərimizin yaşadılmasını təmin edək”.
Aynur Babazadə











































