Son günlər Türkiyənin sosial media seqmentində Azərbaycan Prezidenti İlham Əliyevin adından həqiqətə uyğun olmayan fikirlərin yayılması diqqət çəkir.
Dövlət başçısının səsləndirmədiyi fikirlərin ona aid edilməsi və rəsmi mövqe kimi təqdim olunması iki ölkə arasındakı münasibətlərə mümkün təsirləri ilə bağlı narahatlıq doğurur.
Azərbaycan Media və Yayım Şurası da məsələ ilə bağlı açıqlama yayaraq bu cür məlumatların dezinformasiya xarakteri daşıdığını bildirib.
Bu cür məlumatların yayılması Azərbaycan-Türkiyə münasibətlərinə mümkün təsiri baxımından da müzakirələrə səbəb olub.
Milli Məclisin deputatı Hikmət Babaoğlu AZXEBER.COM-a açıqlamasında bildirib ki, bəzi radikal dini qruplaşmalar və siyasi təşkilatlar Türkiyə-Azərbaycan münasibətlərini korlamağa çalışırlar:
"Türkiyənin sosial media seqmentində baş verənlər heç bir hüquqi və mənəvi çərçivəyə sığmır. Azərbaycan Prezidenti adından həqiqəti əks etdirməyən məlumatların yayılması həm hüquqi məsuliyyət yaradır, həm də mənəvi baxımdan Türkiyə-Azərbaycan münasibətlərinə yaraşmır.
Məsələ ondadır ki, kimlərsə israrla Türkiyə-Azərbaycan münasibətlərini korlamağa çalışırlar. Hazırda rəsmi müstəvidə münasibətlərin əvvəlki mənzərəsinə qayıtdığı bir vaxtda görünür ki, müxtəlif radikal, marginal dini qruplaşmalar və siyasi təşkilatlar qarşılarına münasibətlərin yaxşılaşmasına mane olmaq məqsədi qoyublar”.

Deputat belə halların qarşısının alınmasının vacibliyini vurğulayıb:
"Ona görə də hesab edirəm ki, buna son qoymağın vaxtı çatıb. Türkiyənin sosial media seqmentində bu cür halların qarşısını almaq üçün müxtəlif tədbirlər həyata keçirilməlidir.
Nəticə etibarilə, bu cür informasiyalar və mövqelər ortaq gücümüz, gələcəyimiz və milli maraqlarımız baxımından nə Türkiyəyə, nə də Azərbaycana uyğundur”.
Fəridə Əsədzadə











































