İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib.
Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlının ana dilində təhsil almaq imkanlarının təmin olunmasını istəyib.
55 qeyri-hökumət təşkilatının rəhbərinin imzaladığı açıq məktub İranın Bakıdakı səfirliyinə təqdim edilib. Müraciətdə Azərbaycan dilinin qorunmasının, bu dildə təhsil imkanlarının yaradılmasının və azərbaycanlı uşaqların ana dilində oxuyub-yazmağı öyrənməsinin vacibliyi vurğulanıb.
"Gəncliyin Sosial-İqtisadi İnkişafına Yardım” İctimai Birliyinin sədri Əfsələddin Ağalarov AZXEBER.COM-a açıqlamasında bildirib ki, İranda yaşayan azərbaycanlıların ana dilində təhsil alması artıq təxirəsalınmaz məsələyə çevrilib:
"Bu gün bir qrup QHT təmsilçisi kimi İran İslam Respublikasının Bakıdakı səfirliyinə 55 QHT sədrinin imzaladığı məktubu təqdim etdik. Bilinməlidir ki, ana dili yalnız ünsiyyət vasitəsi deyil. Ana dili xalqın tarixi yaddaşı, milli kimliyi, mənəvi dünyası, mədəni irsi və gələcək nəsillərlə əlaqəsidir. Bir xalqın öz dilində təhsil alması onun fundamental hüquqlarından biri olmaqla yanaşı, həmin xalqın elmi, intellektual və mədəni inkişafının da əsas şərtlərindəndir.
Bu baxımdan, İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq imkanlarının yaradılması artıq təxirəsalınmaz məsələyə çevrilib. Azərbaycanlı uşaqların öz ana dillərində oxuyub-yazmağı öyrənməsi, Azərbaycan dilində dərsliklərdən istifadə etməsi, milli ədəbiyyatını, tarixini və mədəniyyətini dərindən mənimsəməsi gələcək nəsillərin formalaşması baxımından olduqca vacibdir".

Əfsələddin Ağalarov ana dilində təhsil məsələsinə siyasi qarşıdurma deyil, insan hüquqları kontekstində yanaşılmalı olduğunu vurğulayıb:
"Bizim mövqeyimiz ondan ibarətdir ki, ana dilində təhsil məsələsinə hər hansı siyasi qarşıdurma və ya ayrı-seçkilik prizmasından deyil, insan hüquqları, milli-mədəni hüquqlar, sosial ədalət və cəmiyyətin harmonik inkişafı kontekstində yanaşılmalıdır. İran İslam Respublikası Konstitusiyasının 15-ci maddəsində də bu məsələ öz əksini tapıb. Cənub qonşumuz anlamalıdır ki, müxtəlif xalqların dillərinə, mədəniyyətlərinə və kimliklərinə hörmət göstərilməsi dövlətin gücünü zəiflətmir, əksinə, ictimai həmrəyliyi və qarşılıqlı etimadı möhkəmləndirir. İran çoxmillətli və çoxmədəniyyətli ölkədir. Bu ölkənin zənginliyini şərtləndirən əsas amillərdən biri də müxtəlif xalqların tarixi, dili və mədəni irsidir. Azərbaycanlıların ana dilində təhsil hüququnun təmin edilməsi də məhz bu zənginliyin qorunmasına, mədəni müxtəlifliyin inkişafına və cəmiyyətdə bərabər imkanların yaradılmasına xidmət edəcək".
Əfsələddin Ağalarov İran Prezidentinin məsələnin həlli istiqamətində siyasi iradə nümayiş etdirməsinin vacibliyini qeyd edib:
"Xüsusilə qeyd etmək istəyirəm ki, İran Prezidenti Məsud Pezeşkianın bu məsələyə şəxsi diqqət ayırması və onun həlli istiqamətində siyasi iradə nümayiş etdirməsi böyük əhəmiyyət daşıyır. Prezidentə ünvanladığımız müraciətdə ondan azərbaycanlıların öz ana dillərində təhsil almaları üçün qətiyyətli və əməli addımların atılmasına şəxsən təşəbbüs göstərməsini xahiş etmişik. Biz gözləyirik ki, bu müraciət sadəcə məktub səviyyəsində qalmayacaq, müvafiq dövlət qurumları tərəfindən ciddi şəkildə nəzərdən keçiriləcək və konkret qərarların qəbul edilməsinə təkan verəcək. Azərbaycan dilinin təhsil sistemində layiqli yer alması, ana dilində tədrisin hüquqi və praktiki mexanizmlərinin yaradılması istiqamətində real fəaliyyətə başlanılması vacibdir".
QHT.az platformasının rəhbəri Cəsarət Hüseynzadə AZXEBER.COM-a açıqlamasında bildirib ki, İranda yaşayan azərbaycanlıların sayını və cəmiyyətdəki mövqeyini nəzərə alaraq onların ana dilində təhsil hüququ təmin edilməlidir:
"Məktubda Prezident Pezeşkianın Azərbaycan dilinə sevgisi və Azərbaycan xalqına müsbət münasibəti, eləcə də ötən günlərdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə, Şuşa və Xankəndiyə səfəri xüsusi vurğulanıb. Bu məqamları nəzərə alaraq, Prezident Pezeşkianın İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququnun təmin edilməsi istiqamətində təşəbbüs göstərməsini xahiş etmişik.
Bildiyiniz kimi, bu gün 55 qeyri-hökumət təşkilatının təmsilçiləri olaraq həmin məktubu İranın Azərbaycandakı səfirliyinə təqdim etdik. İmzalanmış açıq məktub səfirliyin diqqətinə çatdırıldı. Məktubda İran dövlət başçısından ölkədə yaşayan milyonlarla azərbaycanlının ana dilində təhsil almaq hüququnun təmin edilməsi istiqamətində müvafiq təşəbbüslər göstərməsi xahiş olunur. Ümumiyyətlə, beynəlxalq hüquqda, BMT-nin və digər beynəlxalq təşkilatların qəbul etdiyi müxtəlif konvensiyalarda hər kəsin ana dilində təhsil almaq hüququ prioritet məsələlərdən biri kimi müəyyənləşdirilib. Bu hüquq bir çox dövlətlərdə milli azlıqların hüquqlarının təmin edilməsinin əsas şərtlərindən hesab olunur".

Cəsarət Hüseynzadə qeyd edib ki, İranda yaşayan azərbaycanlılar ölkə əhalisinin təxminən 40 faizini təşkil edir və onların ana dilində təhsil almaq hüququ təmin olunmalıdır:
"Lakin nəzərə almalıyıq ki, İran İslam Respublikasında yaşayan azərbaycanlılar heç də azlıq təşkil etmirlər. Onlar İran əhalisinin təxminən 40 faizini təşkil edir. Orta hesabla 90-91 milyon əhalisi olan İranın təxminən 40 milyonu azərbaycanlılardan ibarətdir. Belə bir xalqın, sözsüz ki, İran İslam Respublikasında ana dilində təhsil almaq hüququ təmin edilməlidir. Ana dili təkcə insanlar arasında ünsiyyət vasitəsi deyil, həm də milli adət-ənənələrin qorunması, təhsil almaq və gələcək qurmaq baxımından mühüm əhəmiyyət daşıyır.
Ana dilində təhsil, eyni zamanda, azərbaycanlı uşaqların gələcəkdə yaşadıqları dövlətin mədəni, ictimai-siyasi həyatında daha yaxından iştirak etməsini şərtləndirən əsas amillərdəndir. Hesab edirik ki, QHT-lərin qaldırdığı bu məsələ ilə bağlı müvafiq səfirlik tərəfindən cavab veriləcək".
Fəridə Əsədzadə











































