Dünya təcrübəsində insanların əmək fəaliyyəti dövründə müxtəlif ölkələrdə yaşaması və işləməsi onların pensiya hüquqlarının qorunması baxımından mühüm məsələlərdən biridir. Bir çox ölkələrdə vətəndaşların xaricdə qazandıqları əmək stajının və pensiya hüquqlarının nəzərə alınması üçün xüsusi mexanizmlər tətbiq olunur. Bu yanaşma həm uzun müddət xaricdə yaşayan, həm də həyatının müəyyən dövrlərini müxtəlif ölkələrdə keçirən şəxslərin pensiya təminatını əhatə edir.
Bəs xaricdə yaşayan azərbaycanlıların pensiyası necə hesablanır? Eyni zamanda, həm Azərbaycanda, həm də başqa ölkədə işləyən vətəndaş pensiyaya çıxarkən hansı qaydalarla üzləşir?
Mövzu ilə bağlı AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, ümumiyyətlə pensiya kapitalından istifadə ölkələrarası ikitərəfli razılaşmalar əsasında tənzimlənir:

"Əgər Azərbaycan vətəndaşı Azərbaycanda yaşayıbsa, daha sonra digər ölkəyə köçübsə və həmin ölkədə yaşayıb işləyərək pensiya kapitalı formalaşdırıbsa, bu halda Azərbaycanla həmin ölkə arasında ratifikasiya olunmuş qanun və ya anlaşma varsa, həmin anlaşmaya uyğun olaraq hər iki pensiya kapitalından istifadə etmək mümkündür. Lakin Rusiya ilə Azərbaycan arasında bu cür razılaşma hələ ki ratifikasiya olunmayıb. Ratifikasiya olunduqdan sonra pensiya kapitallarından istifadə edilməsi mümkün olacaq.
Bu hallarda vətəndaş və ya artıq başqa ölkəyə köçmüş, əvvəllər Azərbaycan vətəndaşı olmuş şəxs, yaxud digər ölkədən Azərbaycana gəlmiş Azərbaycan vətəndaşlığını qəbul etmiş şəxs o halda hər iki ölkənin pensiya kapitalından istifadə edə bilir ki, ölkələr arasında bununla bağlı anlaşma olsun. Həmin anlaşmaya uyğun olaraq da pensiya kapitalının hesablanması və pensiya məbləğinin müəyyənləşdirilməsi həyata keçirilir. Bu zaman pensiya məbləği müəyyənləşdirilən zaman hər iki ölkədə toplanmış pensiya kapitalı nəzərə alınmaqla pensiya məbləği müəyyənləşdirilir”.
Aynur Babazadə











































