Xəbər verdiyimiz kimi, deputat Fazil Mustafa “Bu Şəhərdə”nin aktyorları Rafael və Coşğunun “Azercell”in ən son reklamında qadın paltarı geyinmələrini sərt tənqid etmişdi. Bunun ardından Rafael və Coşqunun prodüseri Müşfiq Abbasov mətbuat vasitəsi ilə millət vəkilinə cavab vermişdi.
AZXEBER.COM-un məlumatına görə, Fazil Mustafa “facebook” səhifəsində ən son olaylarla bağlı Bakı şəhəri İcra Hakimiyyətinin Başçısı Hacıbala Abutalıbova məktub göndərdiyini yazıb. O icra başçısından Rafael və Coşqunun reklamlarının şəhərdən yığışdırılmasını xahiş edib.
AZXEBER.COM portal həmin məktubu təqdim edir.
Sabah Bakı şəhəri İcra Hakimiyyətinni Başçısı Hacıbala Abutalıbova məktub göndərirəm. Məktubun məzmunu ilə sosial şəbəkədə olan insanlarımızın tanış olmasını məqsədəuyğyn hesab edirəm. Bakı şəhəri İcra Hakimiyyətinin Başçısı Prof. Hacıbala Abutalıbov cənablarına “Hörmətli Hacıbala müəllim!
Son vaxtlar Bakı şəhərinin əksər ictimai yerlərindəki reklam lövhələrində “Azərsell ” Şirkətinin fəaliyyətini təbliğ edən reklam çarxından götürülmüş müxtəlif afişalar yerləşdirilmişdir. Bu afişalarda yer alan şəkillər Azərbaycan cəmiyyətinin müxtəlif təbəqələri arasında ciddi müzakirə mövzusuna çevrilmişdir. Belə ki, konkret bir reklama aid afişalarda qadın geyimi geymiş bəzi kişi cinsinə mənsub aktyorların gülümsəyərək şirkətin təbliğatını həyata keçirməsi cəmiyyətimizin mənəvi mühitinin korlanmasına rəvac vermişdir. İnsanlar bir tərəfdə Olimpiya çempionlarının reklam çarxları ilə qürur duyur, digər tərəfdən isə qadın paltarı geymiş kişilərə baxıb xəcalət hissi keçirirlər. Onsuz da şəhərimizdəki nəqliyyat tıxaclarından təngə gəlmiş vətəndaşlarımızın üstəlik bu cür bədnam reklam afişalarından da psixoloji sarsıntılar yaşamasına yol vermək olmaz. Bakıya gələn xarici qonaqların da Azərbaycan kişilərinin qadın geyimində şəkillərini görüb ölkəmiz haqqında başqa cür düşünə biləcəklərini də diqqətə alaraq, cəmiyyətimizə hörmətsizlik gətirən bu afişaların dərhal yığışdırılması üçün tərəfinizdən tədbirlər görüləcəyinə ümid edirəm. Hörmətlə: Fazil Mustafa Azərbaycan Respublikasının Milli Məclisinin deputatı 10 dekabr 2012-ci il”