Azərbaycanda əmək hüquqlarının qorunması və əmək münasibətlərinin rəsmiləşdirilməsi məsələsi aktual müzakirə mövzularından biridir. İşçilərin əmək müqaviləsi olmadan çalışması, əməkhaqqının rəsmi sənədlərdə faktiki məbləğdən aşağı göstərilməsi yalnız onların cari sosial təminatına deyil, gələcək pensiya hüquqlarına da təsir edir. Bu baxımdan əmək münasibətlərində şəffaflığın təmin olunması və işçilərin hüquqlarının daha effektiv qorunması istiqamətində hansı addımların atılacağı diqqət çəkir.
Azərbaycanda işçilərin əmək hüquqlarının tam olaraq qorunması ilə bağlı hansı islahatlar keçirilməlidir? İş yerlərində məşğul əhalimizin tam olaraq rəsmi əmək müqaviləsi ilə çalışması, ödənilən əmək müqavilələrində əmək haqqı məbləğlərinin tam göstərilməsi tam təmin olunurmu?
Mövzu ilə bağlı AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, əmək qanunvericiliyi ilə bağlı çoxsaylı qanunlar var və bu normalara əməl olunması tələb olunur:
"Bu istiqamətdə fəaliyyət göstərən xüsusi müfəttişlik də var. Amma burada əsas problem yalnız əmək müqaviləsi ilə yekunlaşmır. Xüsusilə mövsümi və gündəlik işçilərin fəaliyyəti ilə bağlı ortaya çıxan problemlər var. Bu məsələləri müqavilə ilə tənzimləmək xeyli praktik çətinliklər yaradır və iş adamlarının özləri üçün də əmək müqavilələri müəyyən dərəcədə problemlərə səbəb ola bilir. Bəzən keyfiyyətsiz işçini hansısa formada işdən azad etməklə bağlı da müəyyən çətinliklər olur. Şikayətlər imkan vermir ki, hansısa sahədə işi irəli aparıb təkmilləşdirə bilsinlər.
Təbii ki, əmək hüquqlarının pozulması faktları da kifayət qədərdir. Bütün bunlar, açığı, çox ciddi məsələlərdir və onların ətrafında müəyyən dərəcədə düşünülməlidir. Çox böyük problemlər var və bunlar əmək müqaviləsinə əməl edilməsi ilə təkcə yekunlaşmır. İdeal şəkildə əmək müqaviləsinə əməl edilsə belə, sahibkarların ciddi problemləri ortaya çıxır və onlar da bunu əsaslandırılmış şəkildə çatdırırlar ki, böyük sıxıntı içində olurlar”.
Deputat vurğulayıb ki, bu məsələlər çox ciddi təhlil olunmalıdır ki, hər hansı bir şəkildə vətəndaşların əmək hüquqları pozulmasın, amma eyni zamanda əmək hüquqlarını bəhanə edib hansısa özəl sektorun zəifləməsinə də gətirib çıxarmasın:
"Dövlət sektorunda bu, bir qədər bəllidir və daha rahatdır. Çünki tələb olunan standartlar elədir ki, əmək müqaviləsi olmadan hansısa fəaliyyət göstərmək mümkün deyil. Amma digər sektorlarda, özəl sektorda bu, ciddi problemlər yaradır və bəzən də bundan bəhanə kimi istifadə edib hansısa sahibkarlıq subyektlərini zəiflətmək cəhdləri ortaya çıxır. Ona görə də biz elə bir şəkildə tənzimləmə təmin etməliyik ki, hər iki istiqamətdə vətəndaşlara və sahibkarlara zərər dəyməsin”.
Aynur Babazadə











































